İlk qar - First Snow - До первого снега

Uğurlu satış işçisi olan Cimmi Starksın taleyi qəribə falçı tərəfindən özünə deyiləndə, Cimmi bunu zarafat kimi qəbul edir. Addım-addım gerçəkləşən proqnozlar "İlk qardan sonra mən daha yol görmürəm" mərhələsinə çatanda Cimmni əməlli-başlı paranoyaya düçar edir və bütün keçmişini qurdalayıb oyadır. "İlk qar" ilk baxışda sadə görünən, lakin olduqca maraqlı və dərinmənalı mövzulardan bəhs edən filmdir. 

Yaxın dostların düşmənçiliyi xüsusi növ düşmənçilikdir. Çətin ki, dövlətlərin, ölkələrin, qrupların eqoistik maraqlarına əsaslanan düşmənçilik yaxın uşaqlıq dostluğunun düşmənçiliyi ilə oxşar ola. Çünki özün qədər yaxından tanıdığın birisi tərəfindən xəyanətə uğradıqda ona qarşı içində yaranan düşmənçilik məstedici qisas forması aldıqda, səndən təhlükəli adam yoxdur onun üçün. Ona görə ki, o, sənin qorxularını, istəklərini, zəif yerlərini bilir. Sənin üçün nəyin dəyərli olduğunu yaxşı başa düşür. Hədəfi aydın görür və zərbəni ölümcül olaraq bir dəfəyə endirə bilər. Başqa sözlə, zarafatı olmayan amansız düşmənçilik. Bir an belə vicdana yer qoymayan, insanlığın ən dərin iztirab quyusu. "İlk qar" məhz belə bir düşmənçiliyin üzərində dayanan kontekstə malikdir. Bütün bunlara baxmayaraq film bizə bir daha insanlıq dərsi keçərək, iki düşməndən birinin qəlbində sevginin oyanışını tərənnüm etdirən mənzərə ortaya qoyur. 

Şübhəsiz ki, orta dərəcədə film izləmək təcrübəsi olanlar filmin süjetini bir neçə dəqiqə ərzində deşifrə edirlər. Oxunmuş şifrə hər nə qədər düzgün olsa da, ortaya çıxan ölüm ehtimalları baş qəhrəmanın yerinə düşünməyə və müəyyən həyəcanlı hislər keçirməyə gözəl stimul verir. Filmə çoxyönlü yanaşmanın mövcudluğu onun sadəlik və bəsitlik kimi ilkin damğalardan xilas edir. 

Filmin üzərində ən çox düşündürdüyü mövzu insanın tale anlayışını qəbul edib etməməsi və ən əsası onu dəyişdirmək arzusu ətrafındadır. Falçının dediklərini qəbul etməyən baş qəhrəman, əslində ölümü qəbul etməyən, ondan qorxan birisidir. "Bunu bir şans kimi düşünün. İşlərini tamamlamağa macal tapmayan, sağollaşmayan o qədər insan lar olur ki" deyən falçı əslində bir çox şeyi gizlədir. Məhz bu gizlilik filmin uğurlu axıcılığını təmi edən açar rolunu oynayır. 





Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi