Scarface

1980-ci ildə Meyril Harbor (Meyreal Harbor) limanından istifadəyə icazə verildikdən dərhal sonra minlərlə kubalı "Amerika arzusu" arxasınca ABŞ-a təşrif buyurdu. Onlardan biri Mayaminin qızmar günəşi altında zənginlik və hakimiyyət əldə edə bildi. Onun adı Toni Montana olsa da, dünya onu "Çapıqlı Sifət" kimi tanıdı.  

Ötən əsrin 80-ci illərinin qanqster dramı olan "Çapıqlı sifət" təqdim olunarkən heç də uğurlu ekran əsəri kimi tanınmadı. Film cəmiyyətdə və film tənqidçiləri arasında vahid fikir və təəssüratlar yaratmadı. Buna baxmayaraq, vestern janrı kimi, qanqster, mafiya və kriminal motivlər zaman keçdikcə dəyər qazanmağa başladı və bu gün top 250 filmlər arasında yer alan "Scarface" öz epikliyi və lakonikliyi ilə çoxlarının sevimli filmidir. 

Film 1932-ci ildə ekrana çıxan eyniadlı filmin rimeyki (yenidən ekranizasiyası) olsa da, yeni versiyada qanqsterlər bir-birini viskiyə görə güllələmirlər. Müharibələr "mələk tozu"-nun üstündə aparılır. Kommunistik Kubadan canını qurtaran Antonio Montana, kapitalistik ABŞ-da istədiyi hər şeyi əldə edə bilir: pul, qadın və daha çox pul. Kokain olimpini uğurla dırmaşan Toni, narkotik alverçilərinin ən əsas qaydasını pozur: heç vaxt öz malından həzz alma. Səhv bir hərəkət və hər şey dağılır. Azacıq subordinasiya problemi və yalnızlıq. Buna baxmayaraq Toni Montana izləyicidə nifrət oyatmır. Buna səbəb onun prinsipləri və yalandan uzaq olmasıdır. O, uşaqlara və qadınlara əl qaldırmır və dost-tanış qədri bilir. Eyni zamanda o, cəmiyyətin ikiüzlülüklərini və alçaqlıqlarını yaxşı bilir və bizlərə də göstərir: Murdar barmağınızı uzadaraq məni göstərib "bu pis adamdı" demək üçün sizlərin mənim kimi insalara ehtiyacınız var. Görəsən bu o deməkdir ki, siz yaxşı insansınız? Xeyr. Bu o deməkdir ki, siz yaxşı gizlənə bilirsiniz. Yalançılar. Mən. Mən həmişə doğrunu söyləyirəm, hətta yalan danışanda. Pis oğlana gecəniz xeyrə deyin. 
Filmin əsas fəxr obyekti şübhəsiz ki Al Paçinodur. Həmin illər üçün klassik sayılan süjetə eqzotik ədviyyatı aktyor heyəti ilə təmin etmək mümkün ola bilərdi. "Xaç atası"-nda yaratdığı möhtəşəm irs, "Çapıqlı sifət"-də də özünü biruzə verib. Şəxsən onu qeyd edim ki, kubalı Antonio Montananın ingilis dili aksenti bütünlüklə filmin ruhunu izləyiciyə çatdırır. Bu baxımdan filmə heç bir halda dublaj versiyada baxmaq məsləhət deyil. Əks təqdirdə filmi laızmi dərəcədə dərk edə bilməyəcəksiniz. Filmin ruhunu ilk dəqiqələrdən etibarən hiss etdikdən sonra digər mərhələlər izləyicini məsələdən daha çox agah edəcək. 
Mişel Pfayferin filmlərindən xəbərim yoxdur, amma bu filmində öz incəliyi və baxışlarının dərinliyi ilə üzərimdə böyük təəssüratlar yaratdı. 

The world is yours -  Filmin müəyyən epizodları var ki, həmin epizodları unutmaq mümkün deyil. Belə vacib hissələrdən birisi Toni Montananın ona qarşı təşkil olunan sui-qəsdi dəf etdikdən sonra qarşılaşdığı reklam sözlərini oxuduğu hissədir. Daha dəqiq olsaq, lazım olan adamları cəzalandırdıqdan sonra əldə etmək istədiyi qadını gözləyən Toni, səmada Pan Amerika şirkətinin "The world is yours" yazısı ilə süzən reklam dirijablını gördüyü anı qeyd etmək istərdim. Film müddətində bu yazı qarşımıza kiçik heykəl formasında da çıxır. Malikanəsinin mərkəzinə yerləşdirdiyi bu yazı görünür Toninin dünya görüşünə ciddi təsir edib. 

Maraqlıdır ki, insanların heç də hamısı gələcək həyatları ilə əlaqədar eyni cür düşünmür. Kimlərsə hər şeyin ilahi iqtidardan asılı olduğunu bildirir. Kimlərsə həyatdakı uğur yaxuda da uğursuzluqların şəxsən onun özündən asılı olduğunu bildirir və digərlərinə bildirməyə çalışır. Kimlərsə də həyatın mənasız olduğunu deyir. Görəsən "The world is yours" fikri ilə hərəkət edən Toni bütün uğurunu nəyə borcludur? Axı niyə görə sadə və qeyri-müəyyən keçmişli bir kubalı "American Dream" arxasınca belə ehtirasla qaçdı? Ümumiyyətlə onu uğur qazanmış hesab etmək olarmı? 

Cəmiyyət bizə yarışda olduğumuzu sırıyır. Bu fəlsəfə çox insanı həqiqi mənliyindən uzaqlaşdırır. Çox insana da gələcəyini qurmaq üçün tikinti materialları və alətləri təqdim edir. Əgər bu bir yarışdısa, haradasa keçici bayraq da var və missiyamız sadəcə o bayrağı tapmaqdır. 

Toni özünü özünə və ətrafına sübut eləməyi bacardı. Vito Karleone demiş, vacib deyil kişi hansı üsullarla həyatını təmin edir. Əgər bu bir yarışdırsa və qaydaları da yoxdursa, deməli bütün vasitələr məqsədlərimizi doğrulda bilər. İdealizm və humanizm prinsiplərinə tamamilə yad olan bu konsept yetkinləşən insan üçün getdikcə əhəmiyyət qazanır. 

Come on and get me Tony - Belə bir epizod da var ki, diqqətimdən kənar qala bilməzdi. Bacısının sevgilisini öldürən Toni, bacısına qarşı qaranlıq hisslər bəsləyir. Filmin sonunda biz bunu əyani olaraq görə bilirik. "Come on and get me" deyən Gina, Tonini ifşa etməyə çalışmaqla yanaşı onu öldürmək istəyir. Bacı və qardaş arasında olan belə cəsarətsiz cinsi meyllin kökündə dayanan səbəblərin arxeologiyası və anatomiyası ilə əlaqədar dəqiq məlumatlar əldə edə bilməyəcəyik. 

American dream - İndiki dövrü nəzərə almadan ABŞ haqqında belə bir sual yerinə düşərdi: ABŞ həqiqətənmi belə səxavətlidir, yoxsa bu bir tələdir? "Scarface" filmi ilə "Moscow on the Hudson" filmini qardaş film hesab etmək olar: hər iki filmdə kommunizm yolunda hərəkət edən cəmiyyətlərdən xilas olan insanlar ABŞ-da öz arzuları arxasınca necə getdikləri təsvir olunub və maraqlıdır ki, nəticələr eynidir: hər iki halda sadə insanların məğlbiyyəti qaçılmaz olub. Yoxsa onlar harada dayanmalı olduqlarını bilməyiblər?

Digər arzuları deyə bilmərəm, amma hal-hazırda American dream mövhumu məhv olub. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi