Aleksandr Belyaev - Sualtı əkinçilər - Александр Беляев - Подводные земледельцы

Bir qrup xəyalpərəst SSRİ-yə valyuta cəlb etmək və okeanın bəxş etdiyi nemətlərdən istifadə etmək məqsədilə Uzaq Şərqdə sualtı təsərrüfat yaratmaq qərarına gəlir. Sankt-Peterburqdan olan alimlərin etdiyi kəşf nəticəsində hazırlanan kibrit qutusu böyüklüyündə akkumulyator sayəsində bu arzunu həyata keçirmək mümkün olur. Bu enerji mənbəyinin köməkliyi ilə oksigenin okean suyunun elektrolizi ilə alındığı ən müasir sualtı skafandr və akvalanqlar hazırlanıb. Bu kömək edir ki, uzun müddət suyun altında qalmaq mümkün olsun. Batmış yapon gəmisinin korpusundan sualtı evə dam düzəldilir. Qısa müddət ərzində sualtı sahələr, traktorlar və zavodlar yaranır. Yapon brakonyerləri ilə mübarizə üçün isə sualtı səfərbərlik elan edilir.  Məsələ isə getdikcə böyüyür və yaponlar sualtı gəmi ilə hücuma keçirlər. Yapon sualtı gəmisi güclü elektromaqnit dalğası ilə məğlub edilir. Ziyankar yapon dəstəsinin başbiləni isə komunizmin tərəfinə keçən dənizçilərə görə özünü harakiri ilə öldürür. 


Əsərdə əsl Sovet abu-havası hiss olunur: kolxoz-sovxozların yaranması, sənayeləşmə və elektrikləşmə, qadın təfəkkürünün azad edilməsi, "yoldaş"-ların qonşu dövlətlərdə xilas edilməsi və s. 1930-cu il üçün  olduqca futuruistik və dinamik xarakter daşıyan əsərin mahiyyəti və aktuallığı heç vaxt itmir. Janr etibariylə bir neçə kəsişmələr var: Əsər sualtı texnologiyalar və kolxozlar, ən müasir akvalanq və skafandrlar və s. kimi ixtiralarla başladığına görə tam mənasıyla elmi-fantastik xüsusiyyət daşıyır. Gözəl izahlar və ideyalar ancaq günümüzdə ya reallaşır, ya da ilkin konseptual mərhələyə qədəm qoyur. Jül Vern və Kapitan Kustonu xatırlamaq yerinə düşərdi. Daha sonra ironik dedektiv söhbətimizə qoşulur və deyərdim ki, Aqata Kristi və Artur Konan Doylu da xatırlamamaq olmur. Buna baxmayaraq daha ciddi yanaşsaq və diqqətlə fikir versək görərik ki, əsərdəki hadisələr o dövrdə ən mübahisəli rus-yapon ərazilərində baş verirdi. Yazıçı isə bu əsəri ilə bir növ o hadisələrin motivini romanlaşdırmış və ideoloji-siyasi müstəviyə daşımışdır. Sonda isə xəfif romantika. Sevgi və onunla əlaqədar digər xoş hisslər özünü göstərir və göstərən kimi də qaçıb gizlənir. Bütün bu janrlar əsərdə var və əsər birmənalı şəkildə klassikadır. Ən əsası isə əsəri yeni janr olan "sualtı maceralar" kimi qiymətləndirmək olar. Belyaev sualtı dünyanı ideal təsvir edir: batmış gəmilər, sualtı balıqçılıq, xərçənglərlə olan mübarizə, tayfun və s. 

Vanyuşka Toporkov, əsərin baş qəhrəmanıdır və şəxsən məndə ciddi təəssüratlar yaratmadı. Cavan, canfəşan və nitq qüsurlu komsomolda nə isə sovet yelbeyinliyi, avaralığı və laqeyidliyi var. Bəlkə də hər şey onun qeyri-ciddi adından - Vanyuşkadan başlayır. Bəzən Sovet filmlərində belə personajlara rast gəlmək olur. Belə obrazlar qəhrəman kimi öyrədici funksiyanı yerinə yetirməkdə aciz olurlar, onlar daha çox təlxək kimi fəlaiyyət göstərə bilərlər. Sual yarana bilər ki, niyə Belyaev məhz belə obrazdan istifadə edib. Cavab olaraq isə konkret və dəqiq nə isə demək çətindi. Bunun elə bir ciddi səbəbi olmaya da bilər, yaxud da yazıçının sovet gəncliyindən olan narazılığının təzahür forması kimi də dəyərləndirə bilərik. Çünki Aleksandr Belyaevin əsərlərində yer alan heç bir element təsasdüfi və boşluqdoldurucu xarakter daşımır. Hər bir kiçik hissənin bizə çatdırmaq istədiyi böyük həcmdə informasiya var. 

Aleksandr Belyaevdən ilham alaraq onun bu "sualtı dünya" ideyasını reallaşdıranlar da tapıldı. Belə ki, 1966-cı ildə Ukrayna
İxtiandr layihəsi
ərazisindəki Tarhankut adlı yarımadada bir qrup dağ mexaniki və texniki və elm adamlarının iştirakı ilə "İxtiandr-66" layihəsi reallaşdırılmağa başlandı. Qısa müddət ərzində həcmi 6 kubmetr olan sualtı evcik hazırlandı və ilkin sakinlərini bağrına basdı. İlkin sakini Aleksandr Haes adlı cərrah olmuşdur. Hadisə ictimailəşdirildikdən və mediada işıqlandırıldıqdan sonra dövlət qurumlarının və dünya ictimayətinin marağını cəlb etdi. "İxtiandr-67" adlı layihə isə Laspi körfəzində 12 metr dərinlikdə həyata keçirildi. Sakinlər bu evdə 2 həftə yaşadılar. Üçguşəli ulduz formasında hazırlanan bu ev, öncəkindən 28 kubmetrlik həcmi və 4 otaqlı olmaqla fərqlənirdi. Sualtı evdə hətta ev heyvanları da təcrübə kimi saxlanıldı. "İxtiandr-68" layihəsi də reallaşsa da, digərlərinə maraq azaldı və tədricən növbəti gələcək layihələr təxirə salındı. Buna baxmayaraq "İxtiandr" layihələri sualtı dünyanın öyrənilməsi üçün böyük təkanverici qüvvə oldu. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi