Snowpiercer - Сквозь снег

2031-ci ildə iqlim təcrübələri sayəsində qlobal buzlaşma yaşayan planetin sağ qalmış üzvləri dünya ətrafında dövr edən bir qatarın içində yaşamağa davam edirlər. Qatarın əbədi mühərriki onlar üçün lazım olan hər şeyi təmin edir. Dayanmadan hərəkət edən qatarda yaranan sinfi cəmiyyətin təbəqələri arasında yaranan münaqişələr "Möhtəşəm Körtis" üsyanını qaçılmaz edir. Reallıq isə tamamilə başqa prinsiplərin üzərində inşa edilib. 
"1984", "Heyvanıstan", "Cəsur yeni dünya" və bənzəri digər antiutopiyaların həvəskarısınızsa, fransız müəllif Jan-Mark Roşetin (Jean-Marc Rochette) "Le Transperceneige" adlı qrafik romanı əsasında çəkilən "Snowpiercer"-i də distopiyanın sinematik təsviri kimi rahatlıqla qəbul edəcəksiniz. Çünki film cəmiyyətin proletariat səviyyəsindən elit təbəqəsinə qədər olan hər bir hissəsini ideal təsvir edir və futuristik çalarlarla zənginləşdirir. Xüsusi ilə nəzərə alsaq ki, film Hollivudun "sadəcə yüksək gəlir  əldə et" məqsədli filmləri sırasına daxil deyil, həqiqi vizual dəyəri olan filmlə qarşı-qarşıya olduğumuzu rahatlıqla deyə bilərik. 

Qaranlıq ab-havasına baxmayaraq Koreyalı rejissor Cun-ho Bonq tərəfindən çox ustalıqla formalaşdırılan film, yadda qalan obrazları, kəskin süjeti və düşündürücü nəticələri ilə izləyicini ovsunlaya bilir. "Qatilin xatirələri" və "Sahib və onun xatirələri" kimi uğurlu filmlərə rejissorluq edə Cun-ho Bonq, "Snowpiercer" filmi ilə ilk ingilis dilli filmə imza atmış oldu. Film əsnasında mükəmməl balanslaşdırılan səhnələr vardır ki, böyük rejissorluq məharəti və istedadı tələb edir. 

Filmin sonda izləyiciyə yekun nəticə təqdim etməsi qeyd ediləcək ən əsas məqamlardan birisidir. Qısaca olaraq həmin nəticə haqda bunları demək olar: Filmi bir növü Çexovun "6 nömrəli palata"sı kimi ikitərəfli tələnin ifşası kimi başa düşmək lazımdır. Filmin sonunda Vilfordun "Başla quyruq həmişə birlikdə işləyir" deməsi, bütün müharibələrin, psevdoinqilabların və digər sosial ət maşınlarını ifşa edir. Hazırki dünyanın universal xarakteri, başqa sözlə, praktiki olaraq bütün ölkələrdə oyun qaydalarının eyni olması, rejissora imkan verib ki, bədii improvizə üsulu ilə cəmiyyətlərin mahiyyətini bir qatar vasitəsi ilə simvolikləşdirsin və onun həqiqi üzünü maskalar altından gün işığına çıxarsın. Ortada çirkin oyunlara oyuncaq olan Körtis, səhnəarxası oyunçuları görərək həqiqəti dərk etməyə və dəyişməyə, onlardan biri olmağa cəhd etsə də, alınmır. Buna baxmayaraq onun yaşadığı tərəddüd bizə onun ideal insan olmadığını deməyə imkan verir. 

Bəzən antiutopiyaları qəddar reallıq da adlandırırlar. Belə filmlərdən sonra insanın sistemlərə olan güvəni və inamı sarsılır. Başa düşmək olmur ki, sistemləri idarə edənlərin həqiqətləri hansı prinsiplər ətrafında yaranıb. Görünür, bu sadəcə xeyirlə şərin mübarizəsi deyil. Bu həm də bizim özümüzün özümüzlə olan mübarizəsidir. 







Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi