Haruki Murakami - Dens dens dens - Dance dance dance

"Dens dens dens" Haruki Murakaminin dünya şöhrətli "Siçovul triologiyası"-nın dörd il aradan sonra yazılan yekun hissəsidir. Süjetin mərkəzində sirli və qəddar hadisələr girdabına düşən "Küləyin nəğməsini dinlə", "Pinbol 1973" və "Qoyun ovu"-nda olan eyni həmin obrazlardır. Murakami bu dəfə də səpələnmiş kiçik-kiçik hissələri birləşdirərək qarşımıza bütöv bir mənzərə qoyur. Onu dəyərləndirmək isə sizin "adsız qəhrəman"-la bir-birinizə uyğun olub olmağınızdan asılıdır. 

Yuxarıdakı son cümlə həqiqətən çox şeyi həll edir. Yazıçının digər əsərlərindən də bir xeyli xəbərdaram və onların dərk olunması baxımından zəngin təcrübəm var. "Siçovul triologiyası"-nda isə vəziyyət bir qədər fərqlidir. Burada Haruki Murakami tərcüməçisi Alfred Birnbraunun fikrilərini xatırlamaq gözəl olardı: "Küləyin nəğməsini dinlə" və "Pinbol 1973" əsərləri Murakaminin olduqca yüngül və axıcı iki möhtəşəm əsəridir. Hərəsini saat yarıma oxuya biləcəyiniz bu əsərlər isti yay günündə, çimərlikdə istirahət edərkən oxunacaq ən ideal seçimdir. Onu da deyim ki, olduqca məzəli kontekst onları daha da maraqlı edir."

"Siçovul triologiyası" əvəzinə "Siçovul tetradası" demək daha düzgün olsa da, "Dens dens dens" əsəri yazıçının yaradıcıllığında planlaşdırılmayan uşaq kimi görünür. Elə kontekst baxımından da "Qoyun ovu"-ndakı ehtiraslı süjetə malik deyil. Buna baxmayaraq yeməyə dad verən ədviyyat rolunu oynadığını deyə bilərik. 

O zaman "Dens dens dens"-in üstünlüyü, onun oxucuya təqdim etdiyi bəxşişləri nələrdir? Açığı deyim, "Küləyin nəğməsini dinlə" və "Pinbol 1973" əsərlərində söhbətin nədən getdiyini xatırlamıram. Bunun əsas səbəbi onların mütaliəsindən üç ildən çox vaxtın ötüb keçməsidir. O vaxtlar Murakamini hələ tam başa düşmürdüm. Odur ki, "Dens dens dens"-dən sonra triologiyanın ilk iki əsərini bir daha oxumaq qərarını vermişəm. "Qoyun ovu"-nu isə yenicə oxuyub bitirdiyimdən hər şey yadımdadır. Bütün bunlardan sonra, yəni ilk iki əsər haqda xatırladığım heç nədən sonra başa düşdüm ki, "Dens dens dens"-də nəyisə xatırlamağa ehtiyac yoxdur. Çünki əsər insana mətn yükü yox, hiss yükü yükləyir. Bu baxımdan ən əsas məsələ qiraət müddətində keçirilən hislərin dolğun yaşanmasıdır. 

"Dens dens dens" romanında da Murakaminin digər əsərlərində olduğu kimi ən əsas varidat adsız əsas obrazdır. Qərbli psixiatrlar əsas obrazı "displaced" adlandırardılar. Bunu necə istəsəniz elə də tərcümə edin. Ən əsas mənası sürüdən ayrılmışlığı ifadə edir. Oriyentasiyasını itirmiş, sürüdən ayrı düşmüş, yuvadan kənara düşmüş - sən artıq hər şeyi itirmisən. Gələcək zaman üçün sadəcə özünü itirə bilərsən. Əslində isə bu yeganə şeydir ki, onu bacarmırsan. Daxili dünyan isə odunlaşıb və qapanıb. Onu heç kimin üzünə aça bilmirsən. Böyük möhtəşəm otel kimi insanlar sənə girişdən daxil olub çıxışdan çıxırlar və sonra da hərə öz işi ilə məşğul olmaq üçün dağılışır. "Nə baş verir?" deyə sən zülmətdən soruşursan, lakin cavablayıcı o qədər dərində oturub ki, əlaqə mümkünsüzdür.  

"Qoyun ovu" əsərindən sonra qəhramanımız "sosial reabilitasiya"-ya ayrılmışdı. Əsərin ilk cümlələrindən də məhz bu sezilir. Daha sonra biz başa düşürük ki, həmin bu sosial reabilitasiya qəhrəmanımızı özü ilə dialoqa təhrik etmir. "Öz"-lə əlaqəni bərpa etmək üçün cəmiyyətdə qəbul olunmuş ümumi qaydalardan və davranışlardan kənara çıxmaq lazım olacaq. Yazıçı "Dens dens dens" haqda qeyd edir: Çoxdandır ki, "Qoyun ovunun" davama ehtiyacı olub olmadığı haqda özümdən soruşurdum və təsdiq cavabı verirdim. "Axı sən niyə onu elə bir dəhşətin içində qoyub qaçdın" deyə özümü yeyib bitirirdim, obraza qarşı məsuliyyət hiss edirdim, yazığım gəlirdi. Odur ki, onu oradan dartıb çıxarmaq və bilmək istədim ki, 80-ci illərin Yaponiyasında necə yaşayır."

Niyə 80-ci illər? Çünki 80-ci illər "inkişaf etmiş kapitalizm" erasıdır və optimallaşdırılmış istehlak anlayışı istehlakın mümkün olmadığı sferalara belə özünü uyğunlaşdırırdı. Yaradılmış obraz 60-cı illərə aiddir. Həmin illərin ab-havası ilə formalaşan qəhrəman qonşu onillikdə bir o qədər də dəyişmədi, çünki 70-ci illər "inkişaf etmiş kapitalizm" erasına gedən yol idi. 80-ci illər isə Yaponiyada ayrı aləm olub: məhsul və xidmət bumu, iş yerində yüksək ölüm statistikası, irihəcmli kreditlər və s. Bütün bu makro hadisələrin mikro nəticələrini görmək əslində o qədər də asan iş deyil. Bir növ bizə xüsusi tip tərcüməçi lazımdır və bu məqam sizə adi bir şey kimi gəlməsin. Kapitalizm Yaponiya üçün tamamilə fərqli bir iqtisadi sistem idi. Onlarda uzun müddət feodalizmin xüsusi tipləri olub. İkinci Dünya Müharibəsindən sonrakı mütləq kapitulyasiya və ABŞ-ın istilası özü ilə birlikdə istehlak cəmiyyətinin toxumlarını da gətirmiş oldu. Mən deyərdim ki, məhz 70 və 80-ci illərdə yapon insanı çox dəyişdi. 40-50-ci illərdə dünyaya gələnlər cəmiyyəti əmələ gətirdilər və daxili boşluqlarını çağrılmamış qonaqların mədəniyyət məhsulları ilə doldurdular. "Dens dens dens" əsərində bu çox yaxşı hiss olunur. Yazıçının iqtisadi sistemlərə olan yanaşmasını hiss etmək çətin olmasa da, kifayət qədər dərin mətn təhlilləri tələb edir. Bu gün bu haqda çox danışmayacağam, lakin "Siçovul triologiyası" yazıçının ilkin yaradıcıllıq məhsulları olduğundan, onun yaradıcıllığı və ətraf aləmə olan yanaşması daha yaxşı hiss olunur. 

Bütün bu fikirlərin arasında mənə hər zaman elə gəlib ki, uzaq Yaponiyada mənim ruh əkiz qardaşım yaşayır. Kiçik bir imkan olsaydı və gözucu oralara baxıb orada insanların necə yaşadığını görərdik. Görünür uzaq ölkə həqiqətən də hər cəhətli olaraq uzaqdı. Buna baxmayaraq Haruki Murakami zaman və məkan cütlüyünə qarşı meydan oxuyan və bizlər üçün məsafələri qısaldan birisidir. 

"Dens dens dens" ümumilikdə "Qoyun ovu" əsərində sözügedən "Delfin" oteli üzərində tikilən əsərdir. Yazıçının otelə niyə bu qədər bağlı olduğu haqda bir şey söyləmək çətindir. Ondan da çətin olan digər məqam niyə Murakaminin əsas obrazın - jurnalisti bu dərəcədə ideal təsvir etməsidir. Çünki bizim əlimizdə bu obrazın yazıçının özü olduğunu söyləməyə kifayət qədər əsas var. Hər halda kitabı çox yozmaqdan uzağam.

"Dens dens dens" də yazıçının digər əsərləri kimi konfliktlər, seçimlər və irreallıqlar üzərində qurulan romandır. Sevgi və mərhəmət arasında azıb qalan birinci şəxsə həyat sakit yaşamaq imkanı vermir. Qəhrəmanımız addım-addım həqiqətə yaxınlaşanda artıq başa düşür ki, o, əbədi olaraq yalnızdır. 

Murakami gündəlik həyatımızda olan şüur və şüuraltı arasındakı əlaqəni möhtəşəm tərzdə bizlərə çatdırır. Yazıçı əbəs yerə yeni və köhnə Delfin oteldən bəhs etmir. Çünki yeni Delfin otelin içində, haradasa onun içində köhnə Delfin otel yerləşir və onun sirri hələ də açılmamış qalıb. 

"Dens dens dens" metamorfik səyahətə olan dəvətdir. Adsız qəhrəmanımız rəqs edərək təsadüfi hadisələr arasında əlaqəni tapır. Bəzən biz düşünsək də ki, tale adlanan möhtəşəm musiqinin ritminə uyub rəqs edirik, əslində diqqətlə fikir verəndə isə öz fikirlərimizin əks-sədasını hiss edə bilərik. Ümumilikdə isə "Siçovul triologiyası" "Qoyun ovu" ilə öz pikini yaşayıb. "Küləyin nəğməsini dinlə" və "Pinbol 1973" ilə isə yaxşı giriş qazanıb, "Dens dens dens" ilə isə yaxşı yekunlaşıb. Bu bir növ ideal tərkibli kimyəvi düstura bənzədi. 

Əsərdən bəzi seçmələr: 
1. Mən uzun müddət oturub nə edə biləcəyim haqda heç bir təsəvvürüm olmadan stəkanımda köpüyün əriməsinə tamaşa etdim. Ailəyə bir bax. Üç nəfər şizofren və onların köməkçisi Cümə. İşə bir bax, Kosmik Robinzoblar. 

2. Əvvəllər düşünürdüm ki, insanlar yavaş-yavaş böyüyürlər, aramla. Halbuki, bu belə deyilmiş. İnsan ani olaraq yetkinləşir. 

3. Təsəvvür elə ki quşsan, - dedim mən, və yüksəklikdə uçmağı sevirsən. Bu səni xoşbəxt edir. Lakin ürəyin istəyəndə uça bilmirsən: müxtəlif şərtlər maneçilik edir. Deyək ki. hava pisdi, güclü külək var, ya da hava şəraiti uyğun deyil. Ona görə də bəzən uça bilirsən, bəzənsə yox. Uzun müddət uça bilməyəndə daxilində xərclənməyən enerji toplanıb qalır və səni narahat etməyə başlayır. Şübhələnməyə başlayırsan ki, sanki, səni cilovlayaraq aşağılayıblar. Hətta uçmağa icazə verilmədiyi üçün qəzəblənirsən də. Bu hiss sənə tanışdır? 

4. İstənilən halda gözləməliyəm. Bu həmişə belə olub. Balıq kimi torda ilişəndə əsas odur ki, kəskin hərəkətlər etməyəsən. Bir müddətlik don qal və mütləq nə isə baş verəcək. Mütləq nə isə baş verməyə başlayacaq. Nə isə hərəkət edənədək diqqətlə alaqaranlığa doğru bax. Şəxsi təcrübəmdən bilirəm. Nə isə mütləq hərəkət etməyə başlayacaq. Əgər sənə də məhz bu lazımdırsa, o mütləq tərpənəcək.  

5. Bax gör necə dünyada yaşayırıq. Özünə mərkəzdə ev alırsan, xarici maşın və "roleks" alırsan və sən "yüksək elita"-dansan. Zibildi. Heç bir məna yoxdur. Yaxşı bir təam kimi təqdim edərək "ehtiyaclarımız"-ı bizə soxuşdururlar və beləliklə də ehtiyaclarımız həqiqi tələbatlarımızın tam əksinə olaraq formalaşdırılır. İnsanların həyatları boyu istəmədiklərini, həyati vacib illüziyası adı altında soxuşdururlar.  

6. Havay... Görəsən nə qədər müddətdir ki, mən bu adada avaralanıram? Vaxt anlayışının özü yoxa çıxıb. Dünən dünən idi, sabah sabah olacaq. Günəş qalxırdı və enirdi. Ay peydə olurdu və qeyb olurdu, qabarmanın ardınca çəkilmə olurdu. Mən ötüb keçən zamanı təqvimin yardımıyla izləməyə çalışdım.  

7. Belə şəxsiyyət çox kədərlidir. Pis adam deyil. Müəyyən xüsusiyyətlərə görə hörmətə layiqdir. Ammma tez-tez özünü zibil vedrəsi kimi istifadə etməyə icazə verir. Kim ki tənbəllik eləmir, yaxınlaşıb zibil atır. Onu zibilləmək asandır. Niyə, bilmirəm. Ola bilər anadangəlmə belədir.  

8.Əl-ələ tutmuş vəziyyətdə betona söykənib aramsız yağan yağışın altında uzun müddət islanaraq, Syönanın qərb sahilindəki avtomobil yolundan gələn təkər səslərinə qulaq verdik və yağışın dənizlə qovuşmağını izlədik. Damcılar get-gedə daha da bilinən formaya düşürdülər, səmadan daha da güclü yağırdılar. Dambalarda balıqçıların ala-qaranlıq fiqurları görünürdü, amma onlar bizə fikir vermirdilər.

9. Dünyada səhv yanaşma olmur, sadəcə sənin yanaşmanla üst-üstə düşməyən yanaşma olur. Başqa heç nə. 

Yazıçının digər əsərləri haqda oxumaq üçün keçidi izləyin: http://niftiyevibrahim.blogspot.com/search/label/Haruki%20Murakami 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi