Cəmiyyət onsuz da məhvə doğru gedir...



"Cəmiyyət onsuz da məhvə doğru gedir..." cümləsi əsas obrazın dilindən səslənən və "Too Old to Die Young" adlı qəribə serialın məğzində dayanan əsas ideyadır. Ekran işi çox diqqətəlayiqdir və inanılmaz dərəcədə düşündürücüdür. Eləcə də, hesab edirəm ki, qeyd olunan deyanın çox dərin müasir fəlsəfi bünövrəsi var. 

Nikolas Vindiq Refnin "Drive" və "Only God Forgives" filmləri ilə tanış idim, amma yenə də onun əlinin altından nə çıxa biləcəyi haqda fikir sahibi deyildim. O, bu dəfə çoxsayılı təfərrüatlarla bir-biri ilə kəsişən, harmoniyada yaşamağa çox az səylə də olsa cəhd göstərən dünyaları izah etməyə çalışır. Serial izləyicini provokasiya edir, onu tamamilə fərqli tərzdə düşünməyə vadar edir. Hadisələr çox ləng baş verir, filmin rəngləri insana qarabasma kimi gəlir və bütün o qəribə melodiyalar başqa dünyadan gələn dəhşətli səslərin sorağını verir. 10 bölüm və 13 saatlıq "Too Old to Die Young"  (növbəti mövsümlər də olacaq) heç də hamı üçün olmayan iş olduğunu sübut edir, lakin mən bu yazıda hansısa texniki yönlərin izahını, intellektual xırdalıqların müzakirəsini aparmaqdansa, "cəmiyyət onsuz da məhvə doğru gedir..." fəlsəfəsinin üzərində qalmaq istərdim, çünki bu fəlsəfəyə söykənən süjet, obrazlar və əxlaqi ismarıclar düşünən post-modern insan üçün əsl əqli yemdir. O cümlədən, belə bir təcrübənin konkret olaraq bir nüansı çərçivəsində qalmaq faydalı izləmənin sorağını verir. Bundan da əlavə, təbiətən pessimist insan kimi bu ideyanı belə bir ekran əsərində eşitmək, daxili dünyamda olanlarla çağırışan rəğbət hissini oyatdı. 

Serialın pilot bölümündə biz əsas obrazın timsalında müəyyən missiyanın elanını görürük: öldürmək. Öldürməkdən öncə biz korrupsiya prosesinə şahidlik edirik: Martin (əsas obraz) öz həmkarı ilə birlikdə yol hərəkatı qaydasını pozan qadın sürücüdən rüşvət alır. Bu qısa səhnə bizə işləməyən sistemin necə zərər vurduğunu epikcəsinə təsvir edir. Daha sonra pusquda dayanan kartel nümayəndəsi anasını intiqamını almaq üçün Martin və həmkarına silah çəkir, Martinin həmkarını o dünyalıq edir. Daha sonra biz, sanki yenidən öldürmək prosesinin aktuallığını Martinin əyninə biçməyə başlayırıq. İndi rüşvətxor polis nəfəri kimi Martinin iş yoldaşını itirəndən sonramı, yoxsa elə əvvəldən belə olduğunu deməyə əlimizdə heç bir əsas yoxdur, amma burada mühüm olan "cəmiyyət onsuz da məhvə doğru gedir..." fikrindən haqq-hüquq alaraq onun qeyri-mükəmməllikləri ilə mübarizəyə qalxışmasıdır. Təbii ki, o, heç də hər qabağına çıxanları öldürmür. Martin, o insanları öldürür ki, onlar ədalətli mühakimənin qabağından necəsə sivişib çıxa biliblər və ya ümumiyyətlə heç ədalətin gözünə görsənməyiblər. Buraya qədər əslində biz "cəmiyyət onsuz da məhvə doğru gedir..." fəlsəfəsi ilə qarşılaşmırıq, biz sadəcə rejissorun atmosfer konstruksiyasını seyr edirik. Bu fikir o vaxt səsli olaraq elan edilir ki, Martin ona oxşar digər obrazlarla kəsişir. Dianadan əmr alan Viqqo da eynilə Martin kimi cəmiyyətin qüsurlarını aradan qaldırmaqla məşğuldur. Məhz bu məqamda artıq biz çox ciddi vəziyyətlə qarşılaşırıq: təşkilatlanma. Bu təşkilatlanma cəmiyyətin "qüsur"larını aradan qaldırmaq istəyir. Qüsurlar isə azadlıqda olmamalı olan insanlardırlar: pedofillər, qadına qarşı zor  tətbiq edənlər və s. Martin müasir istehlak cəmiyyətinin zənbərəyində ora-bura diyirlənən rüşvətxor polis nəfəri kimi qeyri-iş vaxtında qüsurları aradan qaldıran vətəndaş və ya fərd ola bilər, lakin təşkilatlanma baş verəndən sonra biz məsələni tamamilə başqa cür təhlil etməliyik. Biz başa düşməliyik ki, "cəmiyyət onsuz da məhvə doğru gedir..." fəlfəsəni bölüşən insanlar şəbəkəsi var. Həmin şəbəkənin üzvləri gözləmirlər ki, hansısa inistitusional cavab (məhkəmə, hüquq-mühafizə orqanları, polis və s.) cəmiyyətdə cinayət törədən və ya sadəcə onu çirkləndirən şəxsləri öz bürokratik ləngliyi ilə naməlum müddət ərzində cəzalandırmğa hazırlaşsın. Biz bir növ, tamamilə yeni növ vətəndaş modelini görürük: özü qərar verən vətəndaş. Əməli bir şey üçün həmişə üçüncü tərəfə müraciət edən köhnə və ya cari vətəndaş sistemin ləngliyi vasitəsi ilə həqiqətən də cəmiyyəti məhvə doğru aparır, onu kosmik sürətlə çürüdür. Halbuki Martin, Viqqo və Diana haqq-ədalətin yuxulu gözləri qarşısında at oynadanları o dünyalıq edirlər. Bir şeyi yadda saxlamaq lazımdır: onlar günahsız insanları öldürmürlər, onlar ümumiyyətlə öldürmürlər, onlar cəzalandırırlar! 

Biz tez-tez Martinin yeni iş yerindəki polisləri təlxəklik edən yerdə görürük. Həqiqətən çox maraqlı səhnələr var: kiçik skeçlər hazırlayan polis rəisi, tez-tez rol oyunları ilə bir-biri ilə məzələnən polis əməkdaşları, səfeh-səfeh fikirləri səsli olaraq hər daima söyləyən müstəntiqlər və s. Rejissor bunu səbəsiz yerə etməyib. Satılmış və işsiz-gücsüz qalmış polislər mahiyyəti etibari ilə həqiqətən də təlxəkdən fərqli deyillər. Maraqlı dilemma isə odur ki, Martin onlarla birgə olmağa məkhumdur. İlk növbədə ona görə ki, bu onun işidir, ikinci növbədə isə bu iş onu kölgədə saxlayır və törətdyi "qanunsuz əməllərə" görə şübhələnməməli olanlar siyahısına daxil edir. Elə bu dəm digər mühüm bir məqam nəzər-diqqətimizi cəlb etməlidir: bəli biz deyirik ki köhnəlmiş və ya heç vaxt bərqərar olmamış ədalət sistemini əvəzləyən fərdlər ola bilər, lakin bu o demək deyil ki, bunu ürəyi istəyən şəxs edə bilər. Martinin, Viqqonun və Diananın timsalında biz hər nə qədər yeni tip vətəndaş görsək də, onları ümumi bir xüsusiyyəti var ki, onları digər sıravi vətəndaşlardan fərqləndirir: informasiyaya çıxış imkanı. Diana post-travmatik problemlərdə cinayət qurbanlarına kömək edən terapevt kimi, Martin polis nəfəri kimi, Viqqo da keçmiş xüsusi hüquq-mühafizə orqanı əməkdaşı kimi unikal və konfidensial informasiyaya çıxış imkanlarına malikdirlər. Odur ki, biz müasir cəmiyyətimizi qayğılandıran ikinci problemə, informasiyadan istifadə probleminə gəlib çıxır. Cordan Peterson deyir ki, məlumatlandırılmış şəxs çox güclüdür və əvvəlki kimi deyil. Ədalət sistemi köhnəlmiş, ləng və cibiyırtıq ola bilər, lakin qüsurlarını və nöqsanlarını ört-basdır etməkdə də bir o qədər mahirdir, çünki informasiyanı manipulyasiya edib insanların emosiyaları üzərində böyük spekulyasiya qüdrətinə malikdir. Lakin biz bu üç obrazın timsalında cəmiyyətin həm də özünütəmizləmə funksiyasının oyanışını, yeni, tamamilə inqilabi tərzin doğuşunu, amansız, amma çox ciddi ədalət carçılarını, qat-qarışıqlıq vasitəsi ilə harmoniyaya can atanları görürük. Bunu görüb əslində biz özümüz də yuxudan oyanmalıyıq. Bu çox ciddi ismarıcdır. Bu o deməkdir ki, artıq bizim arxalandığımız cəmiyyət sistemi özünü doğrultmadığına görə, biz özümüz özümüzü məsul şəxs elan etməli, qərar verməli və kölgədə qalmalıyıq. Arqumentasiyanı bir az da irəli aparsaq görərik ki, biz əslində inqilaba çağırışa şahidlik edirik. 

Gördüyümüz kimi, mən serialın heç də hər aspektinə toxunmadım. Faktiki olaraq təkcə "cəmiyyət onsuz da məhvə doğru gedir..." fəlsəfəsinə olan öz perspektivimi təsvir elədim, çünki bunu elə hey düşünürəm, unuda bilmirəm. Uzun müddət idi ki, sosial-ictimai məsələlərlə əlaqədar hansısa filmdən və ya kitabdan qaynaqlanan belə dərin düşüncələrə dalmamışdım. Təbii səbəblərə görə də serialın müzakirəyə açıq çoxsayılı başqa məqamları da var: ana-oğul arasında olan Fredsayağı münasibətlər, insan alveri və narkotik ticarəti ilə əlaqədar mikrosiyasətlər və maraqların münaqişəsi və s. Hamısı haqda danışmaq çox vaxt aparar, amma çoxşaxəli və çox hiyləgər ekran işi kimi "Too Old to Die Young" xüsusi məhsuldur və yeni nəsil izləyici kütləsini yaratmaq potensialına malikdir. Taxt-tac oyunları irili-xırdalı bütün ekranları işğal edib bizi qəhrəmanlar və yuxarı zümrə əsaslı düşüncəyə dəvət edir, amma həqiqi dəyərli iş kimi "Too Old to Die Young" bizi okeanın dibindəki balaca sakinlərin böyük missiyalarını kiçik miqyaslarda təsvir edir. Əhsən Nikolas Vindiq Refn! Heç vaxt unutmayaq ki, bir insan da dəyişiklik etməyə qadirdir, sadəcə qorxu və təlabatlar tələsindən xilas olmalıdır. 

Comments

  1. Salam bəy.Herbert Spencer ilk prensipler kitabını hardan tapa bilərəm?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi