Mikayıl Naymi - Mirdadın kitabı

Rus dilində kitabın adı: Михаил Наими - Книга Мирдада. Необыкновенная история монастыря, который когда-то назывался Ковчегом  

İngilis dilində kitabın adı: Mikha'il Na'ima - The Book of Mirdad

Bu əsrarəngiz əsər, Livan ədəbiyyatının klassiki Mikayıl Naymiyə məxsusdur. O, görkəmli ərəb-amerikan yazıçısı, şairi, rəssamı, filosofu Cibran Xəlilin yaxın dostu olub. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: ""Mirdadın kitabı" mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm". 

Kitab haqqında nə yazacağım haqqında hər nə qədər ciddi düşünsəm də, sonunda başa düşdüm ki, həqiqəti izah etmək mümkün olmur. Bunu hər hansısa dadlı yeməyin dadına baxarkən insanda yaranan təəssüratlarla müqayisə etmək olar. Məsələn, siz çox dadlı təamın dadına baxırsınız. Yaxın dostunuza isə ancaq təəssüratlarınızı çatdıra bilərsiniz. Təəssüratların çatdırılması ilə ideyanın və ya mahiyyətin ehtivası isə tamam fərqli məsələlərdir. Dostunuz söhbətin nədən getdiyini başa düşmək üçün mütləq gərək həmin yeməyin dadına baxsın. Başqa yol yoxdur. Əks təqdirdə hər şey abstrakt nöqtədə qalacaq. 

Kitabda hər bir insan üçün həyatda vacib məsələlərdən bəhs olunur: sevgi və nifrət, inam və satqınlıq, vaxt və ölüm, xeyir və şər. Bu kitabda əfsanə, fəlsəfə və poeziya sehrli yollarla bir-birinə qarışıb. Onun müdrikliyi və xəfif lirikası şərq eqzotikasını formalaşdırır. Şərq fəlsəfəsi bizi ruhi dünyaya səyahətə dəvət edir. Dinləyin. Onun harmoniyasını dinləyin. Görün. Onun al-əlvan rənglərini hiss edin. İnsanın ucsuz-bucaqsızlığı, əbədiyyəti, eyni zamanda məhdudluğu və müvəqqətililiyi necə də qəribədir. 

Ərəb yazıçısı və tənqidçisi Mikayıl Naymi 1889-cu ildə Livanın Bişkint adlı kəndində anadan olub. Bu kənd yüksək dağlıq ərazidə yerləşir və həmin yerdən Şərqi Aralıq dənizi regionu görsənir. Öz bədii və meditativ əsərlərində yazıçı yaşadığı ərazinin möhtəşəm təbiətinin xüsusiyyətlərindən istifadə etmişdir. Bu məqam xüsusilə "Mirdadın kitabı"na aiddir. 

Təhsil axtarışında ola Naymi yaşadığı və təhsil aldığı yunan pravoslav kilsəsini tərk edir. O, Fələstində yerləşən Nazerat Pedaqoji Universitetinə daxil olur. Daha sonra Rusiyada yerləşən Poltava ruhi seminariyasında təhsil alır. Təhsilini ABŞ-da, Vaşinqtonda, incəsənət və hüquq fakültəsində bitirərək, fəlsəfə doktoru dərəcəsini alır. O, üç dildə: ingilis, rus və ərəb dillərini mükəmməl bilirdi. 

1920-ci ildə Nyu-Yorka gələn Mikayıl Naymi Xəlil Cibran və 8 nəfər digər livanlı ərəb emiqrantlarla livan ədəbiyyatında inqilab törədəcək "Lələk assosiyası"nın əsasını qoyurlar. Xəlil Cibran dünyasını dəyişdikdən sonra, doğma yeri olan Bişkintə qayıdır və 1989-cu ilə - dünyasını dəyişdiyi ilə qədər ömrünü ədəbi yaradıcıllığa həsr edir. O, 31 kitabın müəllifidir və ərəb ölkələrində hər birisi klassika hesab olunur. Bu kitabların arasında insanın varlıq məsələlərinə həsr olunan ən müxtəlif dramalar, poeziyalar, tənqidi məqalələr, qısa hekayələr, bioqrafiyalar, avtobioqrafiyalar və esselər daxildir. Şübhəsiz ki, "Mirdadın kitabı" əsəri onun ən məşhur əsəri olsa da, eyni zamanda "Avaralanan ruhun xatirələri", "Görüş vaxtınadək" və Xəlil Cibrana həsr etdiyi bioqrafiyanın müəllifidir. 

"Mirdadın kitabı" 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: "Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil. Bircə bu kitab nəhəng təcrübələrdən ibarətdir. Həmin insanın adı Mikayıl Naymadır."

İnsanın getdiyi yol onun qabağına saysız-hesabsız sınaqlar təqdim edir. Mərhələ fəlsəfəsini tam olaraq qəbul etməsəm də, o özünün varlıq dəlillərini təqdim edir. Odur ki, cari təhlilimizdə mərhələ anlayışından başlamalıyıq. Ətrafımızda müxtəlif ruhi mərhələlərdə olan insanlarla rastlaşa bilərik. Bəziləri bu yola heç başlamayıblar, bəziləri artıq müəyyən uğurlar əldə ediblər. Bəziləri uğur qazanmaq istəyirlər, bəziləri isə "növbəti dəfə"ni seçirlər. Dəyişməyən həqiqət isə ondan ibarətdir ki, seçimdən asılı olmadan hər bir kəs ruhi yolda irəliləməyə məhkumdur. 

Mirdadın kitabı insanın ruhi yola başlamasının təsviri ilə başlayır. Mərhələ-mərhələ aşılan cismani maneələrdən sonra müdriklik yolu başlayır. Bu müdriklik yolu Nuh peyğəmbərin məbədə çevrilmiş gəmisinə gətirib çıxarır. Burada rahiblər və bu rahiblərə unudulmuşları xatırlatmağa gəlmiş böyük ustadı görürük. Onların fikirləri və bir-birilərinə olan münasibəti bizə bəşəri problemləri bircə-bircə təqdim edib izah edir. 

Nə demək olar. Livan ədəbiyyatı öz gözəlliklərini mənə təqdim edir. Xəlil Cibranın sayəsində tanıdığım Mikayıl Nayma, Mirdadın kitabı mənim üçün son vaxtların ən dəyərli əsərlərindən oldu. Mən hiss etdim ki, ruhi yolumda azacıq da olsa irəli addımladım. 

Sitatlar:

  • Var olmaq, hiss etmək və düşünmək. Təsəvvür etmək sonra da bilmək. İnsan həyatının mərhələləri bunlardan ibarətdir. 
  • Əgər kimisə və ya nəyisə dərindən sevirsənsə, əslində öz-özünü sevirsən. Kiməsə və ya nəyəsə nifrət bəslə və əslində özünə nifrət etmiş olacaqsan. Əgər öz-özünlə səmimisənsə, nifrət etdiklərinə və sənə nifrət edənləri sevməli, daha sonra sevdiyin kəsi sevməli, sevgiyə sevgiylə cavab verməlisən. 
  • Qayğı və ağrılardan xilas yolu: Siz gərək elə düşünəsiniz ki, sanki, düşüncələriniz hamnının görə bildiyi səmada alovlarda öz əksini tapır. Əslində bu elədir. Danışanda gərək elə danışasız ki, sanki, bütün dünya sizi dinləmək istəyən böyük bir qulaqdan ibarətdir. Əslində həqiqətən də bu belədir. Hərəkət edəndə elə edin ki, hər bir davranış sizin özünüzdə əks olunsun. Əslində həqiqətən də bu belədir. Elə arzulayın ki, elə bil arzu sizin özünüzsünüz. Əslində həqiqətən də bu belədir. Elə yaşayın ki, sanki, tanrı öz həyatını yaşamaq üçün sənə ehtiyac duyurdu. Əslində həqiqətən də bu belədir.
  • Bəli insan özü həyatına iztirabları qonaq çağırır, amma qonaqlara şad deyil. O, dəvətnaməni harada, nə vaxt  və necə yazdığını unudub. Vaxt-zaman isə heç vaxt heç nəyi unutmur. O qonaqlara dəqiq ünvanı göstərər və birbaşa kəndara gətirib çıxarar.
  • Sevgi alqı-satqı işləri ilə məşğul olmur, amma əgər verirsə bütün varlığını verir, alırsa hər şeyi götürür.
  • "Mən" anlayışı sənin həyatının dayaq nöqtəsidir. Hər bir şey ondan əmələ gəlir və sənin həyatını doldurur.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi