Bələdçili yazı təcrübəm

Artıq bir neçə aydır ki, uzaq Kanadada yaşayan, lakin mənə qəlbən yaxın olan Keti adlı bir insanla dostlaşmışam. Onunla tanışlığım tamamilə təsadüfən, udemy.com adlı onlayn kurs platforması vasitəsi ilə olsa da, səmimi bir dost qazandığımı və ehtiyacım olarkən kömək aldığımı qeyd etməkdə özümü borclu hiss edirəm. Onun "Ürəkdən yazmaq" (Writing from heart) adlı pulsuz kursunu keçdikdən sonra digər kurslarına da abunə oldum və bir qədər gec olsa da, bu gün uğurla tamamladım. Deyərdim ki, bu altı hissəli master-klass mənə yaradıcı yazıçılıq sahəsi ilə əlaqədar olduqca maraqlı qabiliyyətlər qazandırdı və yazmağa olan yanaşmamı dəyişdirdi. Gəlin ilk öncə sizə Keti haqda elə Ketinin öz dilindən məlumat verim: "Mən kanadalıyam və Kanadanın şərq sahilində yerləşən kiçik şəhərcik - Morktonda (Morcton) yoldaşım, pudl itim və yeni dostum pişiyimlə birlikdə yaşayıram. Artıq 7 ildir ki, bu şəhərdəyəm. Əvvəllər Kanadanın bir çox digər şəhərlərində yaşamışam. Bütün həyatım boyu çox sevdiyim iş olan yazıçılıqla məşğul olmuşam və internet saytlar və bloqlardan olan müxtəlif müştərilərə lazımi kontenti və mətn materiallarını təmin etmişəm.  

Heç vaxt düşünmürdüm ki, nə vaxtsa insanlara hekayələrini danışmaqda köməklik edəcəm. 2012-ci ildə oxuduğum kitablar və keçdiyim kurslardan topladığım məlumatlara əsaslanan belə kurslar təşkil etməyə başladım. Kursumu "Ürəkdən yazmaq" adlandırdım. Mən inanıram ki, hər kəsin yazmağa ehtiyac duyduğu hekayəsi var. Biz sadəcə beynimizdə sözlərin gəlib dolduracağı yeri hazırlamalıyıq. Çünki yazmaq əslində yaxşı dinləməyin nəticəsidir. 2015-ci ildə "Yazı köməkçiləri" və "Bələdçili yazıçılıq" kimi kursları da video-kurs formatına salıb istifadəyə verdim. Zamanla İbrahim də daxil olmaqla dünyanın müxtəlif yerlərindən müxtəlif mədəniyyətlərindən yeni-yeni insanlarla tanış olmağa başladım. Eyni zamanda 2016-cı ildə də yeni-yeni macəralar axtarışındayam və ümid edirəm ki, bu il ötən ildəkindən daha çox iş görə biləcəm."

İndi isə gəlin Ketidən öyrəndiklərimi qısaca olaraq sizlərlə də bölüşüm. Aşağıda müvafiq kursun adı və ondan əldə etdiyim yaradıcı yazıçılıq qabiliyyətlərinə toxunacam.

"Ürəkdən yazmaq" - Qəlbimizin dərinliyindən gələnləri yazmaq üçün biz qəlbimizə qulaq asmağı öyrənməliyik. Əsla tənqidə, dərin təhlilə və mühakiməyə yol verməyin. Fikirləri qəbul etməyə başlayın. Cümlə quruluşu, qrammatika, durğu işarələri, məntiq və ardıcıllıq haqda narahat olmayın. Əsla tələsmək lazım deyil. Yazdıqlarınızı tənqid etməyin. Zamanla toplanan təcrübə yazılarınızı daha maraqlı edəcək. 

Yazarkən ən böyük köməkçi vasitə daha da dərinliyə enməyə kömək edən "Dərinlik sualı" sualını verməkdir. Məsələn: mən özümü çox yalnız hiss edirəm. Mən "yalnız" deyərkən nəyi nəzərdə tuturam? Yaxud da "Bu kitab məni qane etmir". "Qane etmir" deyərkən nəyi nəzərdə tuturam? Bu sualı özümüzə ünvanlamaq vermək sizə təməl ideyalarınızı şaxələndirməyə köməklik edəcək. Siz bu sual vasitəsi ilə sözlərin emosional mənasını kəşf edəcəksiniz. Eyni zamanda bu suala bənzər digər sualları da özünüz üçün hazırlamağınız məqsədəuyğundur. 

Kurs müddətində yazı məşqləri edərkən musiqi çox böyük rol oynayırdı. Zövqünüzə uyğun həzn musiqi sizə yaradıcı yazıçılıq üçün zəruri ab-havanı təmin edəcəkdir. 

Daxili sakitliyi təmin etmək üçün baxış obyektini seçmək də heç də az əhəmiyyətli deyil. Bu yanan şam, kiçik heykəlcik, əzizlərinizin hədiyyəsi ola bilər. Həm musiqi, həm də obyekt sizə yaradıcı yazıçılıqda uğur qazanmaqda köməklik edə bilər. Ən əsası unutmamaq lazımdır ki, yazmağa başlayarkən diqqətinizi dağıdacaq bütün qıcıqlandırıcıları (elektron poçt, mobil telefon. televizor və s.) aradan qaldırmaq lazımdır. Hətta əl ilə yazarkən eynək istifadə edən şəxslərdən eynəklərini çıxarmaları daha yaxşı hesab olunur. 

Yaddaş işarələri - Biz yazarkən mütləq şəkildə xatirələrimizin köməyinə müraciət edirik. Yaddaş nədir? Baş vermiş hadisələrin, bir dəfə belə hiss olunmuş emosiyaların saniyələr içində, bizə yenidən yaşadılmasıdır. Yazarkən yaddaşımızın köməyindən istifadə etmək olduqca vacibdir və bu inanılmazdır ki, yaddaşımız sayəsində ən xırda detalları yenidən gözümüzün önünə gətirə bilərik. Bunun üçün özümüzə çoxlu suallar verməli və həmin sualları daha da dərinləşdirən "____deyərkən nəyi nəzərdə tuturam" sualını yenidən və yenidən vermək lazımdır. Beləliklə də biz qəlbimizi beynimizlə, beynimizi də qələmimizlə əlaqələndirmiş olacağıq. 

Yaddaş işarələrinin ən əsas mahiyyəti ondan ibarətdir ki, siz hekayənizi yazarkən nəyisə xatırlamaq lazım olanda onun ən xırda detallarının yenidən fərqinə vara bilərsiniz. Növbəti başlıqda tanış olacağımız "Emosional işarələr"-lə dəstəkləndiyi halda, yaddaş işarələri həqiqi mənada hekayə üçün fundamental xarakter daşıdığını söyləmək olar. 

Emosional işarələr - Görmə, dadma, eşitmə, toxunma və iybilmə kimi hiss üzvlərimiz bizə hekayəmizi dünyaya çatdırmaqda yaxından köməkçi ola bilərlər. Görmə - məsələn bir şəkilə baxıb orada olan insanlar, binalar haqda nə isə yazmaq istəyərkən, həmin insanların sadəcə xarici görünüşü deyil, onların həmin an üçün keçirdiyi hislər, həmin an üçün sahib olduqları emosional vəziyyətin fərqinə varmaq lazımdır. Biz gözlərimizlə sadəcə rəngləri və nəsnələri deyil, onların mahiyyətində dayanan mənanın fərqinə vara bilərik. Dadbilmə ilə siz adi bir meyvəni yeyərkən onun elə fərqinə vara bilərsiniz ki, tamamilə yeni təcrübə yaşamış olasınız. Eyni qayda ilə də digər hissiyat orqanları sizə yaradıcı yazıçılıqda emosional işarələt verəcəklər. 

Bunları məqsədəuyğun formada istifadə etmək müəyyən praktiki məşğələlərin nəticəsində yaranan təcrübədir. Unutmamaq lazımdır ki, maksimum fokus qabiliyyəti yaradıcı yazıçılıqda əsas məsələdir. 

Taxdığımız maskalar - Bu master-klassda Keti bizə səmimi yazının həqiqi özmənliyimizin məhsulu olduğuna vurğu edir. Başqa sözlə, əgər biz həqiqi mənada güclü emosional mesajlar ötürməyi bacaran hekayə yazmaq istəsək, onu səmimiyyətin nəfəsi ilə isitməliyik ki, digər insanlar başa düşsünlər. Unutmamaq lazımdır ki, insanlar asında başa düşülən ən əsas dil səmimiyyətin dilidir. 

Gündəlik cəmiyyət həyatımızda biz müxtəlif sosial oyunlar içindəyik. İşdə, ailədə, dostlarla və digər yerlərdə özümüzü müxtəlif davranışlarla göstəririk. Çox az sayda insan hər yerdə eyni davranışlar və emosiyalar sərgiləyə bilir. Hər günkü bu oyunlar bizi daima yavaş-yavaş özümüzdə uzaqlaşdırır və nəticədə özümüzü tanımaz hala salırıq. Özümüzü tanımadıqda bizim yaradıcılıq ruhumuz ölür. Yaradıcılıq ruhu ölü olan bir kəsin nəinki yaxşı yazı qabiliyyəti, ümumiyyətlə bir çox qabiliyyəti uğur qazanmaq baxımından böyük sual altına düşür. 

Master-klassın bu hissəsi bizə özümüzü kəşf etməyə olan çağırış xarakteri daşıyır və kifayət qədər fəlsəfi xarakterə malikdir. Diqqətlə fikir verdikdə isə həqiqətən başa düşürük ki, həyatda ən böyük nailiyyət həqiqi mənliyimizi maskalar altından tapıb üzə çıxarmaq və həyata öz gözümüzlə baxmaqdır. 

İçimizdəki əbədiyyət - Kursun bu hissəsində biz öz daxili "mən"-imizi kəşf etmək üçün bir az daha çox sualları özümüzə ünvanlamalı oluruq. İlk baxışda yaradıcı yazıçılıqla bir o qədər də əlaqəsi olmayan bu sonuncu hissə istifadəçidən asılı olaraq müxtəlif əhəmiyyət dərəcələrinə malik ola bilər. Başqa sözlə, Ketinin də qeyd etdiyi kimi o, bizə öz hekayəmizi söyləməyə yardım edir. Öz hekayəsini yazmağı bacarmayan, başqalarının hekayəsini yaza bilməz. Əgər biz istənilən sahədə yaradıcı yazı yazmağa çalışırıqsa, mütləq özümüzü kəşf etməliyik. 

Özümüzü kəşf etdikdə isə daxilimizdəki əbədiyyətə toxunmaq şansı əldə etmiş olarıq. Bu da möhtəşəm ilham mənbəyi əvəzsiz imkanlar təqdim edir. 

Mən Keti Merkuru tanıdığıma görə çox şad oldum. Düşünürəm ki, mən sadəcə maraqlı məlumatlar və bacarıqlar deyil, eyni zamanda çox yaxşı dost qazandım. Ketinin "Udemy"-də olan profilini və şəxsi saytını sizinlə də paylaşıram. Keçidləri izləməklə siz həm onun özü haqda məlumat ala bilərsiniz:

Udemy profili: https://www.udemy.com/user/kathymercure/
Şəxsi sayt: http://www.kathymercure.com/

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi