Stenli Veynbaum - Mars odisseyası və digər planetar hekayələr

Kosmik və elmi fantastika sevənlər üçün Stenli Veynbaumun adı bir o qədər də çox şeyi anımsatmır. Hər nə qədər bizlər Herbert Uells, Ayzek Azimov, Filip Dik, Aleksandr Belyayev, Bob Şou, Robert Haynlayn və digər məşhur elmi və kosmik fantastika yazıçıları haqda zəngin biliklərə malik olsaq da, Stenli Veynbaum haqda eşitməmişik. Bunu müəyyən qədər normal da qəbul etmək olar, çünki onun yaradıcıllığında yuxarıda sadalanan yazıçıların qoyub getdiyi o möhtəşəm əsərlərə bənzər əsər tapmaq bir qədər çətindir. Buna baxmayaraq "Mars Odisseyası və digər planetar hekayələr" öz maraqlı hekayələri ilə oxucuların təxəyyülünə yem ola bilir. "Mars Odisseyası və digər planetar hekayələr" özündə başda Mars olmaqla müxtəlif planetlərin hekayələrini daşıyır. İrəlidəki qeydimdən də görəcəyiniz kimi, "Mars odisseyası" özünəməxsusluğu ilə elmi-fantastika yazıçıları arasında tanınır. Bütün hekayələr haqda ətraflı məlumat və təhlil təqdim edə bilmək imkanından məhrum olsam da, yazıçı haqda qısaca məlumatdan sonra bəziləri haqda fikirlərimi aşağıda qeyd etmişəm. 

Stenli Veynbaum ABŞ-ın Kentuki şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. İxtisasca kimya mühəndisi olan Stenli, sonradan ingilis dili üzrə də təhsil almağa davam edir. 1923-cü ildə isə universiteti tərk edir. Onun ilk və ən yaddaqalan əsəri "Mars Odisseyası" bizə kosmik fantastika janrının ilk şüurlu məxluqu, Tvili təqdim edir. Ayzek Azimov bu haqda qeyd edir: "Mars odisseyası" Con Kempbelldən öncə yazılmış mükəmməl Kembell hekayəsidir. Tvil elmi-fantastikanın ilk məxluqudur ki, Kempbellin yanaşmasını doğruldub: insan kimi, yaxud da insandan daha yaxşı düşünən, lakin insan olmayan məxluq. Gördüyümüz kimi bu kiçik hekayə Ayzek Azimovu olduqca ruhlandırıb. Stenli Veynbaum ağciyər xərçəngindən dünyasını dəyişib, lakin onun əsərlərində təsvir etdiyi kosmik varlıqlar, planetlərin flora və faunası və eləcədə bəşər övladının müəxtəlif cəmiyyətlərdəki problemlərinin kosmikləşdirilməsi, kosmik və elmi fantastika janrının gələcəkdə fövqəl-möhtəşəm nümunələrini formalaşdırmaq üçün ehtiyac duyduğu fundamental inşaat materiallarını formalaşdırıb. 

1. Mars odisseyası - Bu hekayə həcmcə kiçik, lakin hekayələr toplsunun ən əsas hissənini əmələ gətirir. Hekayədə Carvis adlı astronom və Tvil adlı yadplanetlinin Mars planetindəki dostluğundan bəhs olunur. Oxucu onların dostlaşma anından etibarən Mars planetini də kəşf etməyə başlayır. Orada var olan qəribə həyat formaları və əsrarəngiz piramidaları tikən silikon həyat forması ilə əlaqədar təsvirləri gözləmləmək olduqca maraqlı oldu.

Bu hekayənin konkret məqsədi və yekun nəticəsi yoxdur. Yazıçı azacıq elmi, əsasən isə absurd kosmik fantastikanın köməkliyi ilə Mars planetinə səyahət etməyə hər cürə imkan yaradır. Onu da demək yerinə düşərdi ki, bu Veynbaumun Marsı və marslıları, Herbert Uellsin, Endi Veyrin və digər bütün Mars yazarlarının Marsından fərqlidir. Stenli Veynbaumun Marsında məzəli məqamlar və humanizm var. Adətən Mars planeti heç də qonaqpərvər planet kimi təsvir olunmur və onun "sakinlər"i də müstəmləkəçi niyyətindən uzaq olmurdular, amma bu dəfə Mars tamamilə qonaqpərvər və məzəli formatda Yer planetinin övladına kiçik ekskursiya təşkil edir. 

2. Parazit planeti - Bu hekayə isə artıq özündə bir qədər problematika daşıyır. Belə ki, Venerada qarşılaşan və təhlükələri birgə atlatmağa çalışan ingilis xanım və amerikalı kişi, dünyəvi sosial-ictimai-siyasi problemlərini Venerada həll etməyə çalışırlar. Problemlərin həlli isə özünü romantik həll yolunda tapır. Belə ki, münaqişədən başlanan münasibətlər sonunda evlənmək ilə yekunlaşır. Hekayə ərzində biz müxtəlif məxluqlar və yazıçının Venera planetinə olan təxəyyül məhsulları ilə tanış oluruq. 

3. Lotus yeyənlər - Bu hekayə isə artıq fəlsəfi çalarlar daşıyır. Veneranın qaranlıq hissəsində yaşayan xüsusi göbələyə bənzər Oskar adlı canlılarla söhbət edən cütlük, onların intellektinə heyran olurlar. İnsanları uzun illər narahat edən, onları maraqlandıran fəlsəfi sualları Veneranın bu sərt təbiətində həyatda qalmaq üçün ölüm-dirim mübarizəsi aparan Oskardan soruşub və ağıllı cavablarını oxumaq olduqca həyəcanverici oldu. Əlbəttə ki, bu şərti xarakter daşıyır. Yazıçılar belə formatlı əsərlərdə öz məqsədləri üçün istifadə edirlər. Yenə də bu məqsədləri pis məqsəd hesab etmək düzgün olmazdı, çünki yazıçı öz şəxsi fəlsəfi yanaşmalarını kosmik canlıların dilindən, yerdənkənar məkanda oxucularla bölüşür. Ona görə də Stenli Veynbaumun əsərlərini kosmik macəra janrına aid etmək olmur. Çünki burada hər şey simvolik xarakter daşıyıb, elə dünyamızın problemlərindən, dünyamızın aktuallığından bəhs edir. Ona görə də, biz oxuduqlarımızı fəlsəfi sakitliklə qarşılamağa hazır olmalıyıq. 

4. Dəlisov Ay - Bu hekayə haqqında isə çox şey deyə bilmirəm, çünki çox az şey başa düşdüm. Haradasa kosmosda, uzaq yerdə insanlar yuxu ilə reallığı ayıra bilməyərək qəribə məxluqlar və aborigenlərlə mübarizə aparırlar. Bəlkə də diqqətlə oxumaqdım, amma düşünürəm ki, müəyyən təsvirlər və qəribə adlardan başqa ciddi bir şey gözləməyə dəyməz. Öncəki hekayələr daha maraqlı və mənalı idi. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi