Rey Bredberi - Mars Xronikaları - Рэй Брэдбери - Марсианские хроники
“Mars xronikaları” yazıçının 40-cı illərin
ilk yarısında müxtəlif jurnallarda işıq üzü görən elmi-fantastik-fəlsəfi hekayələr
toplusudur. Əsərdə 50-illərin ilk illərinə qədər amerikan cəmiyyətini narahat
edən atom müharibəsi, daha prestijli həyat şərtləri arzusu, rasizm və senzuraya
qarşı olan reaksiyalar, illər keçdikcə cəmiyyət üzvlərinin bir-birindən
ayrılması kimi problemlər, elmi-fantastikanın dili ilə olduqca aktual və canlı üslubda
yazılıb. Bredberi bizi gələcəkdə baş verəcək fəsadların qarşısını almağa
çağırır. Bunu edərkən oxucuları öz təxəyyül gücünə heyran qoyur. Beləliklə,
“Mars Xronikaları” Yerdə baş verən üçüncü dünya müharibəsi, Marsın insanlar tərəfindən
kolonizasiyası, məskunlaşma zamanı aborigenlərin (marslıların) müqaviməti hekayələr
toplusunun süjetini əmələ gətirir. Əlbəttə, süjetin konkretliliyi yoxdur, amma
ingilislərin vəhşi amerikan torpaqlarını özününkiləşdirməsi zamanı amerikan
hinduları ilə olan mübarizəsinə bənzər mövzular var və hekayələr bir-biri ilə əlaqəlidir
(bəzi ədəbi tənqidçilər kitabı roman olaraq da qiymətləndirirlər).
“Marsda həyat varmı?” sualı öz elmi və fəlsəfi yanları ilə illərdən bəri
bütün dünyada ən məşhur və həyəcanverici suallardan sayılır. Bəlkə də var, bəlkə
də yoxdu, lakin ilk dəfə Rey Bredberi Marsa həyat verdi, onu rəngarəng planetə
çevirdi. Mars planetini heç bir alim, heç bir insan hələ belə görməmişdi. Bu
planetdə arzular, xəyallar, qorxular, içəridə gizlənən nələr və nələr üzə çıxır
və bu yolla Mars sizə öz istədiklərini edir. Marsın gizli, sirli qəlbi var. Astronomlar
Marsın qonaqpərvər olmadığını yaxşı bilirlər, Rey Bredberi isə bunu sıravi
insanlara çatdırdı. Xüsusiylə yazıçı itkilərin geri dönüşü üzərində dayanıb.
Yer planetində mümkünsüz olanı Marsda mümkün edərək, Marsı arzular planetinə
çevirdi. Bəziləri yaxınlarına Marsda yenidən qovuşub (müvəqqəti olsa belə), bəziləri
itirdiklər azadlıqlarına qovuşub, bəziləri isə uzun müddət özlərini boğurdular,
lakin Marsda öz-özlərini azad etdilər.
Toplunun digər bir xarakteristik xüsusiyyəti
ondan ibratədir ki, praktiki olaraq hər hekayədə qeybdən yarananlar var. Belə
başa düşdüm ki, bu səhnə arxasında qalmağı və hadisələrə dolayı yolla təsir
etməyi seçən marslıların telepatik qüvvələrinin sayəsində insanlarla olan əlaqələridir.
Hekayələrdə insanlar Yer planetindən Marsa müəyyən məqsədlər üçün gələnlər kimi
təsvir olunmuşdur. Məsələn, qanunlardan, siyasətdən, atom müharibələrindən
qaçıb Marsa sığınan insanlar, Marsı da Yer planeti kimi iqtisadi yöndən
istismar etmək istəyənlər, Marsa ümid yeri kimi baxırlar. Həqiqətən də, baxın görün yeni, məskunlaşmağa əlverişli,
kiçik də olsa planet insanlar üçün nə dərəcədə arzuolunan bir şeydir (bu yeni
bir şey deyil). İnsan kifayətlənməyi bacarmayan varlıqdır. Kosmosun gündən günə
aktuallıq qazanır. Çünki doymayan insan kosmosu, kainatı böş görür və bununla
orada allahlıq etmək istəyir.
60 il bundan öncə Bredberi yəqin ki
düşünürdü ki, ən azı 2010-cu ildə Mars fəth olunacaq, lakin o bizim üçün hələ
də əlçatmazdır. Nəinki Mars, hətta Ayın fəthində belə donmalar var. Fəth etmək
məsələsində bir çox şeylər ortaya çıxır. İnsanın təbiətində olan və dəyişməz
qalan özgə mədəniyyətə qarşı hörmətsizlik, hakimiyyət ehtirası, kobudluq kimi
xüsusiyyətlər zaman və məkan tanımadan insanın yol yoldaşı olaraq qalacaq. Buna
baxmayaraq istər Yerdə olsun, istərsə də Marsda olsun, bir nəfər, bircə nəfər
olsa da tapılır ki, hər birimizin daxilində mövcud olan o işıqlı hissəyə
sığınsın və haqq-ədalət tərəfindən çıxış etsin. Bredberi də belələrindən
birisi oldu və hekayələrində də özünün klonlarını yaratdı.
Qəribə, daima dəyişkən, ecazkar, ələdüşməyən
və insana qarşı heç də mehriban olmayan sakinlərlə məskunlaşan Mars planetini fəth
etmək istərdinizmi? Bredberi bunu mümkün
etdi, amma insanın əbədi evi Yer planeti olaraq qalacaq. Rey Bredberi dünya ədəbiyyatının
qızıl fonduna daxil olmuş yazıçıdır. Onun bütün əsərləri oxunmağa layiqdir.
Kitabdan
sitatlar:
1) Biz insanların gözəlliyi məhv etmək kimi
istedadımız var. Əgər biz Misirdə, Karnakks xarabalıqlarında yeməkxana
açmırıqsa, bu ona görədir ki, ora mənfəətli ərazidə yerləşmir.
2) Digər canlılar varlığın mənası haqqında baş
sındırmırlar. Onlar sadəcə yaşayırlar. Həyatın öz xətri üçün yaşayırlar. Onlar üçün
cavablar həyatın özündədir.
3) İstənilən sağlam düşüncəli insan Yer planetindən
getmək istər.
4) Həmişə nədənsə qorxan azlıq olub, eyni zamanda
qeyri-müəyyənlikdən, gələcəkdən, keçmişdən, indiki andan, öz-özündən və öz kölgəsindən
qorxan təzyiqedici çoxluq da olub.
5) Həyat qaydasında olanda, onunla mübahisə etməyə səbəb
də tapmırsan.
Comments
Post a Comment