Üç Samuray

Samuraylığın ən əsas qaydasını heç vaxt unutmamışdım: Samuray daima ölümü düşünməldir. Gallus deyib ki, qaçılmaz bəlaya anidən düçar olmaq, uzun müddət qorxu əzabları çəkməkdən yaxşıdır. Öyrəndiklərimə görə seppukuda bağırsaqlar çölə fışqıraraq dözülməz ağrılar verir. Mən həmişə ağrılara qarşı aciz olmuşam. Səbəbi isə dünyaya təbii yolla gəlməmək olub. Həyatın ilk ağrı və çətinliklərini görməmişəm. Həyatımın ilk anında görmədiyim ağrıları həyatımın son anında görmək istəyirdim. Bu ağrıdan can qurtamaq mümkün deyil. Sonradan əmələ gələn dözülməz ağrılar isə seppukudan uzun müddət öncə başlayıb daxilimdə. Bu ağrılar bağırsaqlarım kimi içimdə bir-birinə dolanıb yuva qurub. O yuvanı dağıtmalıyam. Yalnız o zaman ətrafımdakı büllur kədər, tənhalıq və soyuqluq illüziyazı dağılacaq. Mən qorxmuram daha. Geriyə baxmıram. İrəli anlayışını unuduram. Son olaraq qılıncı dərinliyə itələyəndə, çox çox uzaqda, lakin getdikcə yaxınlaşan üç samurayı görürdüm. Uzun kimanoları və yanlarından asılmış qılıncları ilə sakura ağacının altında mənə tərəf gəlirdilər. Uzaqda qürub edən günəş qırmızımtıl rəngdə məni gözləyirdi. Mən dördüncü idim. Sadəcə unutduğum səbəblərə görə ayrılmışdım onlardan. Çox güman ki, növbəti missiyadaydım. Üzlərində heç bir ifadə yox idi. Nə gülümsəmə, nə də kədər. Üç samuray həyatımın ən son xatirəsi oldu. Geriyə qalanı onlara həvalə etdim. Onlara inanırdım və inanmaq məcburiyyətindəydim. Mənim məqsədim ancaq özümü öyrənməkdir. Başqalarına zərər vermərəm. Sərhədlər aradan qalxır və ətrafda sarı rəngdə panikada ora-bura uçuşan kəpənəklər və onların melodik pıçıltıları eşidilirdi: “Bu dünya onsuz da illüziyadır”. Bu məndə başlayıb məndə də bitən, ruhumun kainata sığmayan miqyasına qərq olmaqdır. Mən özümə dərs verməliyəm. Mən təcrübə qazanıb yetkinləşməliyəm. Digərləri də bundan dərs çıxara bilər. Fırtına məni haralara atsa, mütləq orada yaşanılası bir yer vardır.

İbrahim Niftiyev, 31.05.13

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi