Skip to main content

Uilyam Qoldinq - Milçəklər Kralı - Уильям Голдинг - Повелитель мух - William Golding - Lord of the Flies .

Vəhşini vur! Boğazını üz! Qanını tök!

Müharibə gedir. Məktəbli uşaqları evakuasiya edərək aparan təyyarə kimsəsiz adada qəzaya düşür. Beləliklə 20-ci əsr ingilis ədəbiyyatının ən güclü və özünəməxsus əsərlərindən birisi başlayır "Milçəklər kralı". Uilyam Qoldinqin ən gözəl əsərlərindən biri. Qara robinzonada və daihyənə fəlsəfi pritça. 

Ada. Mavi laqun. Uşaqlar. Cənnət? Kimsəsiz ada. Toxunulmamış okean. Böyüklərin nəzarətinin olmadığı uşaqlar və onların yaratdığı cəmiyyət. İnqilab. Qan. Ölüm. 

Müasir sivilizasiya maskası altında vəhşi heyvan yatır, yoxsa heç nədən asılı olmadan hər bir vəziyyətdə insan kimi qalmaq olar? İnsan nə vaxt yetkinləşir? 12 yaşında, yoxsa 25? Kitab 1954-cü ildə yazılıb. Hal-hazırda isə 2014-cü ildir və həmin hadisələr, həmin şərtlər təkrar olsa, eynilə həmin nəticələr təkrarlanacaq: - Sizcə hansı yaxşıdır: sizin kimi zəngisayağı rənglənmiş dəstə yaxşıdır, yoxsa Ralf kimi ağıllı-kamallı olmaq? Vəhşilər arasında bərk səs-küy qopdu. Piqqi yenə qışqırdı: Hansı yaxşıdır: qayda-qanunla yaşayıb hər şeyi məsləhətlə həll eləmək, yoxsa ov eləyib qan tökmək, öldürmək, öldürmək yaxşıdır? 

Deməli əsəri oxuduqca müxtəlif fəlsəfi yanaşmalar bir-birini əvəz edir. Hansının tamamilə doğru olduğunun demək çətin olsa da, hamısını birləşdirdikdə vacib nəticələr ortaya çıxır. Bu əsərin dərk edilməsi 25 % əsəri oxuyarkən, 75 % isə oxuduqdan sonra haqqında çox düşünməklə gerçəkləşir. Təməl fəlsəfə isə başa düşdüyüm qədəriylə belədir: böyüklərin cəmiyyətində gördüyümüz bütün iyrəncliklər, əslində insan adlanan canlıya ona doğuşdan bəxş edilən xüsusiyyətlərdir. Məhz bu xüsusiyyətin izahını yazıçı bütün əsəri vasitəsiylə çatdırmağa çalışır. Nəzərə almaq lazımdır ki, bu faktı adi cəmiyyətlərdə sübut etmək çox çətindir. Məhz buna görə də yazıçı robinzonada janrına müraciət edərək, insan təbiətinin erkən mərhələlərini ifşa etməyə başlayır. Başqa sözlə, hələ tarix bizə kobud, qaba gücün yoxsa intellektin daha vacib olduğunu göstərə bilməyib, amma maraqlı orasıdır ki, bu iki cəbhə stressli mühitdə birlikdə olanda, riyazi məntiqi nəticə kimi mütləq bölünmə və bir-biri ilə mübarizə olur. Ona görə də hamıdan dəlisovun hakimiyyəti ələ keçirməyi (Çiyinlərində oturmuş hakimiyyət meymun kimi qulağına nəsə pıçıldayırdı.) və xoşlarına gəlməyənləri sadəcə öldürməkələri heç kimə təəccüblü gəlməməlidir. Özündə bütün yaxşılıqları cəmləşdirənin sağ qalmasını isə təsadüfün lütfü kimi qiymətləndirmək olar. 

Öz çirkli bədəni, pırpız saçları, fırtıqlı burnuyla Ralf da uşaqların arasında dayanıb əvvəlki sadəlövhlüyünə ağlayırdı, insan qəlbinin niyə bu qədər qara olduğuna ağlayırdı, sədaqətli və ağıllı dostu Piqqinin yıxılıb havada necə uçduğunu xatırlayıb ağlayırdı. - Bəli dostlar, bəli. İnsan qəlbində yumşaq ifadə etsək qaranlıq, zülmət, sərt ifadə etsək zibil çoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu zibil tez-tez xarici aləmə çıxır və vəziyyəti korlayır. Beləliklə insanı insan edən bir digər xüsusiyyətlə tanış olduq. Xeyirli olsun.

İnsan qəlbinin bu vəhşi çalarları, vəhşi heyvan adlandırdığımız canlıları mat-məttəl qoya bilər. Çünki heç bir vəhşi heyvan əyləncə xatirinə bu qədər vəhşilik etməz: Vəhşini vur! Boğazını üz! Qanını tök! Çünki artıq onlara heç nə maneə olmur. Burada böyüklər və onların qadağaları yoxdur. Ona görə də rahatlıqla kiminsə ağzını-burnunu əzişdirmək də olar, kiminsə gözünə qum atmaq da olar. Qəribə burasıdır ki, vəhşilik nümayişində kimsəsiz adaya düşmüş uşaqlar və böyüklər arasında yəqin ki, elə bir fərq ortaya çıxmaz. Həm də düşünürdüm ki, uşaqlar ilk gündən verdikləri qurbanların xətrinə olsa belə, vaxt keçdikcə bir-birilərini başa düşəcəklər və əl-ələ verib problemlərin həllini sivilizasiyanın əxlaqi dəyərləri çərçivəsində həll edəcəklər, amma böyüklər və onların əxlaqi-etik sərhədlərinin olmadığı mühitdə buna ehtiyac varmı? Daima "Bizə ət lazımdır!" deyə qışqıranlardan nə gözləmək olar? 

Təhsil sistemimizin əlil olduğunu xatırlatmağa əlavə ehtiyac yoxdur. Bu şedevri mütləq ədəbiyyat kitablarına daxil etmək lazımdır. Çünki uşaqlar məhz öz yaşlarında olan bu obrazların əmələ gətirdiyi cəmiyyəti təhlil edərək, orada özlərini hansı mövqedə görəcəkləri haqqında düşünməlidirlər. Artıq uşaqlıqdan insanın gələcəyi məlum olur. Bunu görmək çətin deyil. Bunun qarşılığında isə orta məktəb ədəbiyyatında şagirdi düşünməyə vadar edən, bunu özünəməxsus tərzdə reallaşdıran əsərlər çox azdı. 

Kitab müxtəlif tənqidçilər tərəfindən ətraflı təhlil olunub. Məsələn, Çarlz Brayn Koks Critical Quarterly-də qeyd edir ki, Qoldinq bu romanı ilə bildirmək istəyir ki, insan həyatının hər bir hissəsi və anı dini əhəmiyyət daşıyır. "Faciəvi keçmiş" adlı araşdırmasında Devid Anderson romanda İncil motivlərini araşdırmışdır. Belə ki, həzrəti Adəmin oğlu Qabilin verdiyi qurban qəbul olunmadıqdan sonra o, qardaşını öldürmüşdür. Bu optimistik teologiyanın çöküşüdür. İnsanın əxlaqi təkamülü ilə biyoloji təkamülünün arasında yaranmış uçurumdur. Andersona görə roman insanın qurduğu cəmiyyətdə əxlaq prinsiplərinin deqradasiyaya məruz qalmasıdır. Romanda xoşbəxt sonluq yoxdur. Uşaqları xilas edənlər də, sanki, başqa dünyadan gəliblər. Onların dünyasında reqressiya atom müharibəsi həddinə qədər gəlib çatmıdşır. Təsvir olunan bədbəxtliklər o dərəcədədir ki, heç kim və heç nə onu həll edə, ya da yumşalda bilməz. Qabil sadəcə bizim uzaq qohumumuz deyil. O, müasir insandır. Onun öldürmək impulsları sərhədsiz dağıdıcılıq instinktinin törəməsidir. Konrad isə (tənqidçi) hesab edir ki, roman insan günahsızlığını məhv edir və uşaqların böyüklərin qurduğu dünyanın qurbana çevrildiyini göstərir. Onlar açılan səhərdən zövq alırdılar: parlaq günəş, ucsuz-bucaqsız dəniz və təmiz hava – oynamaq və əylənmək vaxtıydı, həyat gözəlliklə doluydu və ümid heç lazım da deyildi, hətta unudulmuşdu.


Müxtəlif obrazların şəxsiyyətlərinin necə parçalandığının şahidi olduq. Analoji olaraq müasir dünyada qurulan sistemlərin bunu necə etdiyini rahat görmək olar. Biz bu prosesdə çox vaxt abstrakt məsələləri günahlandırırq, halbuki səbəb elə sadəcə qaranlıq insan təbiətidir. Balacalar adada vəhşini kənarda axtarırdılar, lakin bu onların daxilində idi. Vəhşilik onların daxilində idi və onlar bunu hiss etsələr də, belə düşünürdülər ki, o hardasa adada çox uzaqdadır. - Onlar rənglənmiş olacaqlar. Özünü bilirsiniz necə rənglənirlər… O bir uşaqlar başlarını tərpətdilər. Rəng maskasının insana necə böyük sərbəstlik və vəhşilik gətirdiyini onlar artıq yaxşı başa düşürdülər. Amma biz rənglənməyəcəyik, – Ralf dedi, – çünki biz vəhşi deyilik.

Son olaraq demək lazımdır ki, əsər həqiqətən də çox qorxulu və kədərlidir. Şüurun, məntiqin, mədəniyyətin, təbiətin kobudluq, vəhşilik və ehtiras tərəfindən necə də asanlıqla məğlub edilməsini izləmək məni kədərləndirdi. Birgə yaşayışa olan hörmətsizlik və ölümün oyuncaq kimi bəsit formaya düşməsi məyusluq, insan vəhşiliyinin ortaya çıxması ilə isə nostalgiya yaratdı. Unutmayın, həyatınızda elə bir şəraitə, elə bir mühitə düşə bilərsiziniz ki, həmin vaxt ətrafınızdakı insanlar sadəcə olaraq sizə düşmən ola bilər. İnsan yalnız bütün ehtiyacları ödəndiyi halda özündə özünü mədəni aparmaq gücünü axtarıb tapır və bu rolu ideal oynayır. Ehtiyaclar ödənməsin və daxildəki vəhşi oyanır, iti caynaqları ilə ətdən sümükdən olan bədəni didib-dağıdır. Belə olduqca insanın daxilindəki qanaxma onun gözlərinə qədər qalxır və qısa müddət ərzində beynini iflic edib, hakimiyyəti ələ alır. Bizim biyoloji sistemimizin işləmə prinsipləri bax beləcə sadədir. Biz bununla barışmalıyıq, yoxsa bu qaça-qovda dayanıb, arxaya çevrilib digər yarımızın gözlərinə diqqətlə baxaraq onu yerində oturtmalıyıq. Bax bunu artıq özünüz düşünün. 

Bəzən hətta mən özüm də bezirəm. Tutaq ki, o birilər kimi mən də fikir vermədim, narahat olmadım. Onda bizim axırımız necə olacaq.

Comments

Popular posts from this blog

Herbert George "H.G." Wells - İnvisible Man - Görünməz Adam

Herbert George Wellsi yaxşı tanıyıram. Bir əsərini oxumuş, bir digər əsəri əsasında çəkilmiş bir filmə baxmışam. Özünəməxsus üslubu olan bu yazıçı Sci Fi janrında, yəni elmi fantastika janrında yazıb yaratmışdır. Yazdığı əsərlər çox maraqlı, həyəcanverici, düşündürücü və yadda qalandır. 
Kitabın arxa üzündən: Soğuk bir kış günü,kimselerin uğramadığı Iping Kasabasına karlar arasından,sargılar içinde en ufak yeri bile görünmeyen tuhaf bir yabancı çıkagelir.Kimdir bu yabancı?Kendi halinde deneyleriyle uğraşan bir bilimadamı mı,polisten kaçmaya çalışan bir kanun kaçağı mı,yoksa bütün o giysilerin altında bombalar taşıyan bir şüpheli mi?...Hem bilim kugu hem de Wells'in başyapıtlarından biri...
Fikirlərim: Məncə klassik olan bu əsəri elmi-fantastik ədəbiyyatla maraqlanan, ona yüksək dəyər verən hamı oxumalıdır. Yazıçının uğuru insanın gizlətməyi bacardığı hisslərin və psixologiyanın oxuyuculara böyük ustalıqla çatdırmasıdır. Ona görə də onun əsərlərini psixolojik də hesab etmək olar. İns…

Aleksandr Puşkin - Kapitan qızı

RUS: Александр Пушкин - Капитанская дочкаDünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir.

Aleksandr Belyayev - Amfibiya adam

Александром Беляев - Человек-амфибия
"Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan  İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. 
...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza"-nın…