Ölümdən sonra - After.Life - Жизнь за гранью
- Axı mən nəfəs alıram! Mən hələ də sağ ola bilərəm.
- Siz insanlar, düşünürsünüz ki, nəfəs alırsınızsa sağsız. Həyatınızdan elə bərk yapışırsınız ki, elə bil nəyəsə dəyir. Həyatına bu dərəcədə bərk yapışmağa dəyərmi heç, Anna?
Nişanlısı ilə mübahisə edən Anna avtomobil qəzasına uğrayaraq bir də dəfn bürosunda özünə gəlir. Eliot Dikon ona deyir ki, Anna ölüb və onun bədəni dəfn mərasiminə hazırlanmalıdır. Onun qəribə ilahi vergisi var: o birisi dünyaya getməyə hazırlaşan ölmüş insanların ruhunu görə və onlarla danışa bilir. Buna baxmayaraq Anna hiss edir ki, hələ ölməyib. Axı o, nəfəs alır. Həqiqətən də hər şey göründüyü kimi deyil...
Siz deyirsiz ki, ölümdən qorxursuz, əslində isə yaşamaqdan qorxursuz.
Filmdə bəlkə də həyatdakı ən dəhşətli şey - reallıq hissinin itirilməsi təsvir olunub. İnsanın həyatda ola-ola öldüyünü qəbul etməsi, bu yalanla barışması, iradəsini təslim etməsi, yalnızca ikinci möhtəşəm iradənin təsiri altında mümkün ola bilər. Filmin bütün süjeti və mahiyyəti də məhz bu prinsiplər altında formalaşıb. Bir tərəfdən "ölümdən sonrakı həyat" mövzusu işıqlandırılır, digər tərəfdən eyni entüziazm ilə yalan və saxtakarlığın gücündən doğan psevdo-reallığın izahı verilir. Film boyu "görəsən, Anna həqiqətənmi ölüb?" sualını verməmək mümkün deyil.
- Həyatdan həqiqi mənada nə istəyirdin?
- Mən xoşbəxt olmaq istəyirdim...
- Xoşbəxt olmaq...Siz hamınız xoşbəxt olmağı istədiyinizi deyirsiz. Bu nə deməkdir axı?
- Başa düşmürsüz? Elə əsas məsələ də budur, mən bilmirəm...
Bəlkə də bəzi izləyiciləri filmdəki ölüm və ölmək kimi təbii şeylər qorxudub, amma məni qorxudan yeganə şey yuxarıda da qeyd etdiyim kimi, insanın yalanı reallıqla əvəz edib, düşdüyü vəziyyətlə barışması oldu. Bu vəziyyət bir mühüm sualı aktuallaşdırır: insan həyatda yaşadığını necə sübut etməlidir? Bax adicə siz və ya mən necə sübut edək biz yaşayırıq? Mən fiziki əlamətlərdən söhbət açmıram. Haramızısa kəsə bilərik və axan qanı həyat adı altında kiməsə sıraya bilərik, lakin həqiqi həyat, əsl yaşamaq anlayışı bizim ruhumuzla, qəlbimizlə, şüurumuzla əlaqədar bir şeydir.
"Ölümdən sonra həyat varmı? Varsa, necədir?" suallarına o qədər başımızı qarışdırmışıq ki, "Həyatı yaşamaq nədir? Necə olmalıdır?" suallarının varlığının bixəbər vəziyyətə düşmüşük. Bu suallar psixoanaliz üçün yaxşı başlanğıc ola bilər. Bütün bu suallar o vaxtı cavabını tapa bilər ki, biz içinə düşdüyümüz bu dəhşətli eqo mübarizələrindən kənarlaşıb özümüzü tapa bilək. Razılaşırsız?
Əlbəttə ki, biz çox şeyin qədrini itirəndə bilirik. Yaşadığımız ağrılar, düşdüyümüz boşluqlar bizə bizi daha da yaxından tanıdır. Nəticədə özümüzlə hesablaşmağa məcbur oluruq. "Ölümdən sonra" da bir növ bizə itki ilə qazancı, sevgi ilə yalnızlığı, istiliklə soyuqluğu başa düşməkdə köməkçi ola biləcək maraqlı nümunələrdən birisidir. Varlıq və heçlik haqda düşüncələrə dalaraq, ölülərin necə nəfəs aldığını, dirilərin isə necə xoruldadığını eşitmək mümkündür. "Ölümdən sonra" mənim üçün sağ ikən ölməkdən bəhs edən maraqlı film oldu. "Sağ" insanların ölü gözləri, bəlkə də, dünyada rastlaşa biləcəyimiz ən qorxulu şeydir.
Comments
Post a Comment