Rey Bredberi - Mars Xronikaları - Рэй Брэдбери - Марсианские хроники

         “Mars xronikaları” yazıçının 40-cı illərin ilk yarısında müxtəlif jurnallarda işıq üzü görən elmi-fantastik-fəlsəfi hekayələr toplusudur. Əsərdə 50-illərin ilk illərinə qədər amerikan cəmiyyətini narahat edən atom müharibəsi, daha prestijli həyat şərtləri arzusu, rasizm və senzuraya qarşı olan reaksiyalar, illər keçdikcə cəmiyyət üzvlərinin bir-birindən ayrılması kimi problemlər, elmi-fantastikanın dili ilə olduqca aktual və canlı üslubda yazılıb. Bredberi bizi gələcəkdə baş verəcək fəsadların qarşısını almağa çağırır. Bunu edərkən oxucuları öz təxəyyül gücünə heyran qoyur. Beləliklə, “Mars Xronikaları” Yerdə baş verən üçüncü dünya müharibəsi, Marsın insanlar tərəfindən kolonizasiyası, məskunlaşma zamanı aborigenlərin (marslıların) müqaviməti hekayələr toplusunun süjetini əmələ gətirir. Əlbəttə, süjetin konkretliliyi yoxdur, amma ingilislərin vəhşi amerikan torpaqlarını özününkiləşdirməsi zamanı amerikan hinduları ilə olan mübarizəsinə bənzər mövzular var və hekayələr bir-biri ilə əlaqəlidir (bəzi ədəbi tənqidçilər kitabı roman olaraq da qiymətləndirirlər).

“Marsda həyat varmı?” sualı öz elmi və fəlsəfi yanları ilə illərdən bəri bütün dünyada ən məşhur və həyəcanverici suallardan sayılır. Bəlkə də var, bəlkə də yoxdu, lakin ilk dəfə Rey Bredberi Marsa həyat verdi, onu rəngarəng planetə çevirdi. Mars planetini heç bir alim, heç bir insan hələ belə görməmişdi. Bu planetdə arzular, xəyallar, qorxular, içəridə gizlənən nələr və nələr üzə çıxır və bu yolla Mars sizə öz istədiklərini edir. Marsın gizli, sirli qəlbi var. Astronomlar Marsın qonaqpərvər olmadığını yaxşı bilirlər, Rey Bredberi isə bunu sıravi insanlara çatdırdı. Xüsusiylə yazıçı itkilərin geri dönüşü üzərində dayanıb. Yer planetində mümkünsüz olanı Marsda mümkün edərək, Marsı arzular planetinə çevirdi. Bəziləri yaxınlarına Marsda yenidən qovuşub (müvəqqəti olsa belə), bəziləri itirdiklər azadlıqlarına qovuşub, bəziləri isə uzun müddət özlərini boğurdular, lakin Marsda öz-özlərini azad etdilər.

         Toplunun digər bir xarakteristik xüsusiyyəti ondan ibratədir ki, praktiki olaraq hər hekayədə qeybdən yarananlar var. Belə başa düşdüm ki, bu səhnə arxasında qalmağı və hadisələrə dolayı yolla təsir etməyi seçən marslıların telepatik qüvvələrinin sayəsində insanlarla olan əlaqələridir. Hekayələrdə insanlar Yer planetindən Marsa müəyyən məqsədlər üçün gələnlər kimi təsvir olunmuşdur. Məsələn, qanunlardan, siyasətdən, atom müharibələrindən qaçıb Marsa sığınan insanlar, Marsı da Yer planeti kimi iqtisadi yöndən istismar etmək istəyənlər, Marsa ümid yeri kimi baxırlar.  Həqiqətən də, baxın görün yeni, məskunlaşmağa əlverişli, kiçik də olsa planet insanlar üçün nə dərəcədə arzuolunan bir şeydir (bu yeni bir şey deyil). İnsan kifayətlənməyi bacarmayan varlıqdır. Kosmosun gündən günə aktuallıq qazanır. Çünki doymayan insan kosmosu, kainatı böş görür və bununla orada allahlıq etmək istəyir.         

         60 il bundan öncə Bredberi yəqin ki düşünürdü ki, ən azı 2010-cu ildə Mars fəth olunacaq, lakin o bizim üçün hələ də əlçatmazdır. Nəinki Mars, hətta Ayın fəthində belə donmalar var. Fəth etmək məsələsində bir çox şeylər ortaya çıxır. İnsanın təbiətində olan və dəyişməz qalan özgə mədəniyyətə qarşı hörmətsizlik, hakimiyyət ehtirası, kobudluq kimi xüsusiyyətlər zaman və məkan tanımadan insanın yol yoldaşı olaraq qalacaq. Buna baxmayaraq istər Yerdə olsun, istərsə də Marsda olsun, bir nəfər, bircə nəfər olsa da tapılır ki, hər birimizin daxilində mövcud olan o işıqlı hissəyə sığınsın və haqq-ədalət tərəfindən çıxış etsin. Bredberi də belələrindən birisi oldu və hekayələrində də özünün klonlarını yaratdı.   

         Qəribə, daima dəyişkən, ecazkar, ələdüşməyən və insana qarşı heç də mehriban olmayan sakinlərlə məskunlaşan Mars planetini fəth etmək istərdinizmi?  Bredberi bunu mümkün etdi, amma insanın əbədi evi Yer planeti olaraq qalacaq. Rey Bredberi dünya ədəbiyyatının qızıl fonduna daxil olmuş yazıçıdır. Onun bütün əsərləri oxunmağa layiqdir.  

Kitabdan sitatlar:
1)    Biz insanların gözəlliyi məhv etmək kimi istedadımız var. Əgər biz Misirdə, Karnakks xarabalıqlarında yeməkxana açmırıqsa, bu ona görədir ki, ora mənfəətli ərazidə yerləşmir.
2)    Digər canlılar varlığın mənası haqqında baş sındırmırlar. Onlar sadəcə yaşayırlar. Həyatın öz xətri üçün yaşayırlar. Onlar üçün cavablar həyatın özündədir.
3)    İstənilən sağlam düşüncəli insan Yer planetindən getmək istər.
4)    Həmişə nədənsə qorxan azlıq olub, eyni zamanda qeyri-müəyyənlikdən, gələcəkdən, keçmişdən, indiki andan, öz-özündən və öz kölgəsindən qorxan təzyiqedici çoxluq da olub.

5)    Həyat qaydasında olanda, onunla mübahisə etməyə səbəb də tapmırsan. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi