Cek London - Əcdadların Harayı - Джек Лондон - Зов предков

Londonun
dili nəfis, dərinmənalı, dinamik və gərgin süjetlidir. Yazıçının həyatı
haqqında maraqlandıqdan sonra bu gözəl üslubun (naturalizm, realizm) yaranma səbəblərini
başa düşmək olur (uşaq yaşlarından ağır zəhmətə öyrəşmiş insan). Onun əsərləri
insanı mənəvi cəhətdən bərkidir, insana bir çox şeyi göstərir, başa salır. London
dəfələrlə deyir ki, həyatda qalmağın şərti güclü olmaqdır. Həyatın universal
ritmini, sənə göstərdiklərini qəbul edib, onlardan istifadə etmək əsas məsələdir.
Bu qanun hər yerdə işləyir. Beton cəngəlliklərdən tutmuş daimi buzlaqların
olduğu Alyaskayadək. Və bir gün sənin sakit cənub günəşinin isitdiyi evciyinə gəlirlər
və bəxti gətirməyən digər sağlam köpəklərlə Alyaskaya xudbin insanların daha
çox pul qazanmaları üçün oğurlayıb aparırlar. Sən nə edə bilərsən? Müqavimət
göstərsən də, dəyənək və yumruq qanunu səni əhliləşdirir. Sən qaba güclə, bu
dünyanın ən əvvəldən ağası olan qaba gücün özüylə tanış olursan. Əhliləşib,
sınırsan və onların dediyini edirsən. Budur başlayır: aclıq, şaxta, rəqabət və
sağ qalmaq üçün daima öyrənmək və mübarizə aparmaq. Lakin Nitsşe düz deyirdi:
"Bizi öldürməyən şeylər bizi güclü edir". Nəhayət çətinliklər səni elə
formalaşdırır ki, sənin əzələlərin və mənəvi gücün istənilən çətinlik və rəqabətdə
baş açmağa kömək edir. Anidən sən anlayırsan ki, bütün bunlar - sahiblər,
sadiqlik, liderlik və s.- sənlik deyil. Səni azadlıq çağırır. Azadlıq, vəhşilik,
təbiətin özü, dünyanın ilkin forması, əbədiyyət səni haraylayır. Sən ona çox
yaxınlaşmısan. Yaxşı bəs sənə kimsə təminat verə bilərmi ki, bu sənin yeni
sahibin deyil? Deməli azadlıq da nisbi anlayışdır.
Belə
başa düşə bilərik ki, nəsillər bir-birini əvəzlədikcə, vaxt-zaman irəlilədikcə
biz (həm insanlar, həm də digər canlılar) dəyişirik, lakin bir gün əcdadlarımızın
harayı bizi çağırır. Bizdən asılı olan və olmayan səbəblərə görə biz onlardan həm
ayrı düşürük, həm də zaman-zaman yaxınlaşırıq.
Belə
gözəl əsərlə nə qədər çox insan tanış olsa, bir o qədər yaxşıdır. Bek, sən mənim
qəhrəmanımsan. Sən həmişə güclü olmusan. Səni çox istəyirəm. Səni tanımağım çox
yaxşı oldu. Qaç! Şaxtalı beynimdə, xəyalımda, arzularımda, qəm-qüssələrimdə
isti nəfəsini hiss elətdirərək mənim yanımda mənimlə qaç! Gəl onlara göstərək
ki, biz çətinliklərin öhdəsindən gələ biləcəyik.
P.S. Cek, sənin əsərlərində əbədiyyəti görürəm...
Comments
Post a Comment