Dünyanın ən yaxşı atası - World's Greatest Dad

Görkəmli yazıçı olmaq arzusu ilə
yaşayan Lens Kleyton, onun gizli məşuqə həmkarı Kler və Lensin yeniyetməlik
dövrünün hormonlu burulğanında özünü itirən Kayl adlı oğlu. Lens hələ bilmir
ki, arzularımız, istəklərimiz qurbanlar hesabına gerçəkləşir. Kler də gizlinlərin
nə vaxtsa aşkar olduğundan bixəbərdir. Kayl isə sadəcə axmaqdır. Lensin arzusu
gerçəkləşir, lakin çox ağır qurbanlar hesabına. Arzularımızla ehtiyatlı olmaq
lazımdır. Onlar bütün kainatı fırlanıb sonda bizə qayıdırlar. Lens arzusuna
çataraq “azadlıqdan məhrum” olur. O, yenidən azadlığa qovuşmalıdır. Məgər insan
başqa cür yaşaya bilərmi?
Belə filmlər orijinallığa iddia edib, ən
yükəsk mükafatlar arxasında qaçmırlar. Banallıq qaçılmazdır, amma düşünürəm ki,
belə filmlərin çəkilməsinə hər zaman ehtiyac var. Çünki biz bəzi məsələlər
haqqında dönə-dönə düşünməliyik. Filmdə kimin pis, kimin yaxşı olduğunu
axtarmamalıyıq. Filmdə sadəcə problemləri görməli və ən optimal çıxış yolunu
axtarıb tapmalıyıq. Bəli, bu çətindir.
Filmdə təsvir olunan problemlər
bilavasitə cəmiyyəti formalaşdıran ailədaxili problemlərdir. Ata-oğul arasında
olan problemli münasibətlərə yeni yanaşma, yeni baxış əldə etdim. İnsan şəxsiyyətinin
ağrılı və iyrənc tərəflərini görüb məyus oldum. Hər zaman gözlənilməz hadisələr
olduğunu düşünb, həssaslaşdım. Mövzunu aktual saxlamaq baxımından lazımlı
filmdir.
Filmi qara yumorda dəyərləndirirlər. Deyərdim
ki, film daha çox dramadır. Film tragikdir, amma tragediya, faciə özünü tam
biruzə verməyib. Ona görə də elə “qara yumor” özünü doğruldur. Filmi izləmək səbəbim
nə janrdır, nə də süjet. Səbəb Robin Uilyamsdır. Rolun öhdəsindən əla gəlsə də,
2009-cu ildə çəkilən bu film mənə mənim sevimli aktyorumun yaşlandığını əməlli-başlı
sübut etdi. Onun filmləri mənim üçün əbədiyaşardır.
Filmin çəkilşi normaldır. Filmdə olan əla
musiqi parçaları dinləməyə dəyərlidir. Bəzi epizodlar yaradıcıllıq baxımından
olduqca parlaq və yaddaqalandır.
Lens xırtdəyə qədər yalan danışdı və elə
həmin yalanlar hovuzunda boğulmaq üzrə idi. Sevindiricidir ki, o, bu hovuzdan kənara
çıxa bildi. Adi, tamamilə normal hovuza baş vurdu. Bir balaca “sərin”-lədi. Təəssüflər
olsun ki, bir çox insan Lensin aqibətini paylaşır. Əlbəttə, bu daha kiçik
miqyasda və fərqli formada ola bilər. İnsan alternativləri zənginləşdirən
varlıqdır. Bəzən cəmiyyət yalan danışmağa məcbur edir. Sən də şərti reflekslərə
uyub tabe olursan. Azad olmaq isə tamam fərqli bir şeydi.
Comments
Post a Comment