Paralel Dünyalar - Параллельные миры - Upside Down

Uzun zaman öncə iki planet bir-birinə yaxınlaşır. Hal-hazırda hər ikisində də insan yaşayır və hər iki planetin öz cazibə qüvvəsi var. Əşya və ya canlı hansı planetə məxsusdursa, onun cazibə qüvvəsinə tabedir. 

Yuxarı və aşağı planet qruplaşdırması var. Yuxarı planet maddi cəhətdən varlıqlıdır, sülh və əmin-əmanlıq hökm sürür. Aşağı planetdə isə səfalət. Səfalətin səbəbi isə yuxarı planetin aşağı planetin təbii resurslarını istismar etməsidir. Yuxarının aşağıya satdığı məhsulların qiyməti isə aşağı planetlilərin üstlənə bilməyəcəkləri dərəcədə çox yüksəkdir. Planetlərarası hərəkət çox ciddi idarə olunur. İki qravitasiya, ikili həyat standartları. 

Mərkəzdə iki nəfər var: qız zəngin ailədən və yuxarı planetdəndir. Oğlan isə aşağı planetdən. Onlar bir-birilərini uşaqlıqdan tanıyırlar və sevirlər. Ən əsası isə bütün ayrılıqlara son qoyacaq, arılar tərəfindən hər iki planetdən birgə əldə edilən arı tozu var. Bu əsl möcüzədir. Qəhrəmanımız bu tozdan istifadə edərək möcuzəvi məhsul hazırlayır. Bu məhsul onun yuxarı dünyaya olan biletidir. Bu bileti əldə etməyinin yeganə səbəbi isə onun sevgisidir. 

İzləyici filmin qaydalarını başa düşsə, ondan zövq alacaq. Yox əgər anlamasa, onda film onun üçün mənasız konsepsiyalı nağıla çevriləcək. Mənə görə isə film kifayət qədər romantikdir. Əsasən də aşağı dünyadan baxanda. Çünki yuxarıdakı göydələnlər, mədəni tədbirlər, bir sözlə onların həyat tərzini kənardan izləmək. Əlbəttə ki yuxarı dünyanın aşağı dünyaya qarşı əzici münasibəti romantikanı müvəqqəti edib, üçüncü dünyaya - real dünyaya dartıb aparır. Əslində rejissor - Xuan Dieqo Solanas, insanın özü kimi köhnə mövzuya - sosial təbəqələşmə məsələsinə fantasikanın dili ilə yeni imic qazandırıb. Bunu edərkən də kifayət qədər uğurlu olub. Sadəcə bu da deyil. Ortada əsas məsələ - sevgi var. Bu bir növ yeni Romeo və Culyetta kimidir. Buna baxmayaraq Romeo və Culyetta mövzusundan başqa burada bir çox əlavə faktorlar da var. Məsələn fizika. Planetlərin bir-birinə yaxınlaşması, onların hərəsinin öz cazibə qüvvəsinin olması və arılar məsələsi olduqca maraqlıdır. Bu məqamlar onu nağıl etsə də, son zamanların diqqəti cəlb edən ən maraqlı nağıllarından edir. 

Yüksək və aşağı təbəqələrin bir-birinə qarşı olan münasibətləri yaxşı təsvir olunub. Bu problem bir çox dünya şöhrətli ədəbi əsərlərdə, bir çox filmdə öz əksini tapıb. Bu filmdə isə bu özünü romatik və fantastik formatda biruzə verib. Bütün ömür boyu bir insana sadiq qalmaq, sevgiyə görə çətinliklərdən keçib risk etmək, özünə və sevginə inanmaq. 

Filmdə yuxarının aşağıya olan münasibətlərinə yaxşı nümunələr var. İnsanı düşündürür. Real dünyamızda ikiplanetli cəmiyyətin yaranma ehtimalı az olsa da, sosial mərtəbələrin bir-birinə qarşı olan düşmən münasibətinin inkişafı sürətlə gedir və hətta filmdəki təsvirlərdən də qəddar olacağı labüddür. Bir-bir üzərində dayanıb sadalamasaq da onu deyim ki, bunu alovlandıracaq kifayət qədər katalizatorlar var və yaranıb çoxalmaqda davam edir. Növündən aslı olmayaraq düşmənçilik etmək insanın təbiətində yaranandan var və onun məhvinə qədər əl çəkməyəcək. Çıxış yolu isə sevgi və hörmətdir. Film də öz növbəsində bunu demək istəyir. Tərkibindəki kifayət qədər səhvlər və çatışmayan cəhətlərə baxmayaraq, film çox yaxşı missiyanı üzərinə götürüb. Son dövrlərdə belə əbədi-aktual mövzunu, məhz bu formatda insanlara çatdırmaq, onları düşündürməyə çalışmaq əla niyyətdir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi