Hermann Hesse - Knulp
"Knulp" bir xəyalpərəstin və əbədi səyyahın hekayəsidir. Knulp köklərə və asılılıqlara malik olmayan, azad ruhlu, hadisələrin nizamsız olduğu dünyada yaşayan birisidir. Ona heç kim lazım deyil, amma kim ki onu görür şad olur. O, nəyi axtarır? Həyatının mənası nədir? Böyük yazıçı "Knulp" əsəri ilə bir daha bizlərə meşşan həyatdan xilas olub ruhi azadlığıa qovuşmağı göstərir.
"Knulp" Herman Hessenin özünəməxsus obrazı kimi bizə xüsusi tip şəxsiyyət nümunəsi göstərir. Biz onun həyat tərzini müşahidə edərək keçmişinə və gələcəyinə nəzər salırıq. Hesse bizə insan ruhunun əbədiyyəti və şəxsiyyətinin formalaşma şərtləri və mühiti haqqında gözəl nümunələr verir.
Hesse yaradıcıllığının ilk illərinə xas olan həyatın mənasını axtaran yalnız qəhrəmanlardan bəhs edən əsərlərdə ciddi alman romantizminin təsirlərini sezmək mümkündür.
Knulpun dostları çoxdur. Bunun əsas səbəbi onun hər bir adi günü bayrama çevirmək vergisindədir. Oxumağı, oynamağı, şeir söyləməyi, xəyallara dalmağı sevən Knulp dostlaşdığı hər bir kəsdə yüksək miqdarda pozitiv hisslər oyadır və xatirələrdə həmişəlik qalır. Knulpun növbə ilə qarşılaşdığı obrazlar Knulpu gördükcə sevinirdilər. Onunla vaxtilə keçən günlərin unudulmazlığı beyinlərinin bir küncündən çıxaraq onları sevindirməyə bilmir. Bu romantik müdrikin nə axtardığını, hara getdiyini heç kim bilmir. Bilinən odur ki, bu insan zərəsizdir. O, azaddır, xoşbəxtdir və yalnızdır. O, özünü tapmış xoşxasiyyət və mehriban insandır. Knulp heç vaxt eqoistcəsinə sadəcə özü üçün yaşamayıb. Hər zaman sidq-ürəkdən hamıya xoşbəxtlik bəxş edib. Bəlkə də o, özünü itirmək üçün tapanlardandır. O, özünü bağışlaya bilmirdi. Səbəblər haqqında düşünürdü, lakin allah ilə söhbətində biz oxuyuruq: Dinlə, dedi allah, sən mənə necəsənsə elə də lazımsan. Mənim iradəmlə sən avaralanıb insanların qəlbində azadlığa qarşı qəm-qüssə yaradırdın. Mənim iradəmlə sən axmaq işlər görüb gülüş mənbəyi olurdun; əslində mən özüm gülüş mənbəyi olurdum və sevilirdim. Sən mənim övladım, qardaşım, mənim bir hissəmsən, nə ki hiss etdin və yaşadın, mən də səninlə birlikdə yaşadım.
Bədii ədəbiyyatda hər zaman azad ruhlu, mehriban, cəsarətli və gözün gördüyü yerlərə səyahət obrazlar həmişə olub. Belə obrazlar oxucuların sevimlisi olmağı bacara bilir. Onların mərkəzində olduğu hekayələr isə müxtəlif insanlarda müxtəlif hisslər oyada bilər. Kimlərsə düşünər ki, heç bir asılılıqsız, məsuliyyətsiz və öhdəliksiz həyat necədə gözəl və azaddır. Kimlərsə də düşünər ki, insanın həyatda yalnız olması və hansısa məqsədə bağlı olmaması necə də zavallı vəziyyətdir. Heç bir yerə tələsməmək və hansısa məqsəddən güc almamaq. İstənilən halda isə hər iki vəziyyət cəmiyyət həyatının bir hissəsidir və müxtəlif insanların həyat yolunun nəticəsidir.
Əsərin sonunda oxucu səbəbləri öyrənir. Səbəblərin Knulpun dilindən eşitdiyimiz hissəni ikinci hissə kimi qəbul edə bilərik. Birinci hissə isə yazıçının Knulpa olan heyranlığının təzahürüdür.
Bəzən niyyətindən asılı olmadan deyilən bir söz, yaxuda da edilən hansısa hərəkət kiminsə həyatını alt-üst edə bilər.
Comments
Post a Comment