The Runner - Беглец

Konqresmen Kolin Prayz iki şeyə dəhşətli dərəcədə aludədir: siyasətə və qadınlara. Britaniya Neft Şirkətinin (BP) məsuliyyət daşıdığı Meksika Körfəzindəki faciədən sonra Kolinin həyatı başdan ayağa dəyişir. Şəxsi həyatı ictimailəşir və uğursuzluq dalğasına məruz qalır. Başına gələn seksual skandal sadəcə karyerasını deyil bütünlüklə həyatını təhlükə altına atır. Çətin anlarda da siyasətçilərin ən yaxın dostu yalan olur. Karyera, sevgi, vicdan və şəxsiyyət məsələlərini əhatə edən "The Runner" baş rolda Nikolas Keycin möhtəşəm ifası ilə maraqlı mövzulara toxunur və cəmiyyətimizə bir daha kənardan baxıb düşüncələrə dalmağa dəvət edir. 

Konqresmen Kolin Prayz kifayət qədər orta səviyyəli normal məmurdur. O, yaxşı başa düşür ki, təmsil etdiyi Luiziana ştatının əhalisi öz halalca zəhmətləri ilə dəniz məhsullarından və neftdən əldə etdikləri gəlir ilə keçinirlər. Ştat əhalisinin 60 faizi qaradərili və vaxtilə Afrikadan gətirilmiş qulların nəslindəndirlər. Belə ştatı təmsil etmək heç də asan deyil. Bu yolda onun yaxşı köməkçiləri var: press-katibə, güclü və qətiyyətli həyat yoldaşı, uşaqlıq dostu və həftədə bir dəfə görüşdüyü axmaq məşuqəsi. 

Konqresmen siyasi intriqalar cəngəlliklərində uğurla addımlayırdı. Filmin və süjetin özünəməxsusluğunda da məhz qəhrəmanın adiliyi dayanır. Məşuqə ilə əlaqədar skandalın mediaya sızmasından sonra Kolinin uğursuzluq maniyası başlayır. Müxtəlif tərəflər - ata, həyat yoldaşı və dostlar buna müxtəlif reaksiyalar verirlərsə də, Kolinin özünəinamı itmir. Təmsil etdiyi insanların inamını itirsə də, onu geri əldə edə bilir. Əslində hər şey bax beləcə sadə ola bilərdi, lakin müasir cəmiyyətimiz heç də belə sadə quruluşa malik deyil. Hər şey kəsişir və hər şey iqtisadi effektivlik və səmərə yönündən dəyərləndirilir. Böyük oyunçular öz qaydalarını diktə etməyə davam edir. Hətta ən möhkəm iradə və ən təmiz vicdanlar belə öz oxunu tərk edib yeni orbitlərdə hərəkət etməyə başlayır. 

Bu filmdən sonra bir aktyor kimi Nikolas Keycə hörmətim qat-qat artdı. Bunu aşağıdakı səbəblərlə əsasən izah edirəm: 1) meynstrim mövzularının olmamasına rəğmən Nikolas Keyc bu filmdə rolu özünə görə istədi və öhdəsindən də yüksək dərəcədə gəldi; 2) Nikolas Ostin Stark kimi ilk filmini çəkən rejissorla işləməkdən çəkinmədi, birgə işə inandı; 3) Aktyor bizə siyasət dünyasının sentimental çalarlarını ideal tərzdə çatdırır. Hər şeyin göründüyü kimi olmadığını göstərir və bizlərə yeni düşüncə dərinliyi qazandırır; 4) Və ən əsası sadəcə qəhrəmanının düyasını olduğu kimi təbii və canlı, estetik və incə tərzdə heç nəyi nə artıq, nə də əskik formada etmədən canlandırır.  

Əlbəttə istərdik ki, siyasət adamları cəmiyyət üçün real işlər görsünlər, lakin bir çox halda hər şey sadəcə pulun başına fırlanır. "The Runner" real hadisələrə əsaslanan gözəl film və cəmiyyətimizin güzgüsüdür. 



Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi