Dördüncü sakin - Citizenfour - Гражданин четыре
Bəzən cəsarətli insanlarla qarşılaşırsan. Bəzən insanlardan birisi sadəcə özünü deyil digərlərini də düşünməyə başlayır. Bəzən insanlar mövcud qayda-qanunların hipnozundan can qurtarmağa müvəffəq olurlar. Kimsə. Birisi. Başqa birisi. Hamı kimi düşünüb bu yazını yazmağa başlayarkən mən Edvar Snouden haqqında yuxulu-yuxulu fikirlər söyləyirəm. Edvard. Bu tamamilə başqasıdır. Yad cəmiyyətin, mədəniyyətin, ölkənin, millətin nümayəndəsi, amma o, məni özünə özgə hesab etmir. O, belə hesab edir ki, heç bir hakimiyyət orqanı səbəbsiz yerə kiminsə şəxsi həyatın nəticəsi olan şəxsi informasiyasını toplayıb təhlil etməməlidir. Ağırlığına dözülməz bu yükün altına girmək qorxusuzluq tələb edir. Başa düşmürəm insan özündən başqa bir digərini necə düşünə bilər. Milyonlarla digər insandan sənə nə? Nə ehtiyac var axı öz şəxsi rahatlığını nəticəsi bilinməyən proseslərə qurban edəsən. Haşiyə açım əsas yadın kim olduğunu deyim: artıq əsrlərdir ki, siyasi hakimiyyətlər bizə yad insanlar toplusundan başqa bir şey deyil. Nə vaxtsa qədim yunan və roma sivilizasiyasında müxtəlif ağsaqqal kişilər bir xeyli düşünüb cəmiyyətin özünüidarə sistemi kimi xalq tərəfindən seçilən nümayəndələr haqqında çoxlu fəlsəfi fikirlər söyləmişlər. Zaman keçdikcə sistem özünə eqo qazandı və özü özünü lənətlədi. İndi də özlərini üstün tutaraq bizi inandırmağa çalışırlar ki, bu və bunun kimi haqları var. Kimlərisə asanlıqla məhv edə bilərlər, kimlərisə də asanlıqla aldada bilərlər. Hər şey isə milli təhlükəsizlik və birlik üçündür. Halbuki, kimlərsə mənafelərini güdür və xəstə təfəkküründəki səsi dinləyirlər.

Edvard Snouden dünyanın ən böyük KİV-ləri ilə əlaqə saxlayaraq sistemin quruluşunu və məqsədlərini izah etmişdir. KİV rəsmi sənədli sübutları mediada yayımladıqdan sonra əslində yeni eranın yarandığını rahatlıqla söyləyə bilərik. Onun ardıcılları da var. Lakin yuxarı abzasda qeyd etdiyim kimi, insanlar rahatlıq zonalarını tərk etmək istəmədiklərinə görə Edvard Snoudenin əziyyətləri ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmir.
"Citizenfour" filmi bizə professional və stilistikalı ekran əsəri təklif etmir. "Citizenfour" bizə sadəcə prosesə (Edvardın həqiqətləri üzə çıxarmasına) kənardan baxmağı təklif edir. Edvardın hərəkətlərini izləyin. Hiss etdiklərinin ən azı yarısını hiss etməyə çalışın. Daha sonra hiss etdiklərinizin fərqində olun.
Əsas sual: Kimə inanaq? Axı biz insanlar mütləq nəyəsə sığınmalıyıq. İnsan, sən kimin ya da nəyin qulusan?

Comments
Post a Comment