Lantimosun mücrüsü - Yunan təxəyyülünün dirilişi


Deməli vəziyyət belədir ki, son günlər yunan rejissoru Yorqos Lantimosun (Yorgos Lanthimos) filmlərini izləmək üçün özümə virtual növbə yaratmışdım. "Xərçəng" (Lobster) filmi mənə rejissorun nələrə qadir olduğu haqda çox yaxşı mənbə rolunu oynamışdı. Filmi əsl incəsənət nümunəsi kimi qəbul etmiş, ona yazı da həsr etmişdim (oxumaq üçün keçidi izlə: keçid). Yaxşı xatırlamıram, amma çox güman yenicə izlədiyim "Köpək dişi" (Dogtooth), "Müqəddəs ceyranı öldürmək" (The Killing of a Sacred Deer) və "Alp dağları"-na (Alps) baxmaq planını da elə məhz filmsonrası (Xərçəng filmi nəzərdə tutulur) təəssüratların altında icra etmişəm. Bu səbəbdən də praktiki olaraq ard-arda olaraq izlədiyim Lantimos yaradıcıllığı son zamanlar ac olduğunu mövzular çərçivəsində doyum hiss etməyimə böyük tövhə verdi. Bu yazıda həmin üç film haqda qısaca olaraq bəhs edirəm. Məqsədim çox dərin analitik döşəmə yaratmaq deyil. Nə də olsa, bu yazı elmi məqalə keyfiyyətinə malik deyil, amma əsas niyyətim müasir kino sənəti, fəlsəfə və insan üçbucağınını yenidən bərpa etməyə çox köməklik edəcək vasitələri vurğulamaq, onları izləməyə, istifadə etməyə və yaymağa çağırış etməkdir. 

Başlayaq "Köpək dişi"-indən. Filmin qısa təsvirini oxuyandan sonra ona olan marağım daha da artmışdı. Orada deyilirdi: şəhərdən kənarda yerləşən evdə bir ata, bir ana və üç övlad yaşayırdı. Uşaqlar məhz valideynlərinin istədikləri kimi böyüyür, oynayır və öyrənirlər. Onlar heç vaxt evi əhatələyən hasarın o tərəfinə keçməyiblər. Heç vaxt kənar təsirə məruz qalmayıblar. Onlar inanırlar ki, bütün təyyarələr oyuncaqdandır və "zombi" sözü kiçik sarı gülün adıdır. Evə ancaq Kristina adlı şəxs daxil ola bilər. O, ailə başçısının çalışdığı zavodda mühafizəçidir, lakin həm də oğul övladın cinsi ehtiyaclarını ödəmək üçün vasitədir. Uşaqların qarşısında belə bir şərt var: siz ancaq köpək dişiniz düşəndə evi tərk edə bilərsiniz. 

Təsvirdən də burada nəyinsə və ya nələrinsə qaydasında olmadığını sezmək olur. Üstəlik Lantimos yaradıcıllığı üçün bu kifayət qədər xarakterikdir. Ünsiyyətdəki robotlaşma, səslərdəki sintetiklik, kadrlardakı rəngsizlik iyirminci əsrin Avropa interyer dizaynının fonunda olduqca maraqlı və epik reallıqlar yaradır. Total nəzarət, düşüncə və davranışların mütləq idarə olunması, emosiyaların yoxluğu və nadincliyə görə fiziki cəzalar bizə Corc Oruellin "1984"-ünü də xatırlada bilər. Filmi əhatələyən belə bir atmosfer qatını dəlib keçəndən sonra gözlərimizin önündə bir çox konseptlər rəqs etməyə başlayır. Məsələn, mən elə ilk dəqiqələrdən avtoritarizmi və onun vasitələrini görməyə başladım. Hər şeyi idarə edən, yalnız öz iradəsini yeridən ata real həyatda həm ailə miqyasına, həm də cəmiyyətə heç də yad bir məfhum deyil. Valideyn proteksionizmi, yaxud da sevgi hisləri ilə dəstəklənmiş absurd münasibətlər haqqında bəlkə də bizim özümüzün də təcrübəmiz var. Halbuki, rejissor çox irəli gedir, ani davranışlar, deviant hadisələr vasitəsi ilə bizi düzlərə və səhvlərə fokuslanmağa çağırır. Beləliklə də biz məfhumlar qrupunun hansı şərtlər altına hansı nəticələrə səbəb olacağını "görməyə" başlayırıq. 

Ata və ana rolları ilə rejissorun çatdırmaq istədiyi həddindən çox ismarıclar var. Məsələn, ana obrazı simasızlaşdırılaraq bir növ övladların mahiyyətdən və həqiqətdən uzaqlaşmağını, qopuqluğunu simvolizə edir (nəzərə alsaq ki, insanı ana dünyaya gətirir, ananı zəiflətməklə, mahiyyəti ilə bu günü arasında yaranmış uçurumu simvolizə etmək mümkündür). Film ata və ana rolu vasitəsi ilə reallıqdan uzaqlaşdırılan uşaqları təsvir etdiyinə görə, onların keçmişi və gələcəyi haqda düşünməmək olmur. Məsələn, əgər düşüncə tərzini formalaşdıran məhdudiyyətlər uşaqlıq dövründən implantasiya olunursa, övladların müstəqilləşmək və həyatı öz daxili aləmlərinə uyğun yaşamaq ehtimalları nə dərəcədə aktualdır? Çoxlu suallar da yaranır: niyə görə idarə edənlər (fərqi yoxdur ata və ana, ya da dövlət və hökümətlər) miflərdən istifadə edirdilər (siz ancaq köpək dişiniz düşəndə evi tərk edə bilərsiniz)? Hətta belə bir qəddar münasibətlər zəncirində (təkcə bu film miqyasında yox) həqiqi sevgi it-bat olurmu? və s. 

Problematika nöqteyi-nəzərdən dəqiq nə isə demək bir qədər çətindir. Ola bilsin rejissor hansısa qədim yunan miflərinin reproduksiyasını icra edib, ola da bilər Avropadakı sosial-iqtisadi böhranları ailə institutunun timsalında əks etdirib, ola da bilər gənc nəsil ilə yaşlı nəsil arasında münaqişələri canlandırıb. Odur ki, mövzunun genişliliyi və proqressivliyi göz önündədir. İzləyicinin baxış bucağından asılı olan art-haus nümunələri haqda dəqiq söz demək çox vaxt çətindir, çünki onun mahiyyəti belədir. Yekun nəticə izləyicinin izn verdiyi və vermədiyi məqamların, eləcə də şəxi təcrübələrin summativ kombinasiyası olduğuna görə "Köpək dişi"-nin mövzu qloballığı dərəcəsini çox bəyəndim. İnsanları əksərən ailə mühitində yetişdiyini nəzərə alsaq, filmdə hamının başa düşəcəyi və görüb-götürəcəyi məqamların olacağını demək yalnış olmaz.

Lantimosdan izlədiyim digər bir film isə "Müqəddəs ceyranı öldürmək" başlığı adı altnda keçir. Əgər biz "Xərçəng" və "Köpək dişi" kimi filmlərdə qəddar indiki dövrün alternativi və ya mümkün distopik gələcək zaman haqqında nələrisə görürdüksə, bu filmdə biz həm də keçmiş zaman elementi ilə qarşı-qarşıyayıq. Bu əsas iki səbəbdən belədir: birincisi sırf süjet bunu qaçılmaz edir (çünki əsas obrazın keçmişdəki səhvi arzuolunmaz hadisələr zəncirinin baş verməsinə səbəb olur), ikincisi də rejissorun filmi qədim dini elementlərin, daha da dəqiq desək xristianlıqla əlaqləndirməsidir (filmin bir neçə səhnəsində bunu müşahidə etmək olar, hər birinin üzərində dayanmayacağam, lakin insanların əsrlər boyu tanrılara qurbanlar gətirməsi, onlara rituallar qoşması və mahnılar oxuması olduqca simvolik və sıxışdırılmış formada çatdırılıb). 

"Müqəddəs ceyranı öldürmək" müzkairə mövzuları ilə zəngin, simvolizmlə aşıb-daşan və metaforaların tüğyan etdiyi bir ekran əsəridir. Süjet həm də hər biri həkim olan valideynlərin övladları qarşısında çıxılmaz vəziyyətə düşüb getdikcə acizləşməsindən bəhs edir. Hadisələrin qaçılmaz xətti istiqaməti ondan ibarətdir ki, ailə başçısı Stiven biri dəhşətli, digəri isə dəhşətli olmaqla iki seçimdən birini etməlidir. Həmin seçimin əxlaqi fonu və tanrıların gücü kimi gücə malik insanın bunu məcbur etməsi ortaya qəribə deklarativ prosesləri qoyur. Film bəndə miqyasında yol verilmiş xətalara qarşı tanrı səviyyəsində verilə biləcək ədalət korrektəsinin malik ola biləcəyi əxlaqi kodeksləri sorğuya çəkir. Maraqlıdır, elə deyilmi?

Xüsusi olaraq vurğulamaq istərdim ki, mənim üçün mətnaltı ismarıclar və nəticələr rejissorun digər işləri ilə müqayisədə bir qədər daha əlçatan oldu. Bu məsələnin belə olmasının səbəblərindən birini rejissorun artıq çox böyük izləyici kütləsinə xitab etməsində axtarıb tapmaq olar. 

Öz yeni pravoslav saqqalı ilə qarşımıza çıxan Kolin Farrel yunan rejissorun müraciət etdiyi ən güvənli aktyora çevrildiyini başa düşmək heç də çətin deyil. Nikol Kidmanı da görmək çox sevindirici oldu. Yaxşı mövzu, iti süjet və çox sevdiyin aktyorları birlikdə görmək inanılmaz dərəcədə gözəl film təcrübəsi yaşadır və geriyə zəngin təəssüratlar buraxır. 

Yazıda son olaraq və qısaca toxunmaq istəyidim digər film isə "Alp dağları"-dır.  "Alp dağları" rejissorun digər filmlərinə nisbətdə daha erkən işidir. Başqa sözlə, onun müəyyən məqamlarda təcrübəsizliyinin aşkarda olmadğı da normal qəbul edilməlidir. Bu səbəbdən mən "Alp dağları"-nı çox yüksək qiymətə layiq bilməsəm də, təbii ki, filmin ideya yükü, eləcə də aktyor performansı ürəyimcə oldu. 

Əsas ideya insan itkilərinin doldurulmasının üzərində qurulub. Başqa insan olmağın mümkünlüyü, itkilərin dəyəri və insani münasibətlərin mahiyyətinə salınan işıq diqqəti çəkir. Yəni ideya orijinaldır: "Alp dağları" adlı qruplaşma, yaxınlarını itirən insanlara onların yerini müvəqqəti olaraq doldurmaq üçün ödəniş alır. Bir növü rol oyunları kimi xidmət göstərirlər. 

Böyük mənzərəni göz önündə canlandıranda hər nə qədər "Alp dağları" "Xərçəng" və "Köpək dişi" kimi filmlərlə müqayisədə kiçik qalırsa da, şəxsi əlaqələr və insan təbiəti haqda maraqlı üslublu ismarıclara malikdir. Əgər absurd reallıq "Xərçəng" filmində bütün aləmə yayılmışdısa və "Köpək dişi"-ində bu bir ailə vahidində təzahür etmişdisə, "Alp dağları"-ında bu individual səviyyədə olub, bir növ rejissorun absurdluqla reallıq arasındakı sərhədləri aradan qaldırmaq yolunda əldə etdiyi nailiyyətləri göstərir. Ən əsas nəticə də ondan ibarətdir ki, insan üçün reallıq hissini itirmək çətin bir şey deyil. Kənardan alınan kiçik qıcıqlandırıcı siqnallar (məsələn, yaxının ölümü, ayrılıq və s.) bunun üçün zəruri şəraiti yaradacaq. 

Yorqos Lantimosla tanış olmağımdan çox məmnun oldum. O, öz ideallarını ictimai normların tənqidinə yönəldir, dəyərli ismarıclar ötürməyə müvəffəq ola bilir. Bu üç film və "Xərçəng" filmi dünyanın rəngsiz, qəddar və tərsə çevrilmiş kinematoqrafik əksidir. "Nəyə lazımdır?" sualı səsləndirilsə, nə mən, nə də bir başqası buna dəqiq cavab verə bilməyəcək. İşlərin art-haus olması və izləyicinin dərketmə süzgənclərindən asılı olduğu haqda artıq söhbət etdik. Lantimos üslubu şəxsi münasibətlərdəki istehlak prinsipləri, eqoizm və şəxsiyyət böhranlarını, ictimai qılıf səthinə yayır. Simvolika və metaforalar izləyicini düşündürür, ona yeni mental məşqlər qazandırır. Lsntimosun işləri ilə üzləşmək və ondan lazım olan dərəcədə faydalanmaq bir qədər hazırlıq tələb edə bilər. Müasir izləyicilərdə belə analoji hazırlıqlara nadi hallarda rast gəlmək olar. Bu rejissorun ən bəyəndiyim xarakterik xüsusiyyəti o oldu ki, onun filmləri izləyici ilə birlikdə inkişaf edib təkmilləşir. Zaman-zaman rastlaşdığınız həyat situasiyaları və ya hadisələr sizə "Axı deyəsən mən bunu haradasa görmüşəm" dedizdirə bilər. Əmin olun ki, əfsanələri və əsatirləri ilə zəngin Yunanıstan, müasir dövrümüzdə də dünyaya və tarixə səs salacaq, öz işığı və əzəməti ilə dəyər yaradacaq bəşər övladlarını dünyaya gətirməkdə xəsislik etmir. 

P.S. Sanki, yunan təxəyyülü yuxuda idi. Elə bil heç o mifləri, rəvayətləri, nağılları yaradan həmin sivilizasiya deyildi. Bəlkə də tanrı vergisi idi, özünə qarşı istifadə olunduğunu görüb yunanlardan geri almışdı, amma həm də maraqlıdır ki, Lantimos bu tilsimi qırdı. Rejissor böyük bir məktəbin əsasını qoya bilər. Öz incəsənət elementlərini sistemləşdirsə, təbliğ etsə və ən əsası öyrətsə, bütöv bir nəsil yetişə bilər, hansı ki, həmin nəsil ictimai-sosial problemlərə və reallıqlara tamam yeni gözlə baxıb insana təzə prespektivlər təqdim edər. Bu səbəbdən də, mən rejissoru "Yunan təxəyyülünü dirildən" simasında görürəm!

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi