Cazibə qanunu üçün 7 sadə üsul

Motivasiya, şəxsi inkişaf və müasir fəlsəfə ilə maraqlananlar üçün inqilabi xarakter daşıyan "The secret" yad anlayış deyil. Son 15-20 il ərzində bu mövzuda yazılan kitablar, məqalələr və digər resursların sayı daima artmaqdadır. Müxtəlif insanlar müxtəlif tərzdə eyni ismarıcı çatdırmağa çalışsalar da, mahiyyət etibari ilə məsələ kifayət qədər sadədir. Bu mövzu ilə əlaqədar son zamanlar daha çox mütailə etməyə çalışdığımdan, müəyyən təcrübənin formalaşaraq artdığını söyləyə bilərəm. Bu səbəbdən udemy.com platformasında öyrəndiyim "Law Of Attraction - 7 Simple Techniques For Manifestation" başlıqlı kurs haqqında və kurs nəticəsində əldə etdiyim bilikləri sizlərlə də bölüşmək istəyirəm. 

Kursun təqdimatçısı Pradeep Aggarwal Hindistanda "Şuürun idarə olunması və inkişafı inistitutu"nun (Founder of Institute Of Mind Control & Developmentqurucusudur.  Kifayət qədər təcrübəli olan Pradeep 7 sadə üsul haqqında söhbət açaraq bizlərlə müəyyən bilgiləri paylaşır. Müəlliflə əlaqədar avtobioqrafik məlumatlar paylaşmaqda bir o qədər də maraqlı olmadığıma görə, bəzi məsələlər və 7 yöntəmə diqqət ayırsaq uduzmarıq. 

Ümumiyyətlə cazibə qanunun həyatımızın formalaşmasında olan rolunun bizlərə deyildiyi qədər işləyən mexanizm olub olmaması haqqında konkret söz demək mümkün olmasa da, müəyyən nəticələr əldə etmiş birisi kimi məsələyə həm kompromislə, həm də skeptik yanaşıram. Məsələn, fundamental ideya odur ki, bizim istəklərimiz, arzularımız reallaşır, əlbəttə ki əgər biz onların üzərində beynimizdə işləyiriksə. "Oxşar olan öz oxşarını cəzb edir". Bu ideya özündə onu ehtiva edir ki, biz daima arzularımızı, istəklərimizi beynimiz vasitəsi ilə kainatın cazibə qanunundan istifadə edərək özümüzə dartıb çəkməliyik. Bu necə baş verir? Bunun elmi izahı varmı, yoxsa sadəcə inam məsələsidir? Beynimizin ifraz etdiyi dalğalarla əlaqədar fizikanın müəyyən qolları məşğul olsa da, mən onlarla dərindən tanış deyiləm. Əlbəttə, müəyyən məsələlər ilə əlaqədar oxusam da, izah etməkdə çətinlik çəkəcəm. Vəhşiliyini, toxunulmazlığını daha da çox qoruyan isə bizim şüuraltımızdır. Bəzi alimlərə görə bizim şüuraltımız birbaşa kainatla əlaqədar olduğundan onunla müəyyən əlaqədə və ünsiyyətdə olmaq bizim üçün olduqca əhəmiyyətlidir. Bütün bu mövzular çərçivəsində məlumat verən bir çox kitablar və filmlər var. İlk baxışda insana sadə gəlsə də, gözləntilərimiz və təcrübəsizliyimiz bizi çaşdırır. Nəticədə insanların çoxusu müəyyən prinsiplərdən düzgün istifadə edə bilmirlər və özləri özlərinin yolunda süni bariyerlər yaradırlar. Əlbəttə ki, çətinlik həmişə dualistik məna daşıyan konseptlərdə olduğundan, cazibə qanunu bu müstəvidə insanların heç də hamısının qəlbinə və beyninə yol tapa bilmir. Nə edə bilərik? Konkret nə isə demək çətindir. Buna baxmayaraq şans verməyə və özünəinamı artırmağa dəyər. 

Gəlin bu 7 sulla tanış olaq. 

5 hiss (Technique 1 : Learn To Use Your 5 Senses)- Müəllif qeyd edir ki, cazibə qüvvəsini işə salan və uğurla nəticələnməsini təmin edən ən əsas məsələ öz şəxsi hekayəmizi yaradaraq onu daima canlı tutmaqdır. Bu canlılığı təmin edən isə bizim 5 hiss orqanımızla qəbul etdiyimiz məlumatların vizualizasiya vasitəsi ilə şəxsi hekayəmizə implementasiya etməyimizdir. Belə olduğu təqdirdə kainat istəklərimizi daha yaxşı başa düşəcək və prosesi sürətləndirəcək. Gələcəkdə əldə edəcəklərinizi artıq əldə etmiş kimi beyində canlı tutsanız, həmin an keçirəcəyiniz hisləri hiss etsəniz, səsləri eşitsəniz, görəcəklərini indidən görsəniz, kainatın yaradıcı qüvvəsindən istifadə etməyə başlayacaqsınız. 

Sürətləndirmək (Technique 2: Learn To Manifest Your Desires Faster) - Sürətləndirmək bəndi ilə nəzərdə tutulan əsas ideya odur ki, biz gərək şəxsi hekayələrimizi və ya konkret vizualizasiyamızı müəyyən fiziki köməkçilərlə dəstəkləyək və prosesi gücləndirək. Bələdçi bizə bu istiqamətdə təbəssüm və alqış sədaları altında meditasiya, yaxud da vizualizasiya prosesini icra etməyi məsləhət görür. Əlbəttə ki, bunu ictimai və ya sıx yerlərdə etmək düzgün deyil, çünki insanlar sizi səhv başa düşə bilər. Məsələn, vizualizasiya zamanı təbəssümlə ritmik alqış etmək və maksimum dərəcədə rahatlaşmaq gərəkdir. 

Şübhə etməyin (Technique 3: Manifest Your Dreams Greatly) - Cazibə qanununun lazımi dərəcədə işləməməsinə əsas səbəb insanların bilavasitə özlərinin onu blok etmələri ilə izah olunur. Yəqin ki, hansısa nailiyyəti xəyal edib dərhal da ondan imtina etmisiniz. Şübhələri və qorxuların üzərində işləyərək onu minimum dərəcəyə qədər endirmək lazımdır ki, sizlə kainatın yaradıcı qüvvəsi arasında hər hansısa maneə olmasın. 

Yardım edin (Technique 4: Manifest Your Desires By Practicing Giving) - Dünyəvi dinlərin əzəldən bəri təkrarən və təkrarən bildirdiyi xeyirxahlıq, kasıblara əl tutmaq və yardımsevərlik kimi xüsusiyyətlər bizim şəxsi uğurlarımızın əldə olunmasında bilavasitə böyük rol oynayır. Heç bir halda paxıllıq və depressiya bizə fayda vermir. Cazibə qanunu bizim digər insanlara qarşı olan münasibətlərimizə qarşı çox həssasdır. Valeriy Sinelnokov özünün "Öz xəstəliyini sev" kitabında yazır: Siz kiminsə haqqında düşündükdə həmin şəxslə info-energetik əlaqə yaranır. Əgər kiminsə haqqında pis düşünürsünüzsə və həmin insanın ünvanına dağıdıcı fikirləri istiqamətləndirirsinizsə, həssas şüuraltı qatda ona zərər vura bilərsiz. Eyni zamanda kimlərəsə mənfi fikirlər ötürməyə başlayanda, sizin şüuraltınızda avtomatik olaraq özünüməhvetmə proqramı işə düşür. Odur ki. istənilən halda özümüzü emosional baxımdan balansda saxlamalıyıq. 

Layiqlik (Technique 5: Find Out Whether Or Not You Deserve Fulfillment Of Your Desires) - Bəzən bəzi insanlar özlərini arzuladıqlarına layiq bilmirlər. Bəzənsə tam əksinə özlərini həddindən artıq layiq bilirlər. Cazibə qanununda birinci variant daha məqsədəuyğun olaraq hesab olunsa da, bunu illüziya halına çevirmək heç məsləhətli bir şey deyil. Tarazlığı qoruyaraq əldə etmək istədiyiniz nailiyyətlərin üzərində işləyin və özünüzü heç bir halda kimlərdənsə zəif və aşağısəviyyəli qəbul etməyin. 

Qarşılıq gözləməyin (Technique 6: Acts Of Kindness To Achieve Your Desires) - Nəyisə qarşılıq gözləyərək etmək həqiqətən də bizləri çox geriyə salır. Əlbəttə söhbət hansısa biznes yaxud da ticarət sövdələşmələrindən getmir. Gündəlik həyatımızda müxtəlif xeyirxah əməllər və digər insanlara qarşı olan münasibətlərimizdə qarşılıq gözlədikdə biz kainata bəxş etdiyimiz davranışlarımızı özümüzdə saxlayırıq və nəticədə çiyinlərimizə böyük yük qoyuruq. Mütləq şəkildə yaxşılıqlar edərkən anonimliyi qorumaq lazımdır. Nümunə vermək lazımdırsa, real olaraq ehtiyacı olan insanlara toplanan pul və ya digər yardımları edərkən ad və soyadınızdan istifadə etməyin. Yaxud da, başqa insanın ad və soyadından istifadə edin. 

Duş qəbulunu daha da faydalı edin (Technique 7 : How To Manifest Using Your Daily Shower Routine) - Bəlkə də bilmirsiniz, amma milyon dollarlıq ideyalar hamamda olarkən sahibinə gəlib çatır. Bunun əsas səbəbi müasir dünyamızda hamamın özümüzlə tək qaldığımız yeganə məkanlardan birisi olmağıdır. Özümüzlə yalnız qaldıqda və lazım olan düşüncə məşqlərini etdikdə böyük işlərə imza ata bilərik. Odur ki, duşda suyun altında olarkən əldə etmək istədiyiniz nailiyyətləri bol-bol təsəvvürünüzdə canlandırın, heç nədən qorxmayın. Arzulamaqdan çəkinməyin. 

Həyatımın son bir neçə ayında şübhələrimin və qorxularımın üzərində çalışdım və bəzən çox möhtəşəm və inanılmaz anlar yaşadım. Bütün bunların nəticəsində müəyyən qədər nailiyyətlər əldə etdim. Beynimizin gücünün fərqinə vardım. Odur ki, əgər sizin də bu mövzuda müəyyən dəstəyə ehtiyacınız varsa, əlaqəli kitabları və filmləri izləyin. 

Kurs üçün keçid: link

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi