Ən son dalğalanan bayraq - Last Flag Flying



Üzərindən 30 il keçəndən sonra, həkim Larri Şeperd, Vyetnamda birgə xidmət keçmiş əsgər yoldaşlarını axtrıb tapır ki, dostları ona təkcə xatirələrində deyil, həm də bu günkü günündə yoldaşlıq etsin. Axı Larrinin başına fəlakət gəlib. Oğlu İraqda şəhid olub. Bir müddət öncə isə həyat yoldaşını itirib. "Ən son dalğalanan bayraq" bir növ humanizm dolu, müəyyən dünyəvi fəlsəfəni özündə çağırışdıran, təcrübi filmdir. Öz tənqidi mövqeyi ilə patriotizm və ideoloji məsələlərin üzərinə işıq salır, cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərin əsl üzünü göstərir. 

Düşünürəm ki, ABŞ cəmiyyətində belə filmlərə böyük ehtiyac var, çünki filmin ən əsas ismarıcı yalanı doğrudan ayırmaqla əlaqədardır. Ələlxüsus da, ABŞ-ın mütəmmadi müharibələrlə müşayiət olunan xarici siyasətinə dair məsələlərdə problem öz kəskinliyini daha da qabarıq biruzə verir. Ona görə də, filmin çəkiliş üslubunu ilk dəqiqələrdə başa düşə bilmirdim. Mövzu çərçivəsində də bir o qədər təcrübə sahibi deyiləm. O cümlədən, nə gözləməli olduğumuzu da aydınlaşdırmaq asan olmur, lakin bir şey dəqiqdir: sadə və səmimi format bizə çox böyük miqyaslarda baş verən hadisələrlə çox kiçik dünyaları olan insanların arasında əlaqə yaratmağımıza vasitəçilik edir. 

Filmin çox maraqlı təkamül xətti var: ilk növbədə əsas obrazlar bir-biriləri ilə yenidən səmimiləşməyin yollarını axtarırlar, çünki hər biri digərindən çox kəskin şəkildə fərqlənir və vaxt-zaman onları bir-birindən çox uzaq salıb. Məsələn, Larri özünəqapalı və yaşadığı faciələrdən sonra daha da yalnızlaşan obrazdır; Sa(o)l, dəlisov, epikürçülüklə məşğul olan, azadruhlu şəxsdir; Riçard isə özünü dindarlıqda və ailə həyatında tapmış, az-çox daxili sülh və nizam-intizama malik birisidir. Qeyd etdiyim kimi, 30 illik fasilə bu insaları bir-birindən mənəvi olaraq çox uzaq salıb, lakin qısa müddət ərzində onlar dostlarının qəminə şərik olaraq bir-birilərinə tolerantlıq göstərməyə başlayırlar. Daha sonra diqqəti çəkən ən əsas məqam hərbiçi zümrəsi ilə mülki vətəndaşlar arasındakı üstüörtülü münasibətlərdir. Filmdə bəlkə də bilərəkdən buna çox yer verilməyib (filmin marketinqi də ortalıqda bir o qədər yoxdur). Ola bilər rejissor başqa bir ismarıc ötürməyə çalışır: yalanlar hər nə qədər aşkar olsa da, sistemin müəzzəmliyi (ələlxüsus da ABŞ-da) fərdin səsini çox asanca batıra bilər. Bir neçə maraqlı səhnə bu ideyanı dəstəkləyir, amma hər bir halda, elə həyatın özü kimi film heç də hər şeyin sadə olmadığını, hər şeyin bir-biri ilə çox sıx əlaqədə olduğunu və bəzən bir şeyi başqa bir şeydən ayırmağın elə də mənalı olmadığını göstərir. 

Filmin ümumi ab-havası qəribə kədər hissi, incə yumor və çox parlaq obrazlara əsaslanır. Epik kişi həmrəyliyi və dostluğu, zamanın dəyişdirdiyi şəxsiyyətlər və nostalgiyanın insanlarda oyatdığı həmişəki xoş hislər çox maraqlı nüanslar hesab olunmalıdır. Sadəcə mövzudan hali olmayan və film izləmək üçün hövsələ balanssızlığı olanlar "Ən son dalğanan bayraq" filmindən zövq almaqda çətinlik çəkə bilərlər. Yekunda isə onu deyim ki, mövzunun və çəkilişin bütün məqamlarını nəzərə alanda, film kifayət qədər yüksək qiymətə layiqdir. Filmdə Brayn Krenston, Stiv Karell və Lorens Fişbörnü bir yerdə görmək çox maraqlı oldu. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi