Hermann Hessee - Siddhartha

Bacara biləcəklərim - Mən yaxşı başa düşürəm ki, kitabı oxumayanlar üçün bu kitab haqqında nə yazsam da onun həqiqi mahiyyəti və bizlərə bəxş etdikləri haqqında dolğun təsəvvür yarada bilməyəcəm. Kitabı oxuyanlara yönəlik isə yazmağa ehtiyac yoxdur. Çünki kitab oxunduqdan sonra özü bütün boşluqları doldurur. Buna baxmayaraq, bloqda məhz bu kitab haqda müəyyən qədər əhatəli yazının olmasını çox istəyirəm. 

Yazıçı və əsəri - Hər bir bədii-əsərin üzərinə böyük yük düşür. Bədii-əsərlər linqvistik və aksioloji dəyərlər vasitəsiylə insana, daha sonra onun mədəniyyətinə və cəmiyyətinə təsir göstərirlər. Bu nümunələr daima yetkinləşməkdə olan insanların ontoloji problemlərinə işıq salaraq onlara dəstək verməlidirlər. Bədii-ədəbiyyat nümunələri əslində şüurumuzun var olduğumuz dünyanı verbalizasiyasında böyük əhəmiyyətə malikdirlər. Bütün bu xüsusiyyələr birləşərək əslində oxunan nümunənin ruhunu əmələ gətirir. "Siddhartha" əsərinin deyilənlər çərçivəsində təhlili onun canlılığını sübut edir. 


Hermann Hesse ötən əsrin sadəcə Avropa qitəsinə və mədəniyyətinə təsiri ilə deyil, bütünlüklə planetin mədəniyyətinə və fəlsəfəsinə təsir göstərmiş yazıçısıdır. Dünyanın müxtəlif etnoslarının, dinlərinin və cəmiyyətlərinin haqqında sahib olduğu nəhəng biliklər vasitəsiylə yazıçı daima insan şəxsiyyətinin sosiumdakı yeri, onun davranışlarının təhlili kimi məsələlərə olduqca gözəl əsərlər həsr etmişdir. Yazıçı insanın mənliyini itirməsi, şəxsiyyətsizləşməsi, daha sonra insan mənəviyyatının rekonstruksiyası kimi məsələlərlə əlaqədar əzablı axtarışlarda olmuşdur. Praktiki olaraq onun bütün əsələrində bu axtarışın nəticələri ilə qarşılaşırıq.

Metaforaların rolu - Linqvokonseptologiya intellektualların müraciət etdikləri metaforaların deşifrəsi ilə yaxından məşğul olur. İntellektuallar və dərin bilik sahibləri metaforalardan istifadə edərək əvvəllər bizə məlum olmayan münasibətləri ortaya qoyurlar. Çünki metaforalar özləri ilə birlikdə təbiətlərinə xas olan böyük praqmatik və evristik potensial daşıyıcılarıdırlar. Metaforalar insana imkan verir ki, insanlar mürəkkəb münasibət mozaykalarını, insan davranışlarını və motivlərini interpretasiya vasitəsiylə daha yaxşı dərk edə bilsinlər. Bu baxımdan H.Hesse sadəcə böyük filosof, psixoloq, yaxud da dərin düşüncə sahibi deyil, o, eyni zamanda böyük metafora ustadıdır. Metaforalar vasitəsiylə canlı və unikal obrazlar yaratmaq, oxucuya parlaq formada ifadə olunmuş insan həyatını və qarşılıqlı təsirlərini göstərmək böyük intellekt tələb edir. 

Bir çox metaforalar öz xüsusiliyi ilə seçilsə də, Siddharthanın çay fəlsəfəsi məni heyran etdi. Çay kənarında Siddharthanın həyatnın mənasızlığını, daxili boşluğunu, bayramsayağı dünyəvi həyatı dərk etməsi idealdır. Beləliklə Siddhartha insan həyatının müdrikliyini dərk etməyə müvəffəq olur. 

Şəxsi təəssüratlar - İlk öncə mən təəccüblənirəm ki, bu dərəcədə kiçik həcmdə böyük suallara cavablar var. Əsər özünün sadəliyi və ahəngliliyi ilə insana oxuduqca ruhi sakitlik və harmoniya bəxş edir ki, bunun da nəticəsində dərin düşüncələrə dalmamaq mümkün deyil. Odur ki, kitabı uzun müddət idi oxumaq istəyirdim. Oxuduqdan sonra isə haqqında yazmaq çətin gəlir. Hər halda bəzi məqamlara quşbaxışı toxunsam, bu möhtəşəm və əsrarəngiz kitab haqqında yazıda nəyəsə nail olmuş olaram. İkinci növbədə isə, qədim hind fəlsəfəsi haqqında bir alman yazıçısının bu dərəcədə gözəl əsər yazmağı məni təəccübləndirdi. Lakin yazıçının haqqında məlumatlar topladıqca, bu insanın yaradıcıllığının planetar miqyası məni təəccübləndirməməlidir. Üçüncü növbədə, insan şəxsiyyətinin dağılıb sonra bərpa olması kimi möhtəşəm mənzərəni seyr etmək ifadəolunmaz dərəcədə öyrədici və düşündürücü oldu. Siddharthanın qərarları, qorxuları, axtardıqları, məyusluqları və digər təcrübələri onun şəxsiyyətini formalaşdırarkən necə rol oynadıqlarını oxumaq sadəcə möhtəşəm idi. 

Bir gün çox tanınmış şəxslə söhbət edərkən (ad çəkməyəcəm, lakin çoxlarınız onu tanıyarsınız) mənə verilən suala mən də doğru cavabı verdim. Bu möhtərəm şəxs mənə sual verdi ki, İbrahim, səncə, biz o dünyaya gedərkən nələri etməliyik? Mən də azacıq düşündükdən sonra öyrənməli olduğumuzu dedim. Əlbəttə, bu cavab özündə demək olar ki, hər şeyi əhatə edir, lakin əsas olan insanın universal harmoniyanı, qaydaları tapması və onlarla qarşılıqlı əlaqədə olmasıdır. İlk öncə sadə Brahman olan Siddharthanın yolu indiyə qədər bədii-ədəbiyyatda mənim üçün ən doğma yol oldu. Onun axtarışları və müraciət etdiyi ünvanlar müxtəlif olsa da, mənəvi yolda keçilməli olan qapılar kimi başa düşməliyik. Siddharthanın mənəvi yolunu sətirbəsətir oxuduqca, doğruluna şübhə etmədiyim faktlarla rastlaşırdım: hər birimiz nəzərlərimizi ilk öncə bu ucsuz-bucaqsız kainata deyil, ucsuz-bucaqsız daxilimizə yönəltməliyik. Hər hansı rituallara canı-dildən bağlı qalıb saxta prinsiplərə inanmamalı, ilahi aydınlanmaya məhz özümüz nail olmalıyıq. Səhvimiz hər şeyi kənardan gözləməyimizdədir. Məgər bu yolda özü addımlayan şəxs əsl xoşbəxt deyilmi? Çünki, Siddhartha da dünyəvi həyatdan ikinci dəfə imtina edərkən anidən xoşbəxtiyə nail olur. 

Lazımsız məsuliyyətlərə, mülkiyyətə, davranışlara, arzulara və istəklərə öz neytrallığı ilə cavab  verən buddizm, bizə özümüzü kəşf edərək nirvanaya çatmalı olduğumuzu deyir. Siddhartha yaşadığı dünyanın necə də mənasız olduğunun fərqinə varıb, həyatın insan-uşaqlara, normal insanlara oxşamaqdan başqa bir şey olmadığı qərarına gəlir. O, başa düşdü ki, insanda varlığından xəbərsiz olduğu bir çox bacarıqlar var. 

Siddhartanın yolu bizə bəşər tarixinin mənəvi səyahəti haqqında bir daha düşünməyə çağırır. Siddhartha hansısa konkret təlimin, dinin, insanın arxasınca getmədi. Budda kimi şəxsiyyətlə görüşmək imkanı qazandı, onun təlimi ilə tanış oldu, lakin onun şəxsi yolu üçün hətta Buddanın təlimi də kifayət etmədi. Pimitiv instinklər, primitiv ehtiyaclar, tələbatlar, mənafelər girdabında qalsaq heç nəyə nail ola bilmərik. Diqqətlə fikir versək, bütün dinlərin, bütün təlimlərin gücünü insan kütləsinin sayının artırılmasında görərik. Onlar mütəmmadi olaraq yeni-yeni qayda-qanunlar, rituallar kəşf edərək insanları sadəcə əllərində saxlamaq istəyirlər. Siddharthanın yolunda isə biz görürük ki, insan o zaman nəyəsə nail ola bilər ki, o, özü ilə tək qalsın və təbiətin ilahiliyinə qulaq versin. Daxilimizə baş tutacaq səyahətdə biz qeyri-adi möcüzələrlə və şəxslərlə qarşılaşmayacağıq. Bunu bizə söz verənlər bizim bir insan kimi zəifliklərimizdən istifadə edənlərdir. Bu haqda nə vaxtsa yazanlar isə ən böyük cinayətkarlardır ki, onlar neçə-neçə insanı özünü tapmaqdan məhrum ediblər və axmaq hadisələrin baş verməsinə səbəbkar olublar. 

Bir sözlə, "Siddhartha" daxili yolculuq üçün sizin ən gözəl bələdçiniz olacaq. 

Seçmələr:

1) Məndən eşitdiyin təlim nəyəsə olan yanaşma deyil və onun məqsədi dünyanı öyrənmək istəyənlərə onu izah etmək deyil. Onun məqsədi - günahlardan təmizlənmək, iztirablardan azad olmaqdır. Qautama bax bunu öyrədir, başqa heç nəyi. | Hermann Hesse - Siddhartha 
2) O, özünü nə vaxtsa xoşbəxt hiss etmişdimi, nə vaxtsa həqiqi xoşbəxtliyi yaşamışdımı? Bəli, o, bir neçə dəfə buna bənzər şeyləri hiss etmişdi. Uşaq vaxtı müqəddəs şeirləri əzbərdən söyləyərkən, alimlərlə yarışlarda fərqlənərkən, yaxud da kahinlərlə qurbangətirmə mərasimlərində iştirak edərkən braxmanlar tərəfindən təriflənəndə özünü xoşbəxt hiss etmişdi. Həmin vaxt ürəyində hiss edirdi: layiq olduğun yol budur, səni allahlar gözləyir.
3) İnsanların çoxusu yarpaq kimidirlər: onlar havada gəzişir, fırlanır, sonda isə yerə düşürlər. Digərləri isə -çox azı- ulduz kimidirlər: onlar müəyyən yolla hərəkət edirlər, heç bir külək onları yolundan döndürə bilməz.  
4) Əgər kimsə əzmlə axtarırsa, Siddihartha dedi, o zaman onun gözü axtardığından başqa hər şeyə qarşı hissizləşir və o, heç nə hiss etmir, heç nə dərk etmir, çünki onun fikri axtarışı ilə məşğuldur, çünki onun məqsədi var və o, məqsədinə mübtəla olub. Axtarmaq məqsədə sahib olmaqdır. Tapmaq isə, azadlıqdır, duyulmağa qarşı açıqlıqdır, məqsədsizlikdir. Hermann Hesse - Siddhartha  
5) O, çayın səsinin fərqinə vardı və ona qulaq asmağa başladı. Bu səs onun müəllimi və bələdçisinə çevrildi, çayın özü onun üçün ilahi bir şey idi. İllər boyunca o, heç düşünmədi ki, hər bir külək, hər bir bulud, hər bir quş, hər bir böcək də həmin dərəcədə ilahidir və ən azı çayın öyrətdiyi qədər öyrədə bilər. Lakin o vaxta qədər, o müqəddəs meşəyə yola düşəndə, kitablarsız, müəllimlərsiz məndən də, səndən də çox bilirdi. Çünki çaya inanırdı.  
6) Artıq o, sözlərin sözünü - "Om" kəliməsini nəfəsi alarkən və verərkən, səssiz demək dərəcəsində idi, diqqətini toplayaraq, vəhdətlə, aydın düşüncənin parıltısı ilə səssiz demək dərəcəsində idi. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi