The Machinist - Машинист

Trevor Reznik artıq bir ildir ki yatmır. Skeletə çevrilən Trevor reallıqla yuxu arasında ilişib qalıb. O, özünü müxtəlif qorxulu hadisələrin içində tapır. Tanımadığı insanlar və naməlum hadisələr müəmmalı formada həyatında kəsişir. Onun üçün sadəcə bir rəng - boz rəng mövcuddur. 

Amerikalı rejissor Bred Anderson tərəfindən ispan film şirkətinin vasitəçiliyi ilə çəkilən filmi sənaye psixotrilleri adlandırırlar. Filmin
baş qəhrəmanı Trevor Reznik çilingərdir. Bu filmin sənaye ilə əlaqədar olan münasibətini izah edir. Onun bir ilə yaxın yuxusuzluqdan əziyyət çəkərək psixoloji balansını itirməsi isə filmin psixoloji tərəfidir. Lakin filmdə triller çalarları da var ki, bu məqam filmi izləyici üçün maraqlı və həyəcanverici edir. Qəhrəmanın başında baş verən hadisələr olduqca qəribədir. Daimi hallüsinasiya vəziyyətində olan Trevor ətrafında baş verən hadisələri sağlam tərzdə dəyərləndirə bilmir. Özlüyündə çoxlu ssenarilər yaradaraq onlara inanır. Bu kiminsə qəddar oyunudur, yoxsa xəstəlikdir? Xilas yaxud da sağalmaq mümkünmüdür?


Ortaya maraqlı suallar çıxsa da, onu qeyd etmək lazımdır ki, hər bir canlı zamanla mütləq olan reallıqdan canını qurtarmaq və özünü itirmək istəyir. Trevor isə müəyyən bir hadisənin rezonansını özündə o qədər əks etdirib ki, şüuru onunla belə qəddar oyunlar oynayıb. 

Aktyor Kristian Beyl "Amerikalı psixopat" filmində oynadığı möhtəşəm rolundan fərqli olaraq "Maşinist" filmində əsl yaradıcıllıq qurbanı verib. Belə ki, o, obrazın xarici görünüşünü layiqincə canlandırmaq üçün 30 kiloqrama yaxın çəkisini itirib. Belə anatomik xırdalıqlar filmin zəruri atmosferini yaratmaq üçün olduqca vaciblik ərz edib. Bu məqam film haqqında mövcud olan maraqlı məlumatlardandır və izləyicinin aktyora olan hörmətini artırır. Aktyor və ya aktrisaların təbiiliyini öyrənmək alınan təəssüratları daha da təkmilləşdirir. Bu baxımdan fahişə rolunu oynayan Cenifer Ceyson Li (Jennifer Jason Leigh) filmdəki obrazını canlandırmaq üçün olduqca gözəl və səmimi atmosfer yaratmağa müvəffəq olub. Digər aktrisa və aktyorlar da mənzərəni tamamlayıblar. Aytana Sançes-Gijon (Aitana Sánchez-Gijón) və Con Şerian (John Sharian) uğurlu nəticələrə imza atıblar. Gördüyümüz kimi aktyor və aktirasalar filmdə ideallıqları ilə seçilirlər.  

Film diqqətimi çoxdan cəlb etmişdi. İzlədikdən sonra bir müddət qeyri-müəyyənliklərə görə konkret fikir söyləyə bilməsəm də, filmin atmosferini yüksək səviyyədə hiss edə bilmişdim. Ən əsası isə odur ki, nə qədər qəribə səslənsə də, filmi yaxşı başa düşmək üçün az da olsa psixoloji problemlər və narahatlıqlar barəsində təcrübəyə malik olmaq lazımdır. Baş qəhrəmanla qurulan empatiya filmi hər şeydən daha yaxşı izah edir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi