The Wrestler

Rendi Robinson 80-ci illərin parlaq ulduzudur, lakin yaşlaşandan sonra məşhurluğunun boz oxşarına çevrilib. Sağlamlığı ilə əlaqədar yaranan problemlərdən sonra o, həkimlərdən xoş olmayan xəbər eşidir: əgər döyüşlərə davam etsə, həyatını itirə bilər. Yeni həyata başlamağa cəhd edən Rendi, qızı ilə olan münasibətlərini də yoluna qoya bilmir. Əsl təbiətinə qarşı çıxa bilməyəcəyini başa düşəndən sonra isə son döyüşünə çıxır...

Mahiyyəti etibariylə film insan həyatının zaman qarşısındakı acizliyi haqqındadır. Cəmiyyət vaxti ilə zirvələrdə olan, qocalan, zəifləyən bədəni ələ salır, sanki. Səni əhatə edən hər şey artıq əvvəlki kimi olmur. "Həyat" adlı filmin baş rol ifaçısı Rendi yaxşı başa düşür ki, bir daha 80-ci illərindəki məşhurluğuna və cavanlığına geri dönə bilməyəcək. O, çalışır, amma təbiti ilə mübarizədə məğlub olur. 

Rendini qadınlar sarıdan bəxti gətirən birisi hesab etmək olmazdı. Yanında daimi həyat yoldaşının olmaması və qızını tərk etməyi bizə bu haqda kifayət qədər məlumat verir. Ünsiyyətdə olduğu striptizçi qadınla lazımi intim münasibətləri qurmaması Rendini son ümid ünvanından da məhrum edir. Səbəbləri axtarıb tapmaq çox çətindir. Sadəcə müəyyən fərziyyələr irəli sürmək olar. Məhz, bu məqamlar izləyicidə boşluq hissi yaradır. Ətrafdakı digər insanlar - döyüş  və yarış yoldaşları isə ona qarşı çox yaxşı münasibətdədirlər. Yeni həyat qurmağa çalışdığı zaman isə yeni insanlarla, xüsusilə də rəhbərlik altında çalışmaqla uzlaşa bilmir. Rinqdə daima sadəcə və sadəcə özü üçün çalışan Rendini cılız və zavallı birisinin arxasınca qaçaraq ondan iş istəməsi təəssüf doğurur. Belə epizodlarda biz cəmiyyətin zamanında zirvələrə qaldırdığı fərdlərinə qarşı göstərdiyi ikili standartları görürük. Rendi Robinson nə ilk, nə də son nümunədir. Amerikalı yazıçı Riçard Baxın "Conatan Livinqston Adlı Qağayı" əsərindən olan bir parça yadıma düşdü: "Qağayı Conatan Livinqston! sən iclasa çağrılırsan! - deyə təntənəli səslə ağsaqqal onu çağırdı. İclasa çağırış ictimai qınaq və biabıretmə, yaxud da möhtəşəm şərəf, ya da hörmət məqsədi ilə olurdu." 

Narkomanların həyatı, şizofren riyaziyyatçı, kosmosda köpükdə olan ağac və şəxsiyyət problemləri yaşayan balerina haqqında filmlər çəkən Darren Aronofski (Darren Aronofsky) bu dəfə öz dəsti-xəttinə tamamilə yad olan tərzdə bir filmə imza atıb. Deməzdim ki, "The Wrestler" digər filmlərdən çox geri qalır və heç də yaxşı film deyil, lakin filmi anlamaq üçün həssas yanaşma lazımdır. İlk epizodlarda olduqca stereotipli tərzdə müşahidələrə başlasam da, irəliləyən dəqiqələrdə həmin stereotiplər dağıldı. Bu daha çox "Beauty and The Beast" fəlsəfəsi ilə daha yaxındır. Başqa sözlə hər şey heç də bizim gördüyümüz kimi çirkin və kobud deyil. Əsas olan daxildə gizlənəndir. Eyni zamanda hər şey bizdən asılı olmur. 

Aktyor və aktrisa heyəti haqqında söhbət açsaq, baş rol ifaçısı Miki Rurk (Mickey Rourke) və Marisa Tomeyə (Marisa Tomei) diqqət yetirməliyik. Hər ikisi də olduqca təbii və səmimi rol canlandırıblar. Filmi izləyərkən olduqca vacib olan aktyor və aktrisaların keçmişini görə və hiss edə bilirsən ki, bu da tamamilə uğurlu performansın nəticəsidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Kamal Abdulla - Sehrbazlar dərəsi

Corc Oruell - 1984

Aleksandr Belyayev - Amfibiya adam