Sən və mən - You and me - Ты и я
14 yaşlı introvert Lorenzo, ətrafı və xüsusilə də valideynləri ilə çətin dil tapır. Lorenzo bütün siniflə qarlı dağlarda xizək sürməyə getmək adıyla zirzəmidə yalnız qalmaq qərarına gəlir. O, yalnızlığı çox sevir və ondan razıdır. Onun dünyası elə sadəcə təkcə özündən ibarətdir. Sadəcə "mən" adlı dünya. Gözlənilmədən onun zirzəmisinə, başqa sözlə, həyatına Olivia adlı qız daxil olur. Bu qız onun gözləri qarşısında dəyişir və mübarizə aparmağa çalışır. Onların oxşar cəhətləri çox olsa da, Lorenzo onu müşahidə edərək özü üçün nəticələr çıxarır. Bu nəticələr isə onu dəyişdirir.
Ataları eyni, lakin bəsləndikləri ana südü fərqli olan bu iki gənc, deyərdim ki, həqiqətən də çətinliklərlə üzləşirlər. Onlar kimlərə görəsə sadəcə gənclik böhranındadırlar, kimlərə görəsə sadəcə oyun oynayırlar və kimlərə görəsə də, şəxsiyyətlərini formalaşdırırlar. Yanaşmalar çox olsa da, onları birləşdirən dəyərlər, onlara yol göstərmək iqtidarında deyil.
Uşaqlığınızı yada salın. Siz heç uşaqlıqda stullardan yaxud da nə isə ayaq üstə dura bilən əşyalardan evcik düzəldib, ona sığınıb, güvənib, orada qalmaq istəmisinizmi? Bilmirəm niyə, amma insan coğrafi, irqi və digər fərqlərdən asılı olmayaraq həmişə harasa sığınmaq, özüylə yalnız qalmaq və nəyəsə nail olmaq istəyir. Tarixən belə olub ki, bir çox qəbilələr inkişafın erkən vaxtlarında gənc oğlanları meşədə yaşamağa göndərirdilər. Bu zaman onlara heç bir yardım göstərmirdirlər və təbiətlə baş-başa buraxırdılar. Bu ciddi və çətin sınaqdır, amma bu sınağı keçənlər əsl kişi sayılırdılar. Lorenzoda da bir növü belə tendensiya var.
Məşhur psixoterapevt belə deyirdi ki, xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil. Uşaqlıq illəri çətin olmasa da, formalaşmaqda insan üçün çox əhəmiyyətlidir, amma gənclik illərinin isə özünəməxsus çətinlikləri var. Artıq insanın yaxşı və pis kimi kateqoriyaları yaranır və o, ciddi nəticələr əldə edir. Lorenzoda vəziyyət bir az daha mürəkkəbdir. Onun psixologiyası ətrafından çox fərqlidir. Fərqliliyi yalnızlığa, yalnızlığı isə qınaqlara səbəb olur. Onun elə bir insana ehtiyacı var idi ki, o, insan onun gözləri qarşısında əzab çəksin, dəyişsin, mübarizə aparsın və qələbə çalsın. Bununla o, insan Lorenzoya onun əslində daha zəif problemlərdən əziyyət çəkdiyini göstərməli idi. Olivia bu motiv baxımından onun üçün böyük hədiyyə oldu. Olivianın gözlər önündə narkotiklərin fəsadları ilə mübarizə aparması, bir növ Lorenzoya kömək etdi ki, o, başa düşsün ki, həyatdan ondan da çox əzab çəkən insanlar var, ondan da yalnız və köməyə ehtiyacı olan insanlar var və hər halda yaşamaq gözəldir. Həyata gülümsəməyi bacarsan, o, da pis yaxşı bunun qarşılığını verəcək.
Yeri gələndə filmin adı da çox şeydən xəbər verir. "Sən və mən". Bu dünyaya qarşı olan ayrı-ayrı yanaşmalardır? Bu individualizmdir? Görünən isə, adi ailə, psixoloji və hormonal problemlərdir. Lorenzo akvariumda qarışqa ferması saxlayırdı. Hər şeydən daha çox onlara maraq göstərirdi, amma onların akvariumu qırıldıqdan sonra, onları sadəcə köhnə bir jurnalın üzərinə yığaraq, qaçdığı o kobud və boz dünyaya tulladı. Lorenzonun özü də fərqli vəziyyətdə deyil. O, da akvariumunu qırmalıdır. Çünki biz istəsək də, istəməsək də bu dünyada müəyyən yerə sahiblənməliyik. Başa düşürəm onu olduğu kimi qəbul etmək olduqca çətindir, çünki heç də hər şey güllük-gülüstanlıq deyil. Ümid edirəm, Lorenzoya hansı motivlərin təkan verdiyini başa düşdünüz.
Olivia isə Lorenzonun qaçdığı o boz dünyaya geri dönmək istəyir. Olivia obrazı ilə rejissor əslində narkotik problemlərinə fərqli baxış sərgiləyir. Olivianın hansı əzabları çəkdiyini görmək həm bizim üçün, həm də Lorenzo üçün çox vacibdir. Çünki reallıq narkotiklərin istehlak edildiyi məqamda deyil, onun təsirinin keçib getdiyi vaxt ortaya çıxır. Həmin vaxt reallıq daha ağır olur. Sanki, yanmaya kömək edən oksigen insanı diri-diri yandırır. Hər halda bu iki insan təsadüfən bir-biri ilə qarşılaşmadı. Onlar qarşılaşdılar ki, bir-birinə deyiləsi sözlərini desinlər. Onlar həm sözlərini dedilər, həm də bir-birinə söz verdilər. Hansı öz sözünü tutacaq?
Bir şeyi də unutmayaq: Sən və mən birləşdikdə biz anlayışını verir və başqa sözlə cəmiyyətin əmələ gətirir. Film cəmiyyətin sağlamlığını, onun kimlərdən ibarət olduğunu göstərməyə çalışır. Ən əsası isə problemli insanları çıxış yolunu tapmağa çağırır.
Bu yeni kateqoriyadır: ikinci növ vətəndaş. Onlar nə uşaqdılar, nə də yetkin şəxs. Onlar sosial və iqtisadi baxımdan yerlərini tutmayıblar və başlarında burulğanlı proseslər baş verir. Onlar uşaqlıqda illərində ilişib qalıblar və elə düşünürlər ki, isteriya ilə böyükləri nə isə etməyə məcbur etmək olar. Buna baxmayaraq, onların hərəsinin öz həyatları və seçimləri var.
Seçim etmək bacarığı öz yerini tapmadıqda insan bundan çox əziyyət çəkir. Obrazlar seçim etməyə çalışdılar. Tam anlamaq olmur ki, seçim edildi yoxsa yox, amma hər halda yeni düşüncə keyfiyyətinə nail olundu.
60-cı illərin şləgeri olan Devid Bouinin "Space Oddity" mahnısından istifadə çox yerinə düşüb. Metafora və simvolikalar çox düşündürücü və öyrədicidir. Başa düşmək olur ki, filmöncəsi proseslər necə də möhtəşəmdir: ssenari və süjet. İzləmək məsləhətdir. Çünki ehtiyac var.
Comments
Post a Comment