İqtisadiyyat kitabları #1


"İqtisadiyyat kitabları" adlı silsilə yazılarımda sizinlə oxuduğum və məsləhət gördüyüm elmi kitablardan bəhs edəcəyəm. Bacardıqca onları necə əldə etməli olduğunuzu da bölüşməyə çalışacam. 

Alec Ross - The Industries of the Future - Gələcəyin sənayeləri

Əslində təkcə iqtisadçıların yox, həm də hamının bilavasitə nəzər-diqqətində olan mövzulardan da biri budur ki, gələcəkdə insanlar əsasən hansı fəaliyyət sahələrində işləyəcək? Çünki hamımız özümüzdən sonra müəyyən yeni bir nəsli qoyub gedirik və istəmərik ki, gəncləri yanlış yönə yönəldək. Ondan da əlavə, sırf intellektual olaraq gələcəkdə hansı struktur dəyişikliklərin baş verə biləcəyini bilmək hər zaman maraqlıdır. Bu hər şeyə öz təsirini göstərən məsələ olduğu üçün çox böyük vaciblik ərz edir. Bizim bu günkü elmi, texnoloji və hətta mədəni ənənələlərimiz gələcəyin də iqtisadi fəaliyyət sferalarını müəyyənləşdirir, onların bünövrəsini formalaşdırır. Lakin Alek Rossun mövzuya olan yanaşması heç də təfsilatlı deyil. O, əsasən öz şəxsi təcrübəsini bölüşür və ABŞ-ın mütləq liderliyini propoqanda edir. Təəssüflər olsun ki, kitab gözləntilərimi doğrultmadı. Buna baxmayaraq, müəyyən mövzular çərçivəsində yaxşı fikir mübadiləsi var və göstərilən parlaq intellektual faktlar konkret mürəkkəb fenomenləri izah etməyə çalışır. Əlqərəz, deməzdim ki, yeni bir şey öyrənə bilərsiniz, amma kifayət qədər əlçatan bir kitab kimi palana daxil etmək olar. Kitabı yüklə (epub)

Gary  Koop - Analysis Of Economic Data - İqtisadi verilənlərin analizi

Bu kitabı tamamilə təsadüfən satın aldım. Oxuyub bitirəndən sonra isə, sanki iqtisadiyyatı yenidən kəşf etdim. İndiyə qədər müxtəlif mənbələrdə, konfranslarda və simpoziumlara gördüyüm verilənlərə tamamilə yeni gözlə baxmağa başladım. Qeri Kup öz kitabında oxucunun heç nə bilmədiyini fərz edib və hər şeyi mümkün ola biləcək ən parlaq, ən anlaşıqlı və ən kəsə yoldan izah etməyə çalışıb. Kitabın praktiki tərəfi də odur ki, siz mövzuları oxuduqca lazım olan məsələləri məşq eləməkdən ötəri öncədən yükləniləbilən excel fayl hazırlanıb və keçidi kitabın ilk səhifələrində qeyd olunub. Kitabın izahetmə bacarığı çox yaxşıdır. İngilis dilində olsa da, sanki elə ana dilində oxumuş kimi olursan. Keşkə, belə  kitablar çox olardı. Xülaseyi-kəlam, əgər siz iqtisadi verilənləri reqressiya, korelasiyaya və onların kombinasiyasına əsaslanan iqtisadi modelləşdirmə və analiz nöqteyi-nəzərdən təhlil etmək istəyirsinizsə və zəruri ekonometrik bilgiləriniz yoxdursa, bu kitab ideal seçimdir. Kitabı yüklə (PDF)


Mariana Mazzucato - The Entrepreneurial State: Debunking Public vs. Private Sector Myths

Son dövrlərdə oxuduğum bir çox iqtisadi məqalələrdə rastlaşdığım, çoxlarının bəyəndiyi və təriflədiyi bu kitabı oxumaq qərarımdan peşman oldum. Kitab çox primitiv ideyaları empirik yöndən dəyərləndirir və eyni şeyin ətrafında var-gəl edir. Ümumiyyətlə, iqtisadiyyatda hər ölkənin öz reallığı olur və ona uyğun da tədqiqatlar aparılır. Mariana Mazzuçato isə öz kitabında ABŞ nümunəsini mütləq etalon kimi bizə çatdırır. Məncə, bu tamamilə yanlışdır. Kitabın yazı dili də zövqlü mütaliə prosesini təmin etmir. Nə demək olar. Əgər innovasiyaları ABŞ əsaslı nümunədən başa düşmək istəsəniz, oxuya bilərsiniz, amma şəxsən mənim ruhum bu kitabla barışmadı. Kitabı yüklə (mobi)


Dani Rodrik - Economics Rules: Why Economics Works, When It Fails, and How To Tell The Difference

Deni Rodrik mənim ən çox bəyəndiyim iqtisadçılardandır. Çoxlarından fərqli olaraq o həmişə öz tənqidi mövqeyini qoruyub saxlaya bilir, həm də istər bilavasitə dar ixtisaslaşmış oxucu kütləsi üçün, istərsə də geniş oxucu kütləsi üçün maraqlı araşdırmalar təqdim edir. O, mənim əsas tədqiqat maraqlarımdan biri olan "sənayesizləşmə" fenomeni və iqtisadi siyasət ilə əlaqədar təfsilatlı işlər ortaya qoymuş bir alimdir. "Economic Rules" isə məxsusi kitab olub hamı üçün anlaşıqlı dildə iqtisadiyyatın ən müasir meynstrimində baş verənləri müzakirə edir. 

Mütəmmadi olaraq iqtisadiyyat üzrə elmi konfranslarda, forumlarda və simpoziyumlarda iştirak edən birisi kimi nələrin trenddə olduğunu yaxşı bilirəm. Bu kitabın da, bir növ, bizlərə çatdırmaq istədiyi həmin trendlərə düzgün yanaşmanı aşılamaqdır. Şəxsən özüm, həm obyektiv, həm də subyektiv səbəblərdən, iqtisadi modelləşdirmələrə qarşı çox tənqidi yanaşır, onları lazımsız bir şey kimi qəbul edirdim. Eləcə də, mütləq qeyd etmək lazımdır ki, hal-hazırda çoxları iqtisadiyyatda baş verən ifrat riyaziləşməni "model hazırlamaq" və ya "indeks quraşdırmaq" adı altında sui-istiafdə edirlər. Məsələn, neo-Şumpeterianizmin nə olduğunu bilməyən gənc tədqiqatçılar hansısa ekonometrik proqram təminatdında 3-5 kliklə böyük-böyük cədvəllər hazırlayıb "biz iqtisadi təhlil apardıq və tapdıq ki..." tipli çıxışlarla həm özlərini, həm də bizi aldadırlar. Bu faktdır. Təbii ki, modelsiz və indekslərsiz keçinmək mümkün deyil. Lakin qeyri-ekonometrik fundamentalizm olmadan, daha doğrusu uyğun iqtisadi fikir məktəbini izləmədən, iqtisadi tarixi və fəlsəfəni qəbul etmədən araşdırmalar aparmaq iqtisadiyyatda məyyən kənaraqaçma meyili yaradır ki, bu da qeyri-praktikliyə gətirib çıxarır. Deni Rodrik özünün bu kitabında da da məhz bu balansı izah etməyə çalışır. Kitabı yüklə (PDF)

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi