Haruki Murakami - Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri


















Haruki Murakami - Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage

O, hələ çox gənc idi və ətrafında baş verənlər haqqında tam təsəvvürə malik deyildi. Tokionun daş cəngəllikləri onun əvvəllər yaşadığı mühitdən də çox fərqlənirdi. O dərəcədə çox fərqlənirdi ki, daxili dünyası ilə yaşadığı dünya arasındakı balansı qorumaqda çətinlik çəkirdi. Onun, Tsukuru Tazakinin, nə vaxtsa güvəndiyi və tam ideal münasibətdə olduğu dörd dostu olub. Lakin günlərin bir günü Tsukuru Tazaki üçün bir-biriləri ilə sirlərini bölüşdükləri o dünya  əlçatmaz bir yerə çevrilir. Həmin andan etibarən Tsukuru ancaq və ancaq məhv olmaq haqqında düşündü. Yetkin insana çevrildikdən sonra isə keçmişi ilə hesablaşmaq qərarına gəldi. Ən əsası isə onu demək lazımdır ki, biz bəzən yuxular, xəyallar və reallıq arasındakı sərhədi pozuruq və bunu edərkən heç də həmişə şüurumuzla hərəkət etmirik. 

Bu roman haqqında nə isə danışmazdan, yaxud da yazmazdan öncə görüləcək ilk iş dəyərlər haqqında xatırlatma etməkdir. Biz dəyər verdiyimiz nəsnələrə, yaxud da hadisələrə qarşı şəxsiyyətimizin bizlərə bəxş etdiyi imkanlar çərçivəsində müəyyən cavab reaksiyaları sərgiləyirik (fərdi dəyərlər sistemi və onun nəticələri). Verdiyimiz cavabların keyfiyyət və kəmiyyəti dəyərlərə olan hörmətimizdən və bağlılığımızdan asılı olduğuna görə, kimlər üçünsə dəyərli olan kimlər üçünsə dəyərli deyil. Subyektivlik konsepsiyasının hər yerdə olan təzahürünün nəticəsi olaraq, dəyərlərimiz bizə bizim üçün nəyin vacib olduğunu, nəyin əhəmiyyətsiz olduğunu göstərir. Haruki Murakaminin "Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri" əsərində oxuduqlarımız haqqında dəyərlərimizin imkan verdiyi miqyasda və dərəcədə söz söyləyə biləcəyik. Mümkündür ki, kimlərsə romanın süjetini çox sadə və mənasız olduğu qənaətinə gəlsin. Kimlərsə də süjetin cəmiyyətin və fərdin içində olduğu ən vacib mövzuya toxunduğunu söyləsin.

Haruki Murakami növbəti dəfə şüurumuzun qaranlıq bucaqlarında yalnızca özümüz üçün saxladığımız problemlərimizi, zədələrimizi və ehtiyaclarımızı işıqlandırır. Növbəti dəfə Murakami şəxsiyyətimizə müraciət edərək bütün maneələri metafiziki olaraq dağıdır.

Yazıçının bu dəfəki mövzusu, insanın həyatında və xüsusilə də şəxsiyyətini formalaşmasında ən vacib sosial oyunlardan olan dostluq haqqındadır. Dostluq fəlsəfəsi ilə əlaqədar bir çox yazıçı və şairlər fikir söyləmişsələr də, müasir şərtləri nəzərə alan və hamının anlaya biləcəyi kontekstdə olan belə bir roman, mənə elə gəlir ki, yox idi. Bu baxımdan dostluq fəlsəfəsinə söykənən eqzistensialist romanla qarşı-qarşıyayıq.

Tsukuru Tazakinin şəxsiyyəti romanın məğzini əmələ gətirdiyinə görə, biz özlüyümüzdə əlimizdən gəldiyi dərəcədə onun şəxsiyyətində arxeoloji qazıntılar aparmalıyıq. Əlbəttə, bu heç də asan iş deyil. Görünən işarələrdən qat-qat çox olan bir neçə önəmli məqam Tsukurunun eqosunun kölgəsində qalır ki, onları anlamağın yeganə yolu ya özümüzə, ya da ətrafımızda olan real insan nümunələrinə müraciət etməkdir. Bu baxımdan özümü çox xoşbəxt hiss etdim. Kitabı oxuduqca öz keçmişimlə oxşar olan kifayət qədər məqamlarla rastlaşırdım. Məhz bu səbəbə görə Tsukurunu kənardan izləmir, onun hiss etdiklərini hiss edir, düşündüklərini aydın şəkildə təsəvvürümdə canlandıra bilirdim. 

Bəs yaxşı Tsukuru Tazaki kimdir? Tsukuru Tazaki olduqca səmimi, mülayim xasiyyətli, özünəqapalı dəmir yolu stansiyası mühəndisidir. Özündən iki yaş böyük olan Sara adlı qadınla qarşılıqlı münasibət qurmaq istəyərkən Sara Tsukuruda bəzi şeylərin yolunda olmadığını hiss edir. Sara gəldiyi nəticədə doğru olur. Bəlli olur ki, Tsukurunun şəxsiyyəti son 16 ildə böyük zərbənin fəsadları altında formalaşıb. Bu zərbə onun nə vaxtsa olduqca yaxın olduğu dörd dostu (iki kişi, iki qadın. Adlarında mavi, qırmızı, ağ və qara kimi rəng bildirən sözlərin olduğu dörd dost) tərəfindən rədd edilməsindən ibarətdir. Dörd dostundan birinin dediyi kimi: bu haqda fikirləş və özün tapacaqsan. Uzun müddət depressiyada olan Tsukuru intihar etmək fikrində belə olub. Hər gün, hər an, hər dəqiqə qrupdan xaricedilmə səbəbi ilə əlaqədar sonsuz ssenarilər və ehtimallar burulğanında boğulmağına baxmayaraq, fırtınalı dənizdən sağ çıxmağa müvəffəq olur. Hesablaşmalı olduğunu başa düşdükdən sonra isə Tsukuru bir-bir həmin insanları axtarır və onlardan bu uzun illərin əzab səsəbini soruşur. Tsukuru adının mənası isə "nə isə düzəltmək, istehsal etmək"-dir. 

Romanın özünəməxsus erotik fəlsəfəsi var. Bu fəlsəfə zorakılıq, şüursuz biseksuallıq və müəyyən qədər də şürsuz nekrofiliya mövzularının qaranlıq məqamlarında dreyf edir. Bir çox cinsi əlaqə epizodları vasitəsilə vacib psixoloji mesajlar ötürülür. Ümumiyyətlə isə bu dəst-xətt Murakamidə həmişə yüksək dərəcədə uğurlu və estetik alınır. Buna baxmayaraq, cinsi motivlərin bir çox yerli oxucuları narahat etdiyi ilə əlaqədar heç də az eşitməmişəm. Halbuki, həmin elementlər xarici ölkələrdə bədii ədəbiyyatın tamamilə adi tərkib hissələri kimi qəbul edilir. Azərbaycan baxımından isə cinsi münasibətlərin fəlsəfi şərhi kimi məsələlər hələ də yeni və qıcıqlandırıcı xüsusiyyət daşımaqda davam edir. 

Müasir istehlak cəmiyyətinin qovhaqovundan uzaqda dayanaraq müşahidə etməyi yaxşı bacaran, ekoloji cəhətdən təmiz tipik Murakami qəhrəmanı ilə həqiqət axtarışına çıxmaq mənim üçün həmişə maraqlıdır. Digər əsərlərin prataqonistləri kimi Tusukuru da dərin düşüncəli, introvert, həssas, bəzən zərif qəlbli, heç bir material nailiyyətdə və sosial statusda gözü olmayan və ən əsası isə ətrafındakı dünyadan, cəmiyyətdən tam fərqlidir. Gördüyümüz kimi sadalananlar obrazların mürəkkəbliyinə dəlalət edir. Başqa sözlə, obrazla əlaqədar olan hadisə və hadisə toplusu da heç də sadə olmayacaq. 

Bütün bu məlumatların fonunda Tsukurunun psixoloji portretini cizmək asan iş deyil. Çünki bizim təhlilimizə şəxsiyyət ikiləşməsindən başqa normal rasionallığa daxil olmayan astral proeksiyalanma, fəzalararası səyahət və s. kimi mistik mövzular qarışır. Əlbəttə, bizim bu mövzular haqqında deyə biləcəyimiz elə qəhrəmanın öz şəxsi fərziyyələrindən uzağa gedə bilməyəcək. Hər halda belə ehtimallar da öz varlığını səhnə arxasından tez-tez göstərirdi ki, bu da yazıçının tipik yazı üslubuna daxil olan xüsusiyyətlərdir. 

O zaman "Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri" romanını özünəməxsus edən nədir? Cavab dostluq haqqında dəyərli əsər olması. "Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri" dostluq haqqında qəribə hekayəni danışan özünəməxsus romandır. Fiziki olaraq yanaşı durmayaraq dostluq etməyin, dosta əlvida deyərək necə onun güclü tərəflərini bir faciənin fəsadlarını aradan qaldırmaq üçün istifadə etməyi və ən əsası ağır zərbələrin nəticələri ilə necə yaşamağın mümkünlüyü kimi mövzuları özündə ehtiva etdiyinə görə "Rəngsiz Tsukuru Tazaki və onun ibadət illəri" mənim üçün xüsusi romana çevrildi. Romanı oxuduqca yazıçı özü şəxsən bəzi işarələr ötürür ki, biz bu işarələri başa düşüb Tsukuru Tazakini və onun hekayəsini başa düşək. Bunu sadəcə birbaşa verilən işarələr formasında deyil, müxtəlif kiçik hekayələr, müşahidələr, aura haqqında məlumatlar və ən əsası da musiqi vasitəsilə icra edir. Nəticədə siz romanın yüksəkdərəcəli toksikasiyasına məruz qalırsınız. 

Biz sadəcə bir şəxsiyyətin ətrafına dolanaraq zirvədən enən və şişən qar dənəciyi kimi romanla qarşı qarşıya deyilik. Biz yapon sahibkarlığı ilə əlaqədar olan inanılmaz dərəcədə xəfif satira, zərif dedektiv çalarları, mistika və ən əsası konstruktiv özünüdərk ilə qarşılaşırıq. Murakaminin ənənəvi üslubdan fərqli bir şey yaratdığını söyləmək doğru olmazdı. Buna baxmayaraq yeni süjet trayektoriyaları Murakami sevərləri maraqlı mühakimələr söyləməyə vadar edir. 

Haruki Murakaminin ən çox sevdiyim cəhəti odur ki, oxucu qəhrəmanların vasitəsiylə öz daxilinə səyahətə çıxır. Mistika ilə dəstəklənən fəlsəfi-psixoloji axtarışlar kitabsevərlərə əsl düşüncə yemi verir. 

Seçilmiş hissələr: 

  1. Tsukuru cavab verdi: Kimlərinsə məni birdəfəlik silib atmağı ilk dəfə idi ki başıma gəlirdi. Üstəlik də bunu edən hamıdan çox güvəndiyim, mənin bir hissəm olduqlarına öyrəşdiyim, səmimi olduğum dörd dostum idi. Səbəbini araşdırmaq bir kənara qalsın, keçirdiyim şok o qədər böyük idi ki, bir daha özümü toplaya bilməyəcəyəmmiş kimi hiss edirdim. İçimdə nə isə dartılıb qoparılmışdı sanki.
  2. - Asan deyil. Fəqət bu məsələdə dəqiqəm. Daim azad qalmaq istəyirəm. Yemək bişirməyi sevirəm, amma bunu işə çevirib mətbəxdə ilişib qalmaq istəmirəm. Belə bir şey etsəm müəyyən müddətdən sonra kiməsə nifrət etməyə başlayacam. 
    - Kimdən? 
    - Aşpaz ofisiantı sevmir, hər ikisi də müştərilərə nifrət edir. Arnold We Skerin "Mətbəx" adlı tamaşasında belə deyilir. Azadlığı əlindən alınan insan mütləq kiməsə qarşı nifrət bəsləməyə başlar. Səncə belə deyil? Mən həyatımın elə olmasını istəmirəm.  
  3. - İnsanların hamısının rəngi var, bunu bilirdin? 
    - Xeyr, bilmirdim. 
    -İzah edim. İnsanların hər birisinin rəngi var və bədənlərinin ətrafında işıldayır. İşıq həlqəsi, yaxud da arxadan vuran işıq kimi düşün. Mən bu rəngləri dəqiq olaraq görməyi bacarıram.
  4. Daha sonra Tsukuru bir daha yuxuya daldı və yuxu  gördüyünün fərqinə vardı. Sözün düzü, bəlkə də buna yuxu demək olmazdı. Olduğu mühit yuxuya xas bütün reallıqları özündə daşıyan həqiqət idi. Yaxud da özünəməxsus zaman və məkanda, sərbəst buraxılan xəyal gücündən başqa bir şey olmayan, fərqli növə aid reallıq idi.
  5. Torbadan açılan kiçik dəlikdən suyun axıb getdiyi kimi güc də onun bədənindən çəkilirdi. Ətrafındakı uğultu uzaqlaşdı. Saranın səsi belə qulaqlarına çətinliklə gəlib çatırdı. Fəqət onun səsi hovuzun dibində eşidilən mənasız uğultudan başqa bir şeyə bənzəmirdi. Tusukuru bir təhər gücünü toplayaraq, hovuzun dibindən yüksəlib başını suyun üzərinə çıxardı. Beləliklə də qulaqları yenidən eşitməyə başladı. Səslər məna qazandı.  
  6. Dünyada bu qədər çox insanın olmağı Tsukurunu həqiqətən çox təəccübləndirirdi. Eyni zamanda bu dünyada yaşıl rəngli qatar vaqonlarının olmağı da təəccüblü idi. Bunun möcüzə olduğunu düşünürdü. Bu qədər çoxsaylı insan, çoxsayılı vaqonla bəsit bir şey kimi daşınırdı. Necə olur ki, bu qədər çox insanın gedəcək və qayıdacaq yeri var idi?  
  7. Həyatdakı hər bir kəsin şəxsiyyəti var. Tək fərq kənardan asan, yaxud da çətin anlaşılan olmasıdır.  
  8. Şirkətdə işlədiyim vaxtlarda öyrəndiyim ən əsas şeylərdən biri o oldu ki, yaşadığımız dünyadakı insanların çoxusu onlara verilən əmrin qəbulunda və o əmrlərə əməl etməkdə dirəniş göstərmirlər. Əksinə, sanki, insanlar əmr almaqdan xoşhaldırlar. Əlbəttə bəzən şikayət edirlər, amma bunu edərkən zərrə qədər də səmimi deyillər. Vərdiş etdikləri üçün donquldanırlar sadəcə. Məsələləri başını işlədərək düşün, məsuliyyətli olaraq hökm et deyəndə fikirləri qarışır.
  9. Həmin an Tsukuru hər şeyi qəbul etdiyini dərk etdi. Tsukuru Tazaki ruhunun dərinliklərində başa düşə bilirdi. İnsanların ürəkləri arasında olan əlaqə harmoniya vasitəsilə yaranmırdı. Əksinə, bir yaradan digərinə daha dərin əlaqələr əmələ gəlirdi. Əzab əzabla, inciklik incikliklə ürəkləri bir-birinə bağlayırdı. Qüssəli çığırtılarsız susqunluq, torpağa qan axmadan əfv, insanın içini ilmə-ilmə edən itkilərdən keçmədən isə nəyisə qəbul etmək mümkün deyildi. Həqiqi harmoniyanın kökündə var olan bunlardır.
  10. Özgüvənim yoxdu. Məncə, özüm deyə biləcəyim bir şey yoxdu. Göstərə biləcəyim şəxsiyyətin olmadığı kimi, canlı rənglərim də yoxdu. Çıxarıb verə biləcəyim heç nə yoxdu. Bu problem çoxdandır ki məni yorur. Özümü həmişə içi boş qab hesab etdim. Qab olaraq müəyyən bir formaya sahib ola bilərəm, amma doğru düzgün içim yoxdu. 
Yazıçının digər əsərləri haqqında yazılarım:

Haruki Murakami - Norveç meşəsi
Haruki Murakami - Sərhəddən cənuba, günəşdən şərqə
Haruki Murakami - Qaçış deyərkən nəzərdə tutduğum
Haruki Murakami - Mənim sevimli peykim
Haruki Murakami - After Dark 
Haruki Murakami - Küləyin nəğməsini dinlə
Haruki Murakami - Pinbol-1973
Haruki Murakami - Leksinqton kabusları (1-ci hissə)
Haruki Murakami - Leksinqton kabusları (2-ci hissə)
Haruki Murakami - Əyləcsiz möcüzələr ölkəsi və dünyanın sonu

Yararlandığım resurslar:
1. theguardian.com
2. npr.org
3. livelib.ru
4. telegraph.com
5. nytimes.com

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi