Əziz blogerlər, dəyişmək vaxtıdır!

Son zamanlar ölkəmizin internet məkanında blogerlərin və bloq resurslarının sayında artım müşahidə olunur. Bir çox sahədə yerli və xarici təhsil almış gənclər öz bilik və savadlarını geniş oxucu kütləsi ilə bölüşərək, Azərbaycandilli kontentin şaxələndirilməsində aktiv iştirak edirlər. Bütün bu hallar olduqca gözəl olsa da, müşahidə olunan bəzi problemlər və nöqsanlar heç də hər zaman kompromisə getməyə zəmin yaratmır. Bəzən qarşımıza çıxan hansısa təsadüfi bloq-post öz kələ-kötür təhkiyəsi, stilistikası, yazı üslubu, orfoqrafik və leksik səhvlərlə zəngin elementləri ilə bizi həmin resursu qara siyahıya salmağa məcbur edir. Bəzi blogerlər bu nöqsanları şüursuz olaraq icra etsələr də, bəziləri hər dəfə eyni səhvləri təkrar edirlər. 

Hər nə qədər yazıdan ibarət bloqlar yavaş-yavaş öz yerini video bloqlara və ya ən pis halda audio bloqlara (onlayn radiolara) versə də, hələ də yazı digər vizual və səs xarakterli informasiya resurslarından daha ciddi və daha sanballı qəbul olunur və istinad edilir. Razılaşarsınız ki, sizin bloq yazınıza informasiya axtaran bir kimsə istinad etmək istəyərkən daha rahat olacaq, nəinki video bloq və ya audio prodkast təqdim edən resursa. Odur ki, hər şey hələ itirilməyib. Yazı hələ də bəşər övladının utopik məqsədləri yolunda ən böyük köməkçi və sirdaşdır. Buna baxmayaraq, ondan düzgün istifadə çox şeyi müəyyənləşdirir. Müasir həyatımızda biz yazıdan çox istifadə edirik. Blogerlik də həmin növlər sırasına daxil olan maraqlı məşğuliyyət növüdür. 

Dünya təcrübəsində blogerlik öz xarakterik xüsusiyyətləri ilə digər internet resurslardan seçilir. Məsələn bloqlar daha istifadəçiyönümlü (user-friendly), daha qeyri-rəsmi, daha konkret və dinamik olurlar. Hətta sirr deyil ki, bəzi ölkələrdə elə blogerlər var ki, onlar qaynar xəbərləri məşhur xəbər agentliklərindən daha tez və cəld çatdırırlar. Bəzi blogerlər olduqca böyük mütəxəssislərdirlər və onlar öz təcrübələrini geniş kütlənin ixtiyarına verərək, yeni-yeni uğurların yaranmasında iştirak edirlər. Bütün bu yazılanlar çərçivəsində istərdim ki, ölkəmiz də artıq ciddi bloqçuluq təcrübəsi yaşamağa başlasın. Bu istiqamətdə bəzi dostlarımızın fikirləri olduqca əhəmiyyətlidir. Gəlin onlarla tanış olaq və birlikdə bəzi məsələləri təhlil edək. 

Əliqulu Mehdiyev: "Bir bloqdan ən əsas gözləntim onun işimlə və ixtisasımla əlaqədar maraqlı və fərqli məlumatlarla zəngin olması və oxucuyla yaxşı kommunikasiya yaratmasıdır. Odur ki, qarşılaşdığım bir çox bloqları izləyirəm, lakin bəzilərində çatdırılmaq istənən fikirlər tam əhatə olunmur və yarımçıq kontekst çox olur. Yaranan suallar cavabsız qalır. Eyni zamanda bloqlarda mövzularla əlaqədar maraqlı faktlar və vizual kontent olduqda həmin bloq yazısından razı qalıram. Ən əsası isə bloq yazılarında göztərilən məlumatların və faktların hansı mənbələrə əsaslandığını görmək istəyərəm. Belə olduğu təqdirdə çatdırılan məlumat daha güvənli və etibarlı olur". Dostumuz Əliqulu bəy çox gözəl məqamlara toxunaraq məşhur bloq yazılarında olan kontekst natamamlığı və mənbə boşluqlarının varlığına toxunub. Bir çox məşhur bloq yazarlarının bloqlarını izləyərkən şəxsən mən bu boşluqları görmüş və təəssüflənmişəm. Xüsusilə də ixtisas və peşə biliklərini əhatə edən bloqların cəmiyyət tərəfindən ciddi qəbul olunmasında ən əsas kriteriya, düşünürəm ki, onların mənbə və dəstəkləyici kontent məsələlərinə ciddi yanaşmalarıdır. 

Hüseyn Hüseynli: "Yenilikçi və fərqli düşüncələri aşılayan bloqları izləməyi sevirəm. Bloqları izləyərkən çalışıram özümə qeydlər aparım və bacardıqca çox şey öyrənim. Yeni vərdişlər əldə etdikdə daha da çox sevinirəm. Qarşıma çıxan bəzi bloqlarda ifrat terminologiya ilə zəngin kontentə sahib bloqlar olur ki, bu məqam məni narahat edir. Yaxşı olar ki, blogerlər fikirlərini daha rahat və səmimi üslubda çatdırsınlar. Terminlərdən istifadə zamanı isə onların izahına da yer versinlər." Hüseyn xüsusilə ixtisaslaşmış bloqlardan söhbət açdı. Bəzi bloqlar vardır ki, onlar spesifik olaraq sadəcə müəyyən bir xüsusi sahədən bəhs edir, lakin geniş oxucu kütləsini hədəfləyir. Bu halda şübhəsiz ki onlar bir çox sahəyə xas terminlərdən və ifadələrdən istifadə edəcəklər, lakin qeyd etdiyimiz kimi, əgər oxucu kütləsi genişdirsə, yazı üslubunun hamı tərəfindən anlaşılmamasını da normal qəbul etmək lazımdır. Burada artıq kommunikativ empatiya, yəni özünü oxucunun yerinə qoyaraq yazı üslubunu mənimsəmək yaxşı olar. Əgər maksimal dərəcədə dar oxucu kütləsi hədəflənirsə tamamilə başqa, geniş oxucu kütləsi hədəflənirsə, başqa kommunikasiya strategiyaları mənimsənməlidir. 

Anar Tahiroğlu: "Hər hansısa bloqun daimi oxucusu olmasam da, maraqlı başlıqlı və maraq dairəmə uyğun gələn istənilən bloq yazılarını oxumağa çalışıram. Diqqətimi çəkən bloqları çalışıram maraq dairəmdə tutub saxlayım. Əgər ilkin təəssüratlarım yaxşıdırsa, həmin blogeri izləməyə başlamaq üçün də səbəbim olmuş olur. Bloqlarda xüsusilə şəkil, animasiya və müəyyən videoların olmasının tərəfdarıyam. İnternet məkanında rus dilində yazan blogerlərə qarşı antipatiyam var. Əlbəttə bu məsələ mənim şəxsi mövqeyim və məsələm olsa da, yaxşı olar ki, azərbaycanlı blogerlər öz dilimizdə daha çox fəaliyyət göstərsinlər və internet resurslarını zənginləşdirsinlər." Anar maraqlı iki məqama toxunub. Birincisi bəzən bloq yazılarını oxuyarkən çox gözəl mətnlə rastlaşsaq da, onu dəstəkləyən şəkil və ya video kontentə rast gəlmirik. Əgər bloq yazısının strukturu müəyyən vizual və səs kontentinin dəstəyinə icazə verirsə, məqsədəuyğundur ki, həmin bloq yazısında adıçəkilən yardımçı elementlər iştirak etsin. Bu bloq yazısını daha da maraqlı edəcək. İkincisi isə rusdilli blogerlər haqdadır. Əlbəttə müasir dövrdə istənilən şəxs istədiyi dildə yazıb yaratmaq hüququna malikdir. Biz heç kimi yazdığı dilin növünə görə mühakimə edə bilmərik, amma yerli internet məkanımızı inkişafı üçün doğma dilimizdə müəyyən qaynaq rolunu oynayan bloqların, saytların və cəmiyyətlərin olması internet məkanın gələcək prespektivləri üçün həyati əhəmiyyət daşıyır. 

Cavid Abasov: "Ümumiyyətlə mən daimi keyfiyyətli kontent təqdim edən bloqları izləyirəm. Bloq yazılarında xoşum gəlir ki, müəyyən bir yerdən sonra cari mövzu əlavə şaxələrə ayrılsın ki, daha ətraflı məlumat çatdıra bilsin. Bir çox bloq yazılarında mənbələr göstərilmir. Düşünürəm ki, bu olduqca vacib məsələdir və diqqətdən kənarda qalmamalıdır. Yazıya uyğun şəkil, video və infoqrafika heç də az əhəmiyyətli deyil. Əgər bloq yazısı araşdırmadırsa, araşdırma metodları və nəticələri də göstərilməlidir." Cavid də olduqca maraqlı məqamlara toxundu. Araşdırma xarakterli bloq yazılarının çoxluğu zəruri biliyə tələbatı olan kütlənin ehtiyaclarını ödəməkdə müstəsna əhəmiyyət kəsb etsə də, araşdırma metodları, üsul və prinsipləri haqda qısa haşiyə çıxmağı unutmamaq lazımdır. Bunu sayəsində bloq yazısı ikiqat biliktutumlu olur. 

Kamran Cavadov: "Mənim üçün blogerin kimliyi, təcrübəsi və yazdığı məsələlərlə nə dərəcədə ciddi məşğul olduğu haqda məlumatların bloqda olmağı vacibdir. Qarşıma çıxan bloqlar arasında tez-tez rastlaşdığım ən əsas problem xoşladığım, bəyəndiyim yazıları rahat tapa bilməmək və arxiv problemləridir. Bu həm də əlavə məqalələrin kəşfi üçün də vacibdir. Bəzi bloqlarda hər sahədən, maraq dairəsindən mövzuların yer aldığı görünür. Şəxsən mən spesifik, ixtisaslaşmış bloqları sevirəm. Ən əsası isə söz kütləsinin çoxluğu əsas deyil, əsas olan ideyanın konkret və yığcam olaraq hədəf kütləyə çatdırılmasıdır. Yaxşı olar ki, ölkəmizin bloqosferində biznes dünyası ilə əlaqədar fəaliyyət göstərən professional bloqlar olsun." Kamran bloqların funksionallığı ilə əlaqədar möhtəşəm məqamlara toxundu. Bloqların funksionallıq problmeləri hədsiz dərəcədə çoxdur. Bir çox bloqlarda bloq xəritələri yoxdur. Bloger pulsuz platformalardan istifadə etdiyinə görə bəzi imkanları məhdud olsa da, maksimum dərəcədə çalışmaq lazımdır ki, funksionallıq oxucular üçün rahatlıq bəxş etsin. Arxiv xüsusi diqqət tələb edən vacib bloq kateqoriyası sırasındadır. 

Niyaz Bəhlulzadə -"Daha çox rəqabət yönümlü, ictimai-rəyi formalaşdıran, punktual, oxucu kütləsini daim diqqətdə saxlayan, məişət zəminli olmayan, daha çox öyrədici bloqlar gözləntimdir. Bloqlar arasında daha çox bəsit məzmunlu, öyrədici olmayan, məişət zəminli, bloqerin şəxsi həyatını, madiyyatını yaxud getdiyi restoranları, məkanları sərgiləyən və bu səpkidə olan bloq yazılar həqiqətən maraqsız, bəyənilməyən hesab edirəm. Bəyənmədiyim bloqu bəyənməmə səbəbi yuxarıda sadaladıqlarımla yanaşı həm də yazılarda daha çox tənqidə yol verilməsidir. Bəzən hətta tənqid sərhədləri aşaraq təhqirə də çevrilə bilir. Azərbaycanda bloq yaxud köşə yazarlarının əsas mənfi cəhəti də məhz budur deyə düşünürəm. Hətta birm qisim yazarlar mental dəyərləri, milli adət-ənənələri, islami dəyərləri aşağılamağa, heçə saymağa çalışır. Bu da özlüyündə ajiotaj yaradır. Nələrisə dəyişməyə çalışmaqla yaxud heçə saymaqla düşünürəm ki, bir bloqun “rentabelli”yinə nail olmaq mümkün deyil deyə düşünürəm. Çünki insanlar (oxucular) fərqlidirlər. Bloq yazılarında daha çox dünya ədəbiyyatına, incəsənətə, müasir innovativ texnologiyalara, fəlsəfəyə, psixologiyaya, film sənayəsinə yer verilsə düşünürəm daha oxunmalı və daha maraqlı olar. Bir bloqun daim izləyicisi olmam üçün onun içərəsində yazılanlarla yanaşı bloqa daxil olduğum vaxt bloqun dizaynı, rəng seçimi ümumilikdə görünüşü əhatə edən bütün fundamental punktlar öz rolunu oynayır. Bununla yanaşı bloqerin özünün şəxsi keyfiyyətləri də önəmli faktordur. Təvəzökarlılıq, öyrədicilik, ictimai rəyi formalaşdırma qabiliyyəti, oxucularla davranış qaydaları, etiket bütün bunlar da bir bloqun oxunma səviyyə öz təsirini göstərir düşünürəm. Ümumən bütün keyfiyyətləri özündə aşılamağa çalışan hər bir bloqer bir sərvətdir deyə bilərəm."

Ümumi təbiət qanunları ilə iqtisadiyyatın, biznesin qanunlarında oxşarlıq çoxdur. Ən əsas qanun isə daima öyrənmək, daima yaxşılaşmaq və mükəmməlləşməkdir. Ancaq belə olduğu təqdirdə hansısa subyekt cəmiyyətin maraq obyektinə çevrilir. Nəzərə alsaq ki, bizlərdən hər birimiz uğur qazanmaq uğrunda mübarizə aparırıq, səsəmizi eşitdirmək istəyirik, biz hər zaman dəyişməyə hazır olmalı və digər fikirləri nəzərə almalıyıq. 

Bu yazı kifayət qədər kiçik bir qrupun blogerlik haqda fikirlərini çatdırdı. Belə fokus qrupların fikirləri olduqca dəyərlidir. Daha böyük uğurlar, daha çox dinləməkdən və əməldən (informasiya yığımından) asılıdır. 

Comments

  1. qadın blogerlərimiz də var)) niyə belə gender ayrı-seçkiliyi etmisən))

    ReplyDelete
  2. Əsas problemlərdən biri də əksər bloqlarda dizaynın bərbad olmasıdır.
    Oxucu görünüşü yaxşı olmayan bloqdan qaçır.

    ReplyDelete
    Replies
    1. Ümumiyyətlə blogerlikdə dizayn məsələsinə qarşı münasibətim birmənalı deyil. Şübhəsiz ki, yaxşı dizayn vacibdir, amma yaxşı kontent təqdim edəb bloger üçün dizaynda olan hansısa çatışmazlıqları qurban vermək olar. Məsələn, sizə belə bir real keys deyim, Millinetin 2015-ci ildə keçirilən mükafatlandırma mərasimində elə bloqlar ilk yerlərə layiq görüldülər ki, bloginq baxımından bu qəbuledilməzdir. Çünki bloger free toollardan istifadə etməklə yaxşı kontent çatdırmaq istəyən şəxsdir. Dizayn və digər məslələr ikinci dərəcəlidir. Əlbəttə bu mənim şəxsi fikrimdir. Hər halda 5 ildir bu işin içindəyəm deyə düşünürəm ki, bir şey söyləyə bilərəm. Odur ki, şəxsən mən dizayn məsələlərini bloginqdə ikinci dərəcəli hesab edirəm.

      Delete
    2. Kontent vacib və bəlkə də ən ümdə elementdir bloqda. Dizayn uğursuz və gözü yoran olanda isə adi oxucu bloqu tərk etmək qərarına gəlir. Bloqda rənglər kontenti tamamlamalıdır, ön plana çıxmamalıdır.

      Delete
    3. Tural bəy, dizayn məsələlərində bir qədər çətinlik yaşayıram çünki dizaynı dəyişdirmək istəyərkən bir dəfə bloqun ümumi HTML kodlarında problem yaranmışdı. Hal-hazırda başqa istiqamətdə dizayn dəyişiklikləri etmək istəyirəm. Sizə bloqun dizaynı uğutsuz və gözü yorandır?

      Delete
    4. Məncə normaldır, neqativ emosiya yaranmır. Bəzən qap-qara fonda mətnlər yazılır, onları oxumaq məsələn zülmə bərabər olur.

      Delete
  3. Yazıya görə minnətdaram. Düzdür, arada xırda səhvlər gedib (audio prodkast problmeləri səsəmizi).
    İbrahim bəy, bir suala cavab almaq istərdim ki, nəyə görə BloQer yox BloGer sözünə üstünlük verirsiniz. İngilis dilində bloger yazılır, amma bizim dildə blog səslənmir axı, ona görə də ondan törəmə olan `Bloger` sözü də tam qulağa yatmır, məncə.
    Respondentlərin fikirləri maraqlıdır. Onların seçimində məncə balans bir az pozulub deyəsən (heç bir qadının fikri təqdim olunmayıb, respondentlərin yaşları və hansı işlə məşğul olduğu və d.).

    ReplyDelete
    Replies
    1. Suallara görə təşəkkür edirəm. Bloqer yoxsa bloger məsələsi kifayət qədər mübahisəli məsələdir. Bir çox yerlərdə bununla əlaqədar müzakirələrdə olmuşam və inandığım media işçiləri hal-hazırda bloger olaraq bu sözü istifadə edirlər. Bir çox resurslarda müxtəlif formalarda rast gəlmək olarsa da, mən qulaq cırmaqlayan bloqer əvəzinə bloger istifadə etməyin tərəfdarıyam və istifadə edirəm. Bu sözün obyektiv-linqvistik tənzimlənmiş formasını əks etdirən hər hansısa mətn materialı və yaxud qayda varsa, bizimlə bölüşsəz minnətdaram olaram, amma bildiyimiz qədər bu neologizmin hələ dilimizə adaptasiyası və yaxud da tərcüməsi yoxdur. Bu baxımdan bu sözün istifadə forması və üsulu olduqca subyektiv müstəvidə qalır. Respondentlər məsələsində isə onu deyərdim ki, yoldaşlar ənim dostlarım və aktiv bloq izləyiciləridirlər. Onlar haqda ətraflı məlumat vermək yaxşı fikirdi. Boşluq kimi bu görünür. Qadın blogerlər məsələsində də boşluq olsa da, düşünmürəm ki, bu mənim maskulist olduğuma dəlalət edir (zarafat). :)

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi