3 İdiots

İki dost itirdikləri üçüncü dostu tapmaq üçün səyahətə çıxmalı olurlar. Bu macerada onlar çoxdankı hadisələri xatırlamalı, toy dağıtmalı və yas mərasimində iştirak etməli olurlar. Bütün bunlarla yanaşı ən əsas səyahət xatirələrə olan səyhətdir. Bu xatirələrin ən parlaq ulduzu Rançodur. Ranço onların həyatına anidən daxil olaraq həyatlarını dəyişdirən şəxsdir. Onlar tələbə yataqxanasındakı dövrlərini xatırlamağa başlayırlar: Rançonun Pia adlı qıza olan sevgisini və Viru adlı diktator-rektor olan mübarizəsini və s. 


Bir məqama diqqət yetirməyə dəvət edirəm. Hindistan. Film Hindistan cəmiyyətinin reallıqlarını çatdıran ideyalardan ibarətdir. Sadəcə reallıqlar deyil, eyni zamanda o möhtəşəm Hind fəlsəfəsi. Sözün düzü, mən dünya sivilizasiyasını Hindistanın ona təqdim etdiyi mənəvi nemətlərsiz təsəvvür edə bilmirəm. Onun fəlsəfəsi, ədəbiyyatı, dini təlimnləri və digər elementləri dünyada milyonlara ümid verir. Məhz bu kontekstdən yanaşanda "3 İdiots" filmi də öz mənəvi dəyərləri ilə çox əhəmiyyətlidir. 
"3 İdiots" insanın müasir cəmiyyətlərdə özünə yer qazanması, dostluq, sevgi, dəyərlər, məna axtarışı, özünüreallaşdırma haqqında rastlaşdığım ən gözəl nümunə oldu. Bu ekran əsərini sadəcə film kimi dəyərləndirmək onun uğrunda əziyyət çəkənlərə haqsızlıq olardı. Heç bir filmdə təhsil sisteminin bu dərəcədə gözəl tənqid olunduğunu görməmişəm. Təhsil sistemi haqqında hansısa analitik məqalə oxuyub 5-10 dəqiqəlik intellektual artımın həzzini yaşamaqdansa, bu gözəl filmi izləyib, reallıqları reallığın özündən nə əskik, nə də artıq formada bir daha görmək və çox vaxt cəsarət edib etmədiklərimizi kənardan izləmək daha məqsədəuyğun olardı. Təhsil kimi vacib prosesin bütün dünyada əlil vəziyyətdə olmağı hər bir normal düşünən insanı narahat etməlidir. Təhsil cəmiyyəti yonmalıdı. Ona forma verməlidir, lakin indiki halda təhsil sadəcə radikal rəqabət, qəddar fəlsəfə, mənasız və maraqsız məlumatlar və dəyərlər məcmusu və qorxuya əsaslanan, heç də xoş olmayan, zövqsüz məcburiyyətdir. Bu hər yerdə belə olmaya bilər. Hanısa universitetlərdə, ölkədə belə olmaya bilər, amma əsas məsələ təhsilin hansısa spesifik və seçilmiş coğrafi məkan və cəmiyyətdə olması deyil, bunun Hindistanın yoxul əhalisinin yaşadığı ərazilərdən tutmuş, Harvarda qədər eyni amalları paylaşması və eyni keyfiyyətə çatdırılmasıdır. Əgər bu fikir sizə fantastik və əlçatmaz gəlirsə, deməli, işlək olmayan təhsil sistemini siz də qəbul edirsiz. 

Filmdə Hindistan cəmiyyəti bütün kontrastı ilə təsvir olunur. Heç nədən çəkinmirlər. Elə məhz bu məqamdan hərəkət edərək, ümumi şərq cəmiyyətlərinin necə də oxşar olduqlarını görmək olar. Unutmaq lazım deyil ki, şüurun, ruhun və intellektin qələbəsi yalnız insanın təbii bacarıq və istedadlarının azadlığa buraxılması və üzərində işlənməsi ilə mümkün ola bilər. 

Filmin nümayiş etdirdiyi sevgi və nifrət, toy və yas, doğum və intihar, dostluq və satqınlıq, qorxaqlıq və cəsarət kimi elementlərdə bütün insan şəxsiyyətinin və cəmiyyətinin çalarlarını, paradokslarını görmək mümkündür. Valideyn və övlad münasibətləri, təhsil böhranı, qadın və kişi münasibətlərindəki həqiqi dəyərlər, sosial bərabərsizlik və yoxsulluq, ixtisas seçimində arzuların payı, dostluq və qarşılıqlı münasibətlərdəki dəyərlər, tələbə və gənclər arasındakı zorakılıq, müəllimlərin qeyri-insani və sadəcə axmaqcasına davranışları kimi mövzulardan vacib və əhəmiyyətli ikinci hansı mövzuları tanıyırsız? Məhz bu səbəblərə görə, bu filmi sosialogiya dərsliyinə bənzətmək olar. Bu dərslik o qədər özünəməxsusdur ki, o həm tərifləri və izahları verməklə yanaşı, çıxış yollarını da göstərir. Çıxış yolları isə digər rəqib dərsliklərin iddia etdiyi kimi çətin və əlçatmaz deyil. 

Bu film şəxsən mənə çox şey haqqında bir daha düşünməyə səbəb oldu. Təsvir olunan mövzularda şahidi oldum ki, oxşar problemləri yaşayan təkcə biz deyilik. Əgər problmeləri ortaq olaraq birlikdə yaşayırıqsa, deməli onların həllinə də birlikdə, kosmopolitcəsinə cəhd edə bilərik. 

Müasir kinematoqrafiya bizə pul, qətl, kobudluq və qəddarlıq kimi cəmiyyəti dağıdan məsələləri aşılamaq istəyir. Bu film isə dünya kinematoqrafiyasına səmimilik damlasını bəxş edir. Reinkarnasiya fəlsəfəsinin təsiridir ki bəlkə də, Hindistanda hər zaman problemlərin yaxşı təsvirini verən əsərlər meydana gəlir. Bildiyimiz kimi Hindistan cəmiyyəti kastalara bölünüb və bu kstalara tətbiq olunan qayda-qanunlar çox ciddidir. Heç kim bu qayda və qanunlara etiraz etmir. Çünki onlar reinkarnasiyaya - yenidən doğuma inanırlar. Onlar inanırlar ki, gələcək həyatlarında daha yüksək kastada doğulacaqlar və aclıq və səfalət içincə küçədə gecələməyəcəklər. Bu filmdə də bu anlayışın çalarlarını görmək mümkündür. 

Sadə həqiqətlər. Məhz bu amil filmi gözəl edir. Filmi nə ilə isə müqayisə etmək üçün çox fikirləşdim, amma ciddi uğur əldə etmədim. Bir məqama isə xüsusilə diqqət yetirdim. Film izləyicini həm güldürür, həm də kədərləndirir. Bunu yükəsk səviyyədə edir. Bu nadir prosesdir və uğurlu icrası çətindi. Ona görə də cəsarətlə və rahatlıqla deyə bilərəm ki, bu filmi izləyin. Çox şey öyrənəcəksiniz. 

P.S. Uğursuz tələbənin ifa etdiyi

"Give me some Sunshine, Give me some rain,
Give me another chance I wanna grow up once again" 

mahnısı çox xoş təsir etdi. Əla mahnıdı və bir çox gəncin dərdininin musiqi ilə ifadəsidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi