İqtisadiyyat kitabları #2


Vladimir Popov - Mixed Fortunes: An Economic History of China, Russia, and the West


Son dövrlər oxuduğum və çox böyük zövq aldığım iqtisadi təhlil kitabı, rus iqtisadçısı Vladimir Popovun "Qarışıq talelər: Çinin, Rusiyanın və Qərbin iqtisadi tarixi" adlı əsəri oldu. Kitab çox anlaşıqlı dildə adıçəkilən regionların müasir iqtisadi quruluşlarını tarixi təkamül nöqteyi-nəzərdən, əsasən institusional iqtisadiyyatın prizmasından qiymətləndirir. Zənnimcə, çox anlaşıqlı dildə yazılan kitab müəllifin iş təcrübəsi ərzində yazdığı elmi məqalələrin genişləndirilmiş variantıdır. Ən əsası isə, kitab son dövrlərdə ifrat ekonometrikləşən iqtisad elminin tarixi-mədəni kontekst təhlilindən uzaq düşməsi tendensiyasına qarşı çox sanballı cavab kimi qəbul edilməlidir. 

Belə kitabları oxunmağa layiq edən ən vacib cəhət odur ki, o bizim nəzər-diqqətimizi bir-biri ilə sıx əlaqədə olan sistemlərin mahiyyətini "qutudan-kənarlılıq", yəni yeni nəfəs bəxş olunmuş yanaşma ilə izah edir. Şəxsən mən mütaliə əsnasında çoxdan ehtiyac duyğudum məqamları özümdə aydınlaşdırdığımı və müəyyən məqamlarda biliyimi artırdığımı açıq-aşkar hiss edirdim. Mənə elə gəlir ki, oxucu üçün bundan dəyərli proses ola bilməz və əldə olunan fayda bütün xərclərə (vaxt, enerji, pul və s.) dəyər. (Kitabı yüklə PDF)

Joshua Kurlantzick - State Capitalism: How the Return of Statism is Transforming the World


Bildiyimiz kimi kapitalizmin növləri çoxdur. Onlardan birin də "dövlət kapitalizmi"-dir. Əslində mən kapitalizmin bu yönünü kolleqalarla olan yaxın keçmişdəki müzakirələrə qədər bilmirdim. Mövzuya artan marağım məni Coşua Kurlantzikin kitabını oxumağa sövq etdi. Kitab bu növ kapitalizmin əsas elementlərini və xüsusiyyətlərini bizimlə əsasən Çin və Şərqi Asiya ölkələrinin, eləcə də Rusiyanın timsalında bölüşür. Kitabı mənə elmi rəhbərim məsləhət görmüşdü və oxuyub bitirəndən sonra tamamilə ayrı bir dünya kəşf etmiş olduğumu başa düşdüm. Müəllif özü olduqca sanballı jurnalistidir və çox yaxşı tədqiqat bacarığı var. Kitabın çoxlu faktlara, real nümunələrə və məntiqi hadisələrə əsaslanması müsbətləri arasında, bir qədər təkrarçı dili və uzun cümlə quruluşları isə (bəzən bu həqiqətən də çox yorucu olurdu) mənfiləri arasında sadalana bilər. Uzun sözün qısası, əgər siz iqtisadiyyat, siyasət və sosiologiya kimi sahələrin birləşməsindən doğan məhsulda maraqlısınızsa, bu kitab birmənalı olaraq oxunmağa dəyər. Amma bir şeyi nəzə almaq lazımdır ki, müəllif tam olaraq iqtisadçı deyil. Ona görə də ənənəvi iqtisadi analizə əsaslanan, nəzəriyyə və praktika fokuslu bir iş gözləməyin. Kitabı yüklə (PDF)


Balazs Szent-Ivanyi - Foreign Direct Investment in Central and Eastern Europe: Post-Crisis Perspectives


Mərkəzi və Şərqi Avropa ölkələri olan Macarıstan, Slovakiya, Çexiya və Polşa kimi ölkələrin (bundan sonra Vişeqrad ölkələri) müasir iqtisadiyyatlarını
öyrənmək istəsəniz, bu kitab çox gözəl başlanğıc olacaq. Kitab həm də çox yaxşı metodoloji yanaşmaları özündə əks etdirir. Anlaşıqlıdır və maraqlı fenomenlərdən bəhs edir. Məsələn, adı çəkilən regionun müasir iqtisadi reallığı dünyanın bir çox ölkələrindən və regionalarından onunla fərqlənir ki, regionun xarici birbaşa investisiyalardan asılılığı çox yüksəkdir. Xüsusi tip biznes modellər bu gün sadalanan ölkələrin cəmiyyətini və məxsusi olaraq da iqtisadçılarını narahat edir. "Dəyər cəlbi tələsi" (Value capture trap)* mütəmmadi olaraq iqtisadi konfransların, simpoziumların və forumların ən aparıcı mövzusudur. Terminin problematikası özündə onu ehtiva edir ki, Vişeqrad ölkələri bir çox yüksəksəviyyəli Qərb firmalarının ofislərinə ev sahibliyi etsə də, ixtisaslaşdığı sahələr əlavə dəyərin yaradılmasında böyük paya sahib deyil, habelə yaxın gələcəkdə belə bunun perspektivi yüksək görünmür. Mərkəzi Avropa iqtisadçılarının həyəcan təbili çalmasının da kökündə duran səbəb odur ki, əgər digər Avropa ölkələri və ya digər Qərb ölkələri öz investisiyalarını geri çəksələr, qeyd olunan ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Kitab bu mövzunun müxtəlif aspektlərini əhatə edən məqalələrin toplusudur və Macarıstanın tanınmış iqtisadçısı Balaj Sent-İvany tərəfindən redaktə olunub (həmçinin özü də bəzi məqalələrin müəllifidir). (Kitabı yüklə PDF)

Edmund Conway - 50 Economics Ideas You Really Need to Know


Edmund Konveyin bu kitabı o kitablardandır ki, tamamilə istənilən şəxsə əsas iqtisadi terminləri öyrədə bilər. Təcrübəli iqtisadçılar da kitabı istifadə edib biliklərini təkrarlaya bilərlər. İqtisadiyyatla əlaqəsi olmayanlar isə maraqlı format vasitəsi ilə asanlıqla mühüm anlayışları qısa müddət ərzində öyrənmək imkanına sahibdirlər. Bu kitab analitik kitab olmadığına görə, istənilən səhifədən başalayaraq oxumaq mümkündür. Eləcə də, əgər uzunmüddətli fasilə verəsi olsanız, heç bir qorxusu yoxdur, ürəyiniz istəyən vaxt yenidən davam edə bilərsiniz. (Kitabı yüklə PDF)

* - Tərcümə bizim dilimizə dəqiq olmaya bilər

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi