Mən qorxmuram!

Bu yaxınlarda maraqlı bir onlayn kurs vasitəsi ilə qorxularımı tanıdım. Sten Hastd (Stan Hustad) adlı spiker mənə düzgün tərzdə və zamanda, ehtiyacım olan motivasiyanı verdi. Tamamilə pulsuz olaraq udemy.com-dan (onlayn kurs platforması) sizin də bir çox dəyərli məlumatlar əldə edə biləcəyiniz kursun tam adını və keçidini paylaşmazdan əvvəl, kursun qısaca mövzusu və şəxsi təəssüratlarımı esse formasında sizlərə təqdim etmək istərdim. 

Müəyyən sistemlərin tərkib hissəsi olduğumuzdan uşaq yaşlarımızdan öldüyümüz - azad olduğumuz günə qədər davranışlarımızı qəlibləşdirmək üçün qorxularımızdan məharətlə istifadə etməyə çalışırlar. Onlar bizi qorxudur, bizlər isə daxilən özümüzü məhv edirik: mənəviyyatımızı, fiziki sağlamlığımızı və dəyərlərimizi itiririk. Siyasət, din, iş həyatı, əks cins və s. kimi bütün ətraf membranlar bizim zəifliyimizdən məharətlə istifadə edir. Mən sizə qorxnunun nə olduğu ilə əlaqədar fəlsəfi mühazirə oxumaq fikrindən uzağam. Mən sizə qorxularımızı tanımaq üçün dəvətin marağındayam. 

Sten Hastdın bölgüsü diqqətəlayiq və aktualdır. Belə ki, insan dünyaya gəldikdə sadəcə iki qorxusu olur: yüksək səsdən və hündürlükdən qorxu. Maraqlıdır elə deyilmi? Bütün digər qorxuların hamısı bizə öyrədilir. Bəzi insanlar isə həyatlarının bütünlüklə böyük hissəsini qorxularının siyahısını artırmağa həsr edir. Gəlin qorxularımızı qruplaşdıraq və onları tanıyaq. Daha sonra isə onları azaldaq. Əlbəttə ki, tam qorxusuzluq heç də ideal vəziyyət deyil. Buna səbəb odur ki, təbiətdə sağ qalmaq və məqsədlərimizə nail olmaq üçün qorxu və stress lazım olan komponentlərdən hesab olunur.

Qorxu nömrə 1 - Yoxsulluq qorxusuCəsarətimizi əlimizdən alan ən əsas qorxu növlərindən hesab olunur. Cəmiyyətdə insaları qorxudan, onları müxtəlif antropogen sistemlərə sığınmağa vadar edən qorxu növü yoxsulluq qorxusudur. Məhz bu qorxu insanları arzularını reallaşdırmaqdan uzaqlaşdırır. İnsanlar uzun müddət istəmədikləri işlərlə məşğul olur və bir ömür boyu illüziyalarla yaşayırlar. Uğur və uğursuzluğu məhz maliyyə vəziyyəti ilə müəyyənləşdirmənin də səbəbi bu qorxunun hegemoniyasından asılıdır. 

Qorxu nömrə 2 - Uğursuzluq qorxusu - Birinci qorxu növü ilə sıx əlaqədə olan bu qorxu növü da insanlara zəngin məhdudiyyətlər və əngəllər bəxş edir. Halbuki, uğursuzluq ən böyük müəllim və ömür boyu kömək göstərəcək nailiyyətdir. Yaxşı tanıdığımız bir çox məşhurlarda, məsələn Stiv Cobs belə məşhurlara nümunə təşkil edə bilər, bu qorxu növü minimum səviyyədə olub. 

Qorxu nömrə 3 - Rədd edilmə qorxusu - Uğursuzluğumuzun nəticəsində ətrafımızı əmələ gətirən insanlardan kənarda qalmaq kifayət qədər ürküdücü səslənir bir çoxlarımız üçün. Üstəlik bunun reallığa çevrildiyini təsəvvürümüzdə canlandırsaq, hər şeyin çox daha bərbad olduğunu görə bilərik. Digər insanlarla birlikdə ol. Onlarla birlikdə qazan, onlarla birlikdə itir - sürü psixologiyasının ən əsas ağır artileriyasıdır. Hamı kimi olmaq, o möhtəşəm monotonluğun keyliyini hiss etmək ən böyük rahatlıqdır. 

Qorxu nömrə 4 - Dəyərsizlik qorxusu - Xüsusilə gənclər arasında geniş yaşanan bu qorxu növünün ağır nəticələri çoxdur. Reklamlar, müəssisələr, valideynlər və digər saxtakarlar bizi inandırıblar ki, əgər A, B məhsulunu istehlak etməsək, yaxud da XY və ya BC-yə nail olmasaq, biz heç kimə lazım deyilik. Beynimiz nailiyyət əldə etməyə köklənir. Özümüzü yarışda hiss edir və keçici bayraq axtarırırq. Halbuki, həyat yarış deyil! Biz dəyərsiz deyilik! Dəyərimizin nədə olduğunu söyləmək çətin axtarışların nəticəsidir. Bu axtarış isə uzun yoldur. Faciəvidir ki, öz saxta qayda-qanunlar toplusu və ikiüzlülükləri ilə bizə bu yola başlamağa icazə vermirlər. 

Qorxu nömrə 5 - Ölüm qorxusu - Nə demək olar. Bu qorxunun az miqdarda olması faydalıdır. Çox olması isə, digər qorxuların yaratdığı fəsadlar kimi ölümcüldür. Böyük ironiyadır ki, ölümdən qorxub ölmək olar. Hal-hazırda bizi digər canlılarla oxşar edən ən əsasa cəhət məhz ölüm qorxusudur. 

Son zamanlar qorxularımla əlaqədar çox düşünürəm. Təəssüf ki mən qorxaqlığı irsən qəbul etmişəm. Həyatımın son üç ilinin xaos və qorxu içində olması məni olduqca yordu və hətta deyərdim ki, mənən qocaltdı. Bir çox insan buna təcrübə zənginliyi adını da verirlər. 

Sonda isə sizə də maraqlı gələ biləcək kursun adını və keçidini
paylaşıram. Əsas şərt ingilis dilinin orta səviyyədə bilməkdir. Unutmayın, qorxu hər şeydən məhrum edir. Qorxu öldürür!

Başqa bir maraqlı cəhət odur ki, görəsən qorxularımızı dəf etmək üçün ruhumuzun qaranlıq tərəfindən kömək istəməliyikmi? 

Fear Kills Everything - Stop It From Killing Your Success! -https://www.udemy.com/how-to-have-less-fear-and-more-power-in-your-life-and-work/ 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi