Artur Şopenhauer - Sevginin metafizikası

Şopenhauer sehri o zaman gerçəkliyə çevrilir ki, onun əsərlərini tam olaraq kitablarından oxuyasan, daha sosial media vasitələrində əlavə edilən müxtəlif posterlər və ya statuslardan yox. Bu baxımdan fəlsəfi əsərlər oxuyan insanlar bir addım öndədirlər.
"Sevginin metafizikası" ilk növbədə qadınların qaranlıq tərəfinə fokuslanaraq onların "iç üzünü" açan quruluşa malikdir. Əlbəttə bu hissə ilə bir çox insanlar razılaşmaya bilər. Çünki filosof bu hissədə əsasən qadın riyakarlığı, saxtakarlığı, qəddarlığı üzərində dayanıb. Şübhəsiz ki, bu xüsusiyyətlər kişilərdə də var, lakin Şopenhauer qadınlar haqda belə yazmağının əsas səbəbi haqda tam bir söz demək çətindir.
Ümumiyyətlə onu demək yerinə düşərdi ki, bəzi şeylər var ki, sözün həqiqi mənasında, onun dərinliyinə getmək lazım deyil. Əks təqdirdə insan fanatikləşir. Bəzən həyat yolu fanatizmi qaçılmaz edir, lakin yenə də fanatikləşmək obyektivlikdən uzaqlaşmaq deməkdir və əgər şəxs açıq şüurla yaşamaq istəyirsə bundan uzaq olsa yaxşı olar. Şopenhauerin sevgi və qadınlar haqda fikirlərində hər nə qədər doğruluq payı varsa da, bir o qədər də fanatizm qoxusu gəlir. Qadınları və kişiləri beton divarlarla ayırıb təhlil etmək, zənnimcə, ancaq prinsipial mövqenin nəticəsi ola bilər. Fəlsəfədə və ədəbiyyatda qadınlara dekorativ növ kimi baxan düşünürlərin sayı az olmasa da, bu mövqenin kəskin hal almasını normal qəbul etmək olmaz.

Maraqlıdır ki, təbiət canlıları təkamül etdirərək, cinsiyyətsiz və hermofodrit canlılardan, ayrı - dişi və erkək canlılara qədər böldü və əbədi olaraq daima birlikdə olmaq, birləşmək əmrini verdi. Məni düz başa düşün. Təbiət heç də bizi düşünüb bunu etməyib. O kifayət qədər eqoistdir, sadəcə və sadəcə özünü düşünərək zənginləşməyi fikirləşir. Bizdən istifadə edir. Təbiətin qarşısında qadınlar və kişilər, erkəklər və dişilər, hermofodrit canlılar, bölünmə ilə çoxalanların hamısı eynidir.
Əslində isə Şopenhauer "Sevginin metafizikası" ilə insan instinktlərinin onun şüuru ilə olan münaqişəsi haqda yazıb. Yazılanları oxuyub yaxşı-yaxşı düşünmək lazımdır. Mövzulara müasir cəmiyyətin həyat prinsipləri çərçivəsində baxdıqda ortaya çox daha maraqlı nəticələr çıxa bilər.
Comments
Post a Comment