Yukio Misima - Dənizin artıq sevmədiyi dənizçi

Юкио Мисима - Моряк, которого разлюбило море 

Yukio Mishima - The Sailor Who Fell from Grace with the Sea 

Yaradıcıllığı vasitəsi ilə olduqca yüksək zirvələrə ucalan Yukio Misima, yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən, klasiklərindəndir."Dənizin artıq sevmədiyi dənizçi" əsəri dənizi möhtəşəm macəralar məkanı bilən dənizçi Ryüdzi, dəbli dükan sahibəsi Fusako və onun azadlığını itirməkdən qorxan 13 yaşlı oğlu Noborunun həyat hekayəsindən ibarətdir. İlk baxışda bir-birinə tamamilə uzaq olan bu üç qəhrəmanı qovuşduran və ayıran qəribə qüvvənin fərqinə varmaq isə, çox güman ki, Yukio Misima kimi dahi yazıçıların öhdəsinə düşən vəzifədir. 

Kitabı oxumağı uzun illər öncə (təxminən 3 il yarım bundan öncə) planlaşdırmışdım. Yazıçının hələ "Qızıl məbəd" əsərini oxuyub bitirəndən sonra digər əsərləri haqda maraqlandım. Çünki yazıçı özünəməxsus fəlsəfəsi və yazı üslubu ilə qəlbimə yol tapmağa müvəffəq olmuşdu. "Maskanın etirafları" əsərinin yarımçıq saxlasam da, "Dənizin artıq sevmədiyi dənizçi" əsərini əvvəldən sona qədər oxuyub həzm edə bildim. Bildirmək istərdim ki, "Qızıl məbəd" əsərində bəhs olunan gözəllik fəlsəfəsi və axtarışından sonra "Dənizin artıq sevmədiyi dənizçi" əsəri daha çox ailə-məişət problemlərinin eleqantlaşdırılması təəssüratını bağışlayır. 

Yuxarıda da qeyd etdiyim kimi əsərin əsas üç obrazı olsa da, qəribədir ki, hansının baş obraz olduğunu söyləmək çətindir. Müəyyənləşdirmək üçün hər birinə individual yanaşmaq lazım gəlir. Bu baxımdan güclü şəxsiyyətə malik Fusakonu, qəribə fəlsəfi düşüncələrin içində tez-tez itib batan dənizçi Ryüdzini, yoxsa çətin yaş dövrü yaşayan qəddar və qeyri-müəyyən gələcəyə malik 13 yaşlı oğlan uşağı Noborunu baş obraz hesab etmək tamamilə oxucudan asılı vəziyyətdədir. Bu romanın kifayət qədər qəribə və özünəməxsus məqamıdır. 

Kitabda əsas ağırlıq azyaşlı uşağın formalaşdırmağa çalışdığı şəxsiyyəti üzərinə düşüb. Ailə vəziyyətinin və şəraitinin yaratdığı bəzi reallıqlar Noboruda ağır psixoloji travmalar şəklində öz təzahürünü tapıb və bütün bu problemlərin kökündə yazıçının səthi olaraq işarə verdiyi ana və oğul arasında yaranan cinsi cəlbetməni hesab etmək olar. Atasızlıqdan ailədə özünü yeganə kişi kimi dərk edən Noboru anasının timsalında əks cins haqqında artıq bir çox şeydən xəbərdardır (əlbəttə ki, hər bir oğlan uşağı üçün ana qadınlığın başlanğıcı, hər bir qız uşağı üçün isə ata kişiliyin başlanğıcıdır.) və onun fantaziyaları heç də tipik uşaqların üslubunda deyil. Məhz bu məqam Noborunu əsərin mərkəzinə daşıyır və mənim üçün hadisələrin episentrini işarə edir. Biz bir daha azyaşlı və gənc maksimalizminin necə də təhlükəli ola biləcəyi haqqında öyrənirik. Noborunun timsalında öz eqosunu ali varlıq kimi dərk edən uşaqlarda yaranan nihilizm olduqca gözəl təsvir olunub. 

Bəzən insanlar yetkinlik yaşına çatanda qəribə boşluq hissinin fərqinə varır və onu təhlil etməyə çalışır. Halbuki, həmin boşluğun kökləri yeniyetməlik illərinə gedib çıxır. Əlbəttə, şəxsiyyətlər müxtəlif olduğuna görə yeniyetməlik illərinin rezonansı heç də hamıda eyni olmur və ya heç də hamıda olmur. Sadalanan mövzular kitabda rast gəlinən mövzulardır və əlbəttə ki, bu məsələnin qeyri-bədii hissəsidir. 

Azadlığa gedən yol cinayətdən keçir. Sən gərək kimisə öldürəsən, parçalayasan. Yaxşı olar ki, bu sənin eynicinsli valideynin olsun. Ata və oğul arasında olan bu əbədi problem bəzən insanların bütün şəxsiyyətini və mənəviyyatını zəbt edir. Bu isə əsərin fəlsəfi hissəsidir. 

Dənizlər, okeamlar və onların fatehi olan dənizçilər arasında necə bir əlaqənin yarana biləcəyi olduqca romantik dillə təsvir olunub. Belə cümlələri oxuduqca öz-özlüyümdə düşünürdüm ki, yazıçını yazıçı edən onun bir çox insanın tamamilə adi hesab etdiyi hadisələrə, faktlara qeyri-ənənəvi yanaşma tərzi bəxş etməsindədir. Bütün bu klassik romantika da əsərin bədii kapitalını təşkil edirdi. 

"Qızıl məbəd" əsərindən fərqli olaraq "Dənizin artıq sevmədiyi dənizçi" məni təccübləndirən əsər oldu. Beynimdə əsərin tamlığını qorumaq üçün motivləri intellektual təhlillərlə ağırlaşdırmaq istəməzdim. Odur ki, mümkün olan bütün təhlil, resenziya və ya buna oxşar şərhimi minimum səviyyədə etdim. 

Misima yapon ədəbiyyatının ayrılmaz parlaq və eleqant nümayəndəsidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi