Serqey Dovlatovu niyə oxumalıyıq?


Ötən ilin (2018) sonlarına yaxın Serqey Dovlatovun əsərləri ilə tanış olmağa başladım. Heç xatırlamıram bu necə baş verdi. Olsa bilsin kitablarının kiçikhəcmliliyi diqqətimi cəlb elədi, ola da bilsin çox-çox əvvəllər dost-tanışların məsləhətlərini yerə salmamağa qərar verdiyimdən oldu. Yazıçıdan oxuduğum ilk kitab isə "Kompromis" oldu. Əsər məndə çox dərin təəssüratlar buraxdı. 3 gün ərzində böyük həvəslə və maraqla oxuyub bitirdim. Kitabın məğzi belədir ki, yazıçı Estoniyadakı jurnalist karyerası müddətində başına gələn gündəlik hadisələri böyük yumor hissi və xırdalıqlarla təsvir edir. Elə bilərsən ki, sovet dövrünün Estoniyasına getdin və gəldin. Adətən belə janrlı kitabların darıxdırıcı olmaq ehtimalı heç də az olmur, lakin Dovlatov tamamilə fərqli və ecazkar ədəbi yazı üslubu ilə, bir növ, mənim gözümdə bu janra yeni nəfəs bəxş etdi. Çox xoş təəccüblənmişdim. Ona görə də başa düşdüm ki, birmənalı olaraq onun digər kitablarını oxuyacam. 

Lakin başqa bir sual da məni düşündürməyə başladı: ümumiyyətlə, niyə görə biz Serqey Dovlatovu oxumalıyıq? Azərbaycanda o, heç də lazımi səviyyədə tanınmır. Bəzi əsərləri dilimizə tərcümə olunsa da, təbii ki, potensial oxucular  niyə görə başqa yazıçılar qala-qala onu oxumalı olduqlarını çox da başa düşə bilmirlər. Mətləbdən uzaq düşməmək üçün qayıdaq artıq qeyd olunan suala: niyə görə biz Dovlatovu oxumalıyıq? Biz deyərkən mən əsasən Azərbaycan oxucularını nəzərdə tuturam. Aşikardır ki, yerli oxucularımız onun yaradıcılığından bir o qədər də xəbərdar deyil. "Çamadan" əsəri bu suala cavab tapmaqda bizə ilkin köməyini göstərir. Kitabı oxuyanda bir daha yazıçının real insanlara əsaslanan obrazların batin aləmlərini bütün dünyaya bəyanetmə bacarığına heyran qaldım. Təbii ki, "Çamadan" əsəri bizə sualımıza cavab verməkdə tamlıq ərz etmir. "Zona: bir həbsxana keşikçisinin hekayəsi" isə məsələni bir xeyli aydınlaşdırır. Təzə başlayanda heç də bəyənməmişdim, amma davam etdikdə başa düşdüm ki, yazıçı bizə post-sovet məkanı üçün xarakterik olan institutionalizmin dramını çatdırır. Deməli, SSRİ vaxtında müxtəlif ölkələr bir dam altında birləşdiyinə görə, hər yerin məktəbi, universiteti, hərbi xidməti və həbsxanası da eyniləşmişdi. Həmin eyniləşmə dalğası insanları da bir-birinə oxşar həyat təcrübələri yaşamağa vadar edirdi. Ən əsası isə, həyat təcrübələri bir-birinə oxşayırdı. Fikirlər, arzular, xəyallar, faciələr və s. Mənə də məhz bu məqam maraqlı gəlməyə başladı. Həmin dövrün çöküşündən sonra dünyaya gəlsəm də, ab-hava baxımından kifayət qədər oxşar atmosferin övladıyam. Elə günü bu gün də sovet dövrünün institutlaşması bizi tərk etmiş deyil. Hələ də həmin binalarda yaşayır, işləyir və ölürük. Dovlatov isə orta və hətta daha aşağı statistik vətəndaşların həyatını, ortabab intellektualların, şəhər həyatının xaosunda tez-tez emosional qeyri-sabitliyi təcrübədən keçirənlər haqda yazırdı. Maraqlıdır ki, həmin obrazlar çox doğmalıq doludur. Vaxtaşırı daima hərəkət edən hədəflərə doğru çarəsiz addımlayan obrazları gördükcə, tanış mənzərələr gözümün önündə canlanırdı. Anidən fərqinə vardım ki, eynilə Viktor Pelevinin əsərlərini oxuyarkən keçirdiyim hisləri keçirməyə başlamışam. Dovlatovun əsərləri nə isə qəribə və maraqlı kiçik dünyaların sorağını çağrışdırır. Elə ilk səbəb də bu olmalıdır: zərrəciklərin səsini gücləndirmək bacarığı

"Əcnəbi qadın" əsərində isə biz özünü itirmiş, heç cürə tarazlığını bərpa edə bilməyən sovet-rus qadınının timsalında Qərbə inteqrasiya edə bilməyən insanı görürük. Marusya adlı bu qadın ABŞ sahillərinə dördüncü mühacirət dalğasının sayəsində gəlib. "Dəmir pərdə"-nin tənəzzülü, mənəvi məğlubiyyətin və köhnəlmənin isteriyası çoxlarını beləcə kiçik şüşə kürə kimi Qərbə dığırlamışdı. Belə bir əsər bizə Sovet qadınının Nyu York kimi qaynar qazanda assimilyasiya prosesində özünü necə apardığını müşahidə etməyə kömək edir. Amma bir məsələ var ki, oxucu özü gərək bu mövzuda öncədən təcrübəli olsun. Bu o deməkdir ki, ya gərək səndə ən pis halda müəyyən mühacir həyatının təcrübəsi olsun, ya da 80-90-cı illərdə, post-sovet ölkərlərinin birində doğulasan. Şəxsən mənim vəziyyətimdə, bunun hər ikisi natamam formada olsa da  var. Odur ki, əsərin üzümə vurduğu ilıq hava axıntılarını pis-yaxşı öz hazırlığım ilə qarşılmağı bacardım. 

Marusyanı ilk öncə biz bir qadın kimi dəyərləndirməliyik. Əsərin adı da bunu öncəliyə çevirməli olduğunu göstərir: Əcnəbi qadın. Qadın kişidən fərqli olaraq daha sərt şəxsiyyətə malikdir. Ona görə də öz maraqlarını qorumaqda iddialı mövqe sərgiləyə bilir. Hərgah, bu çox vaxt seçimlərdə olan peşmançılıqla nəticələnir. Bax Marusya da məhz belə bir həyat yaşayır. Onun kişilərə qarşı nümayiş etdirdikləri olduqca qeyri-stabil və xaotizmi əks etdirir. Sonra birdən-birə biz onu yad bir ölkədə eyni qərarsızlıq və acizliyin fonunda görürük. Məkanlar dəyişsə də, insan özü-özündən qaça bilməz. Deyərdim ki, bu obraz Dovlatov tərəfindən onun digər əsərlərinin digər obrazları kimi real insanın üzərində qurulub, bu baxımdan, kifayət qədər anlaşıqlı və təsvvür olunandır. Növbəti səbəb: sistemik dəyişikliklərin əhəmiyyətsizliyini nümayiş etdirmək bacarığı

Məsələnin maraqlı tərəfi nədir, bilirsiniz? O vaxtları, hə bax o vaxtları, Sovetin dövründə, bütün ölkələrin sistemləri eyni idi. Həbsxanası da, məktəbi də, hərbi hissəsi də və sadə kəndçi həyatı da. Mahiyyəti, məqsədi və strukturunu deyirəm. İnsanlar da bir-birinə oxşamağa başlamışdılar, necəsə eyniləşmişdilər və ya eyniləşməyə doğru gedirdilər. Hamını, bir növ, eyni şeylər öz cəngindən keçirib eyniləşdirirdi, oxşar formaya salırdı. Bu gün mən bir postsovet ölkəsinin vətəndaşı kimi bunu öz üzərimdə hiss edirəm. Ən əsası da odur ki, belə bir mirasın tarixi haqda bədii bir iş oxuyanda, sanki özün özünü xatırlayırsan, xoş hislər baş alıb edir, nə isə elə bil yenidən dirilir. Nostalgiya? Bəlkə də. Dovlatov belə bir nostalgiyanı bizə məxsusi yumor hissi ilə çatdırır. Ona görə də bəyənməmək olmur. Onun təsvirlərini ya bilavasitə özüm şəxsən yaşamışsam, ya da dolayı yol ilə necəsə müşahidə etmişəm. Uzaqbaşı, eşitmişəm. Əsas olan odur ki, oxuduqca simamdan gülüş, razılıq və xoş təəccüb hisləri əskik olmur. Ona görə də, Dovlatov oxumaq üçün ən əsas səbəblərdən biri: nostalgik yumor.


"Undervudda solo. IBM-də solo". Çox qısahəcmli işlərin toplusudur. Süjet yoxdur deyə ideyayüklülük də azdır. Sözsüz, həmişəki yumor və incə mizah çox şeyi həll edir, amma bu kitabdan sonra məndə dərin təəssüratların əmələ gəldiyini deyə bilmərəm. 


"Filial" isə Dovlatovun praktiki olaraq sonuncu əsəridir. Yazıçı 1990-cı ildə dünyasını dəyişib. Elə kitab da öz xaotikliyi, naəlaclılığı, süjetsizliyi və qəmginliyi ilə də sonluqları xatırladır. Əsərdə mahiyyətcə yaddaqalan bir şey yoxdur. Öz nakam eşqinin fonunda mühacirət macəraları və rus mühacirlərinin ABŞ-dakı ənənəvi qeyri-həmrəyliyini ifadə edib. Bir də belə bir şeyin fərqinə vardım: yazıçı, bir növ, qadınlardan olan küskünlüyünü olduqca zərif sətiraltı mənalarla qeyd edib. Oxuduqca belə düşünürdüm ki, həyatda hər şey pis-yaxşı düzələr: ev də, iş də, pul da gələr, gedər də, amma bax sevgi, yaxud da ailə həyatı, həssas və duyğusal insan üçün uğursuz olarsa, bax onda bu onu içdən ovudub-ovudub seçilmişlər (alkoqolik, narkoman və s.) siyahısına əlavə edər. Dovlatovun alkoqolizmə qurşanması, həyatda diqqətini toplaya bilməməsi, şəxsi işlərinin qaydasında olmamasından qaynaqlanıb. Xoşbəxt olmağı bacara bilməyib. Öz kədərini mətnlərə tökəndə isə, bax beləcə kitablar alınıb. Kədərli, tragikomik yanaşma ilə azacıq da olsa ümid axtarışı və əbədi iztirablar. Məndən soruşsalar, göstərəcəyim son səbəb o olar ki, öyrədici qəm-qüssə Dovlatovu oxunmağa layiq edir...


Son olaraq onu deyim ki, əgər insan dünyanı özünəməxsus tərzdə dərk edirsə, üstəlik bunu istedadlı formada kəlimələrin dilinə tərcümə edə bilirsə, onun yazmağa haqqı var. Dovlatov öz həyatı haqda yazır, onu əhatə edən insanlar və onda baş verən hadisələri bizə çatdırır, amma bunu elə edir ki, özünütənqid və yumor məsələyə qloballıq qatır, mütaliə prosesini də çox zövqverici formaya salır. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi