Firon - Фараон

"Firon" filmi qədim Misirdə hakimiyyətə gələn 13-cü Ramzes ilə kahin kastası arasında olan mübarizədən bəhs edir. Misirdə elə ictimai-siyasi vəziyyət yaranıb ki, firon artıq faktiki olaraq ali idarəedici deyil. Kahinlər öz hiyləgərlikləri və hərislikləri ilə hakimiyyəti ələ keçirməyi bacarıblar. Bu hadisələrin fonunda 13-cü Ramzesin iki qadına - yəhudi qızı Sara və alov kahini Kamaya olan sevgisi ona bədbəxtlik gətirir. Fironun kahinlərə olan nifrəti onu ölümlə üz-üzə qoyur. 

Əslində isə 13-cü Ramzes heç vaxt mövcud olmayıb. Hələ 11-cinin vaxtında kahin Herhor hakimiyyəti ələ alaraq, Misiri idarə etməyə başlamışdı. Düzdü, özü 11-ci Ramsesdən tez ölsə də, 11-ci Ramzesin ölümü ilə Misirdə başlanan "Yeni səltənət" erası da sonra çatır. "Yeni səltənət" erası isə elə-belə era olmayıb. Məhz bu dövrün sayəsində bu gün qədim dünya irsinin 20%-inə baxıb feyziyab oluruq. Bu qədər firon irsi, qədim dünya abidələri onların sayəsində tikilib hazırlanıb və günümüzə gəlib çatıb. Eramızdan əvvəl, təxmini olaraq 1550-1069-cu illəri əhatə edən bu dövrdə 18,19 və 20-ci sülalələr hökmranlıq edib. 

"Firon" o filmlər kateqoriyasına aiddir ki, izləyicinin aldığı təəssüratlar gözləntiləri aşır və uzun müddət möhtəşəmliyi və estetikliyi ilə beyində təbiətin bitkilərə, meyvələrə verdiyi təravət kimi yeni və canlı qalır. "Firon" güc, din və filmlər üçü qeyri-ənənəvi olan iqtisadiyyat haqqında möhtəşəm mövzulara toxunur. Saray oyunları, xurafatlar, mövhumatlar, intriqalar, həqiqi şəxsiyyət filmin monolitini formalaşdırmağa bəs edər. Filmi izlədikcə istər-istəməz filmin 1966-cı ildə çəkildiyi faktını yaddaşımın bir küncündən tez-tez dartıb çıxardırdım. Niyə? Dəfələrlə və dəfələrlə heyran qalmaq üçün. Vizual effektlər, aktyorların teatral ifası qəribə kinematoqrafik ab-hava yaradıb. Filmin Misirdə olan çəkilişləri izləyicini daha  da şad edir. 


Əslində isə filmin SSRİ vaxtında çəkilməsi bizə təhlil üçün yaxşı başlanğıc verir. Hər nə qədər filmdə aşkarca Polşanın katolik kilsə ilə üzləşdiyi problemlərin qısa icmalı təsvir olunsa da, senzura allahının gəlib bütün ittifaq ölkələrində yuxarı başa keçdiyi dövrdə, sözü olduğu kimi demək günah idi. Günaha görə isə həmişə cəzalandırılırıq. Ona görə də həqiqəti obrazlı, olmayan kimi, dolanbaclı yoldan təsvir etmək daha şirindir. Azadlığın olmadığı yerdə bədii ədəbiyyat və bədii film məhz bu səbəbdən inkişaf edir. Eləcə də, filmdə mərkəzi hökümətin ayaq izlərinə də rast gəlmək olur. Senzura aparatından keçməmişdən qabaq filmin rejissoru Cerzi Kavaleroviks (Jerzy Kawalerowicz) "kilsə (din) pis şeydi" sifarişini almışdı. Elə bu səbəbdən də özünə lazım olan məqamlarla paralel olaraq din məsələsini də süjetin bir hissəsinə çevirmişdi. Oxşar tendensiyalar ölkəmizdə də cərəyan edirdi. Ateist və illüziya qurbanı Sovet insanı, Sovet vətəndaşına gedən yol, onlara əziz olan və beyinlərinə hopan bir çox "lazımsız" şeylərin aramla, yavaş-yavaş silinməsindən keçirdi. Ona görə də "Firon" bizim üçün sadəcə Qədim Misirdə baş verənləri göstərən film deyil, həm də bizə an etibari ilə görünməz ismarıclar vasitəsi ilə göstərilən sosial-siyasi statusdur. 


Filmi izlədikcə ən bol olan şeyə fikir verməmək mümkün olmur. Bu qumdur. Film bir tərəfdə hakimiyyət çəkişmələrini, digər tərəfdən də səhra ilə insan arasında olan münasibətləri əks etdirir. Var-dövlətin, xəzinənin labirintlərdə gizlədilərək saxlanması, adi insanlara verilməməsi, sadəcə 2-3 nəfər üçün nəzərdə tutulması, sosial ədalətsizliyi və zəifləyən, lakin vaxtilə qüdrətli dövlət haqqında dolğun təsəvvürə malik olmağa yardım edir. Elə bu anda biz Sovet hökümətinin analogiyası ilə də rastlaşırıq. Qədim Misirin arıq, çəlimsiz və gücsüz kəndçilərini göstərərək firona yaxın olan kahin Pentuer, Misirin necə acınacaqlı vəziyyətdə olduğunu göstərməyə çalışır. Halbuki, bütün problemlərin həlli labirint-sərdabələrdə, olduqca yaxınlıqda gizlədilib. Sərvət üzərində diktatura ideal təsvir olunub və təəssüflər olsun ki, şər yenə də öz əməllərinə davam etməyə imkan tapır. Filmin sonunda sui-qəsdə məruz qalan gənc firon, əslində azadlığın və təmiz şüurun simvoludur. Cəmiyyətlər və onların idarəetməsi "tüstü" ilə dumanlandıqca, vətəndaşlar ac, güzsüz və aciz olurlar. Belə vətəndaşlar həm də, dövrünün Sovetlərinə də aiddir. 










Comments

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi