Elektrik yuxuların yozumu: psixoanaliz, iqtisadiyyat və fəlsəfə


"Filip K. Dikin Elektrik Yuxuları" və ya sadəcə "Elektrik Yuxular" (Electric Dreams) məşhur Filip K. Dikin elmi-fantastik hekayələr antologiyası əsasında ekranlaşdırılmış serialdır. Yazıçının işinə bələd olduğuma görə, bu serialı da izləməyə bilməzdim. Çoxlarımız isə "Minority Report", "Total Recall", "Blade Runner" və s. kimi dünya şöhrətli filmləri izləmişik. Həmin filmlər də Filip K. Dikin əsərləri əsasında çəkilib. Bu səbəbdən, gözləntilərimizi dügün hesablamaq o qədər də çətin olmayacaq. Bu yazıda mən, 10 bölümdən ibarət serialın məni düşündürdüyü mövzular çərçivəsində öz qeydlərimi bölüşəcəm (Əfsuslar olsun ki, yazının müəyyən hissələri bəzi bölümlərlə əlaqədar spoylerlər də daxil olmaqla yazılıb. Bəzilərində isə fikrimi spoylersiz təqdim etməyə müvəffəq olmuşam.).

Seçimlərimiz reallığımızdır (Real life) - Serialdan izlədiyim ilk bölüm bizi psixoanalitik müstəvidə öz reallığımızı sorğulamağa dəvət edir. Hansısa yaxın gələcəkdə, öz arvadının təklifini nəzərə alıb "virtual tətil"-ə çıxan Sara(!), reallıq hissini itirir. Tamamilə fərqli iki şəxsiyyəti təcrübədən keçirə-keçirə axırda öz şüuru və şüuraltısı arasında ilişib real həyatdan uzaq düşür, yuxuların dünyasında həmişəlik qalmalı olur.

Bölümü izləyə-izləyə bir bir şeyi müşahidə edirik: insan seçim edən canlıdır. İnsanın seçim etməsi isə heç də həmişə risklər və mükafatların müqayisəsinin məhsulu deyil. Bəlkə də digər canlılarda bu belədir, amma insanın neyron şəbəkələrində doğulan fikirlər onun daxili reallığını əmələ gətirir. Daxili reallıq isə bir qədər məzəli söz birləşməsi olsa da, sadə dildə desək, bu bizim mənəvi həyatımız, dəyərlərimiz, ruhumuz və s.-dir. Məsələn, əgər insan daxili münaqişələrinin öhdəsindən gələ bilmirsə və ya hansısa xarici amillərin təsiri ilə özünü bağışlaya bilmirsə, gec-tez "mən xoşbəxt olmağa layiq deyiləm" verdiktini çıxara bilər. "Real Life"-da biz bunu görürük. Belə olan halda da insan özü-özünü sındırır, xarab edir. Əslində burada müəyyən bir ironiya da var: şüur, şüuraltı və digər bütün insana xas olan xüsusiyyətlər bizi özünəməxsus etsə də, hər şey müəyyən sərhədlər çərçivəsində baş verir. Başqa sözlə, müəyyən bir mexanizm var. Heç kim onu nə yenidən qura bilər, nə də dəyişdirə bilər. Hər hansısa cəhd də bax beləcə bir hekayə və ya serial bölümü üçün ideal tikinti materialı olur.


İstehsal sisteminin təkamülü (Autofac) - Çox maraqlı bölümlərdən biri olan "Autofac" bizə post-apokaliptik cəmiyyətin iqtisadiyyatı ilə əlaqədar kiçik məlumatlar təqdim edir. Dünya dağılıb, cəmiyyətlər fraqmentləşib, hərə özünədir. "Autofac" adlı zavod isə konsumerizm və ya istehlak cəmiyyəti prinsipləri ilə işləyən, süni intellekt tərəfindən idarə olunan zavoddur. Onun əsas missiyası insanları azad iradədən kənar saxlamaq və onları daima istehlak etməyə sövq etməkdir. Ən yekun məqsəd isə ideal istehlakçılar yetişdirməkdir.


Bölümün iqtisadiyyat nöqteyi-nəzərdə ötürəcəyi ən əsas ismarıc, həm də müşahidə etdiyimiz kiçik cəmiyyətin də öz etirazını bildirdiyi əsas məsələ odur ki, təkcə istehlak üçün işləyən zavod ətraf mühiti çirkləndirdiyini nəzərə almır. Zavodu idarə edən süni intellekt üçün bu əhəmiyyətsiz bir şeydir. İqtisadiyyatda bu mənfi kənar təsirlər olaraq terminləşdirlib və təəssüflər olsun ki, bütün dərsliklərin ən son bölmələrində tədris olunur. Son vaxtlar bir çox qeyri-ənənəvi iqtisadçılar kənar təsirlər kimi mövzuları dərsliklərin ilk bölmələri olmalı olduğunu vurğulamağa başlayıblar. Əlqərəz, süni intellekt tərəfindən işlədilən zavod, mənfi kənar təsirləri dəyişdirmək istəyən cəmiyyət və sonda üzə çıxan həqiqətlər bizə maraqlı distopik iqtisadi sistemi təsvir edir. Hər bir halda iqtisadçılar və ətraf mühitçilər belə məqamlara məxsusi diqqət ayırmağa borcludurlar.


İnsan olmaq (Human is + The Father Thing) - Digər bölüm kosmosda bərqərar olan futuristik cəmiyyətdəki çox qəribə fəlsəfi suala əsaslanır: insan nədir? Psixoanaliz və iqtisadiyyatdan sonra biz, bir növ, çox dərinmənalı fəlsəfi suala kosmosoun ənginliklərində yadplanetlilərin köməyi ilə cavab axtarmağa çalışırıq. Əslində üçüncü bölüm də iqtisadi motivlərdən öz başlanğıcını götürür, çünki Saylos adlı general müəyyən resursları tez əldə etməkdən ötəri yadplanetlilərin üzərinə dərhal hücuma keçməli olduqlarının üzərində təkid edir. Bu təkid müəyyən tamahkarlığa və emptiyasızlığa dayanaraq baş verir. Demək, insanlar kosmosda yaşamağa başlasalar belə, dünyəvi mahiyyətlərindən heç vaxt yaxa qurtara bilməzlər. Təbii ki, bölümün bu hissəsini başa düşməkdən ötəri oxucu gərək onu izləsin. Saylos missiya zamanı ağır döyüşdə iştirak edir, lakin geriyə dönməyə müvəffəq olur. Qırılma nöqtəsi də bundan sonra baş verir: məlum olur ki, kosmik gəmiyə iki Roksariyalı, səyahət edilən planetin yerli sakinlərinin iki üzvü də daxil olublar. Hərgah, onların harada olduğu məlum deyil. Məsələ burasındadır ki, onlar necəsə insanların içinə daxil ola bilirlər, amma təbii ki, zahirən bunu görmək qeyri-mümkündür. Sözün düzü, buna tam olaraq əmin olmaq da mümkün deyil. Bununla əlaqədar çox səthi həkim rəyi səsləndirilir, amma sanballı əsaslandırma yoxdur. Amma Saylos bir gecədə generaldan metamorfa çevrilir və dövlət tərəfindən mühakimə olunur. İndi ya özü şəxsən, ya da kimsə onun insan olduğunu sübut etməlidir. Lakin necə? İnsan insan olduğunu necə sübut edə bilər? Biz insanlarla digər canlılar arasındakı fərqləri az-çox başa düşə bilirik, bəs məsələ düşmən yadplanetlilərlə fərqliləndirməyə gəlib çıxanda, məsələyə necə yanaşmalıyıq? Çünki biz insanın nə olduğunu aydınlaşdırmalıyıq. Bir kimsə Roksriyalıların (sözü gedən yadplanetlilərin adı) tərifini verir: əxlaqi kodeksdən məhrum və empatiya bacarığı olmayan canlılar. Əslində bu bir növ insanın nə olmadığını özündə ehtiva edən ideyadır. Əsl paradoks da elə bu tərifin təqdim olunmasından sonra baş verir: Saylos həyat yoldaşının adını qorumaqdan ötəri Roksariyalı olduğunu etiraf edir. Avtomatik olaraq bu əxlaqi dəyər və empatiya nümunəsi olduğuna görə, onu azad buraxırlar. Burda əsas ismarıc ondan ibarətdir ki, insan olmağın tərifi yoxdur. Sevgi və empatiya, eləcə də ondan doğan digər bütün ülvi hislər insanlıq məfkurəsini əmələ gətirir. Əgər yadplanetli bizim ideallarımızdakı insanlıq modelinə uyğun gəlirsə, deməli o elə insandır (Saylosun həyat yoldaşı onun dəyişilməsindən heç də narazı deyildi). Əksinə, insan olduğuna əmin olduğumuz canlılar başqalarına zərər vurursa, əxlaqi dəyərləri yoxdursa, empatiya qurmağı bacarmırsa, bir sözlə, dünyası təkcə öz maraqları və mənafeyindən ibarətdirsə, demək onun insanlığına şübhə etməyinə də dəyər, mühakimə etməyinə də. Di gəl ki, belə xüsusiyyətlərə görə Filip K. Dikin əsərindəki kimi həmin insanları, həm də insan olmayanları mühakimə etmirlər. Başqa bir paradoks isə bir öncə qeyd etdiyim məqam ilə əlaqədardır: hər nə qədər sonluq süjetə nöqtə qoyursa da, bəlkə də məhkəmə elə həmin köhnə Saylosu, insanı insanlıq nöqteyi-nəzərdən  mühakimə edirdi...

"The Father Thing" adlı oxşar mövzudan bəhs edən başqa bir bölüm isə bizə olduqca klassik kosmik-fantastika janrından xitab etsə də, yenə də diqqətimizi insanı insan edən xüsusiyyətlərə cəmləşdirməli olduğumuzu vurğulayır. İşdir, əgər birdən günlərin bir günü yadplanetlilər evimizi işğal etsələr, valideynlərimizi bizdən alıb-aparsalar, biz gərək onları o qədər yaxşı tanıyaq ki, bunun fərqinə vara bilək. Bəlkə də uşaqlar bu məsələdə daha yaxşıdırlar. Çünki yetkin insanlar böyüdükcə görmək əvəzinə baxmağı üstün tuturlar.


Gələcək dünya(lar)da təhlükəsizlik (The Hood Maker + Safe and Sound) - Ümumiyyətlə hansısa etik ismarıcla dilemmalar arasındakı böyük boşluğu geniş kütləyə çatdırmaq çox çətin vəzifədir. Filip K. Dikin uğuru da bundadır. O, bunu etməkdə öz mahirliyini və ustadlığını sübut edib, çünki maraqlı, həyəcanverici süjet xətti, parlaq obrazlar, kinematoqrafik lakonikliyin əsas şərtləridir. İzləmək davam etdikcə buna daha da çox əmin olurdum. Eləcə də başa düşürdüm ki, insan cəmiyyətinin həm texnoloji, həm də struktur təkamülü onun fəlsəfəsini də dəyişdirir. Çıxara biləcəyimiz fəlsəfə dərsləri də məhz belə nəzər nöqtələrindən öz mənbəyini götürür.

"The Hood Maker" və "Safe and Sound" bölümləri bizə cəmiyyətə təhlükəsizlik və haqq-hüquq müdafiəsi təminatı verən iştirakçıların istifadə etdiyi vasitələrə nəzər yetirməyə dəvət edir. Burada açar söz olan iştirakçıların cəm halda istifadə olunmağı da səbəbsiz deyil. İlkində əgər bunu ənənəvi polis bölməsinin xəfiyyələri və ya müstəntiqləri icra edirsə, növbətisində bu özəl bir qurum olan SİMİ-dir. Görürsünüz, ideyanın möhtəşəmliyi də burada başlayır, rol fərqliliyi. Daha sonra isə istifadə olunan alətlər öz sözünü deyir. Birisndə bu "geyinilən texnologiya"dır, digərində isə mutant telepatlar (Filip Dikin "Minority Report" əsərində də analoji ideyaya əsaslanan süjet xətti var idi.).

"The Hood Maker" cəmiyyətdə etiraz edən, anarxist əlamətlər göstərən üzvlərə və qruplara qarşı tetelepatların istifadəsini əks etdirir. Hətta günümüzdə çox məşhur olan gizlilik, şəxsilik kimi anlayışların necə çökdüyünü, sistemin kütlələri idarə etməkdə belə bir əxlaqi qurbana (əgər buna sistem prizmasından abxsaq, ümumiyyətlə qurban adlandırmaq olarsa) getidiyini görürük. Bölümü izlədikcə biz haralardasa çox uzaqlarda telepatların belə rahatlıqla hüquq-mühafizə orqanları tərəfindən qorunmasının qarşısını alacaq konstitusional sənədin qəbul olunacağı haqda abstrakt xəbərlər eşidirk, amma çox dar hadisələr məkanı bizə ətraflılıq üçün heç bir fürsət tanımır. Ancaq onu deyim ki, bölüm demokratiya, insan hüquqları və şəxsi dramların bütün qeyd olunanlarla əlaqəsini izləyiciyə çatdırmaqda kifayət qədər müvəffəqiyyət sərgiləyib.

"Safe and Sound" daha kəskin və qısa-konkret ismarıc ötürür: texnologiyalar iyerarxiyanın üstündə olanları elə oradaca kök atmalarında ən əsas vasitə olacaqlar. Hərgah nəzərə alaq ki, bununla əlaqədar heç bir birbaşa siqnallar yoxdur. Biz məsələnin çox texniki aspektləri ilə tanış oluruq. Eləcə də, müasir texnologiya istehlakçıları, eləcə də texnokratiya vətəndaşları üçün belə mövzular innovativ deyil. Təbii ki, Filip K. Dik bütün bunları yazarkən öz dövrünü çox-çox qabaqlamışdı və bu dahiliyin əlamətindən fərqli bir şey ola bilməz.


Yalan ayaq tutar amma yeriməz (Crazy Diamond + Impossible Planet) - Maraqlı odur ki, elmi-fantastik janr yazıçıları üçün gələcəyin dünyasında yalanların əhəmiyyəti və rolu heç də az deyil. Məsələn, "Impossible Planet" bölümündə, sözün hərfi mənasında, biz əsl yalan üçbucağını müşahidə edirik. Ən ülvi arzusunun arxasınca gedən, 400-dən çox yaşı olan xanımın yolu əsl arzusu olmayan cavan oğlanla kəsişir. Yalanın üstünü açan robot isə etik mühakimələr səbəbindən onu işıqlandırmır. Bu cürə çox maraqlı kombinasiya bizə elə də zəngin olmayan süject xətti ilə çatdırılır. "Crazy Diamond"-da isə bir qadın tərəfindən manipulyasiya olunan Ed Morrisin şəxsi faciəsi təsvir olunub. Bölümün çox maraqlı ideyası var: günümüzün dünyasından fərqli olaraq, hansısa gələcək zaman dilimində ruh da satın alınıb istehlak edilə bilinir. Özü də çox baha qiymətə. Onun uğrunda iştirakçısı çox az olan qara (zülmət qara) bazar da var.


Əgər dünyaya sığışmırsansa, öz dünyanı yarat! (The Commuter) - Serialın "The Commuter" adlı bölümü heç də texnologiyanın gələcəyin dünyasında insanlara olan təsirindən bəhs eləmir, əksinə, sanki Filip K. Dik dəst-xəttindən yayınma kimi olduqca klassik mövzunu bizə bir daha xatırladır. Ed adlı obraz öz kiçik ailə dramının burulğanına dözə bilməyən adi qatar stansiyası işçisidir. Qəribə qadın ondan naməlum stansiyaya ünvanlanmış bilet almaq istəyəndə, Ed izə düşür. O, "Macon Heights" adlı məkanın vasitəsi ilə gündəlik yeknəsəklikdən və evdə onu gözləyən problemlərdən yayınmanın mümkünlüyünü kəşf edir. Belə güman etmək olar ki, o, bunu özü yaradır. Beynində. İlk öncə həmin yerin reallığını qəbul etmək bir o qədər çətin olmasa da, qısa müddət ərzində başa düşür ki, mövcud olmayan yerlərdə xoşbəxt olmaqdansa, həqiqi həyatın problemləri ilə çarpışmaq, xatirələri döyüşlərin arasındakı xoşbət anların ehtizazı ilə bəzəmək daha ləyaqətli seçimdir.


Təbii ki, yenə də Filip Dik yaradıcılığının əsas qayəsini formalaşdıran reallığı sorğulamaq və alternativləri yaratmaq prinsipləri gözlər önündədir. Şəxsən mən Ed obrazının timsalında bir fərdin gücü çata biləcəyindən qat-qat artığını istəyənlərlə əhatələndiyini gördüm. Görəsən, belə kənar haqsızlıq ona öz dünyasında xoşbəxt olmaq haqqını tanıyırmı? Elə bu anda biz bir şeyi başa düşürük: hər bir insan müəyyən bir sosial şəbəkənin və ya qrupun tən ortasındadır. Elə bu səbəbdən də o, həm özünü, həm də digərlərinin gözləntilərinə uyğun seçimlər etməli, hərəkətlər icra etməlidir. Etmədikdə hamı onu mənən eybəcərləşdirməyə cəhd edəcək, psixoloji terrora məruz qoyacaq. Yekun nəticədə bölümün əsas ismarıcını belə quraşdırardım: insan şüurundan əmələ gələn istənilən şey dualizmdən əziyyət çəkdiyinə görə, süni dünyalar (xəyallardakılar mənasında) həqiqi insanlara ev sahibliyi edə bilməz.


Böyük qardaş yenə geri döndü (Kill All Others) - Son olaraq izlədiyim bu bölümdə texnologiyanın yeri varsa da, kifayət qədər simvolikdir. Çox güman yazıçının da elə əsas ötürmək istədiyi ismarıc vətəndaşların siyasi proseslərin fərqində olmasının necə də həssas bir mövzu olduğuna söykənir. Bir şeyi qeyd etmək çox maraqlı olardı: bölüm siyasi güclərin cəmiyəti necə də asanlıqla qruplara aıyrdığını, kimlərinsə də buna heç bir reaksiya vermədiyini çox möhtəşəm təsvir edir. Kimlər ki könüllü olaraq qəflət yuxusunda qalmağa davam edir, onlar üçün hər şey yaxşı olaraq qalır. Kimlər ki nəyinsə düzgün olmadığını başa düşür və əməli müstəvidə reaksiya verir, onlar öldürülür. İnsan cəmiyyətinin dəhşəti də elə burada bəyan olur: biz bir-birimizi fərqliliyimizə görə öldürürük!

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi