Qanlı almaz - Blood diamond - Кровавый алмаз
1999-cu il, Syerra-Leon, vətəndaş müharibəsi, qan və xaos. Belə bir şəraitdə almaz üzrə çevik və diribaş qaçaqmalçı fəaliyyət göstərir. Onun üçün əsas olan sadəcə bu qiymətli daşların lazım olan ünvana çatmasıdır. Bu cəhənnəmdən xilas olmaq üçün bir gün o oğlunu itirmiş balıqçının köməkliyi ilə möhtəşəm nəhənglikdə qiymətli daşın sorağına düşür. Bu yol ona bir çox həqiqətləri öyrədir. Sonunda tamam başqa insana çevrilən Denni Arçer, heç də belə sonluq gözləmirdi. Sadəcə süjeti ilə deyil, ümumilikdə bütün xüsusiyyətləri ilə analoqu olmayan "Qanlı almaz" bizə bildiyimiz, lakin hər dəfə yenidən eşitmək istədiyimiz məsələləri çatdırır: acgözlük, qəddarlıq, əclaflıq, şərəfsizlik və digər ümumbəşəri insan şəri.
Filmdə istifadə olunan əsas element "almaz" kifayət qədər simvolik məna daşıyır. Nəzərə alsaq ki, hadisələr Afrikada cərəyan edir, təsvirlər Afrikanın heyrətamiz təbiəti, flora və faunası, yaxud da əhalisinin milli-mədəni çalarları haqda deyil. Film qərb dünyasının Afrikanı hələ də necə istismar etdiyi haqdadır. Bildiyimiz kimi Avropa və Amerika sadəcə orta əsrlərdə deyil, hal-hazırda da Afrikanı istismar etməkdə davam edir. İndiana Consun macəralarından fərqli olaraq "Qanlı almaz" qanlı macəralardan bəhs edir. Almazı bir az da ifşa etsək başa düşərik ki, onun yerinə olan istənilən təbii sərvət istismar obyekti üçün yararlıdır: neft, qızıl, təbii qaz və s. İstismar, quldarlıq və cəhənnəm.
Aktyor heyəti məni çox qane etdi. Leonardo Dikaprio bu filmdə olduqca özünəməxsus tərzdə bir rol ifa edir. Sünilik və qəlib yoxdur. İzləyici onun obrazı ilə empatiya qura bilir və eyni zamanda mənim yaralı yerim olan obrazların keçmişi haqda dolğun təsəvvürə malik olur. Cennifer Konnelli mənim olduqca sevdiyim aktirasadır. Onun "Ağıl oyunları" və "Arzular üçün rekviyem" kimi filmlərdə göstərdyi möhtəşəm performans məni heyran edib. Cimon Honsounu isə "Amistad" filmindən tanıyırdım. Bu aktyor da təbii obraz yaradaraq filmin dadını-duzunu yaradıb. Daha sonra Arnold Vosloo ilə filmin pik dördlüyü tamamlanır. Gördüyümüz kimi aktyor heyəti baxımından filmi yaxşı hesab etməmək üçün ciddi bir səbəbimiz yoxdur.
Film istər-istəməz bizi müəyyən bir müddətlik bütün bəşəriyyətin yükünü çiyinlərini üzərinə götürən filosof edir: insan anadangəlmə olaraqmı belə qəddardır, yoxsa bir dəfə edilən təməl səhvdən bütün bunlar yaranıb? Bütün bu qəddarlıqların kökündə nə dayanır? Əgər günah anlayışı insana qədər var idisə, biz insanlar onu daha da inkişaf etdirdik və elə bir hala saldıq ki, şeytan bizə baxıb paxıllıq etsin.
Denni Arçer isə dəyişir. Yaşadığı bütün bir ömrün boş illüziya olduğunu başa düşdükdən sonra həqiqətin bütün dünyaya çatdırılmasında öz köməkliyini edir. Az da olsa səmimi qadın-kişi münasibətinin dadına baxır.





Comments
Post a Comment