İqtisadiyyat kitabları #3


Farkas Beata - Models of Capitalism in the European Union: Post-Crisis Perspectives


Professor Beata həm mənim müəllimim olub, həm də hazırda üzvü olduğum  tədqiqat institutunun rəhbəridir. Müəllifi olduğu bu kitab isə Avropadakı kapitalizm modellərini başa düşmək üçün çox gözəl vəsaitdir. Kitabı tamamladıqdan sonra mən tam əmin oldum ki, iqtisadiyyatdakı "kapitalizmin növləri" ədəbiyyatı və araşdırmaları çox böyük əhəmiyyətə malikdir, çünki adıçəkilən istiqamət bizə ölkələri və cəmiyyətləri düzgün və dolğun başa düşməyə kömək edir. Belə kitabların mütaliəsi oxuculara tam fərqli üfüqlər  bəxş edir. İqtisadi təhlillərin adətən ölkə kontekstində olması, ölkələri bir-birindən fərqləndirməyi də qaçılmaz edir. Uzun-uzadı xırdalıqlara varmadan bu kitabı hamıya məsləhət görürəm. İstifadə olunan ədəbiyyatlar və tətbiq edilən metodologiya çox maraqlı və anlaşıqlıdır (əsasən klaster analizi tətbiq olunub və yaxşı vizualizasiya var). Kitabı yüklə (PDF)

Sarvar Gurbanov - Hollanda Hastalığı


Elmi tədqiqatım Holland Sindromu ilə bağlı olduğuna görə, bu kitabı oxumaya bilməzdim. Kitab bizim yerli alimlərimizdən olan Sərvər müəllimin işidir. Bu nəzəriyyəni öyrənmək üçün gözəl başlanğıc hesab oluna bilər. Mütaliə əsnasında şəxsən mən çox şey öyrəndim və kitab bir neçə dəfə təkrar-təkrar müraciət etdiyim mənbələrdən oldu. Lakin Holland Sindromunu daha dəqiq  başa düşmək üçün çoxsayılı elmi məqalələrin mütaliəsi mütləqdir. Kİtabı yüklə (PDF)

Don Ross - Philosophy of Economics


Don Rossun "İqtisadiyyat fəlsəfəsi" kitabı mövzu ilə əlaqədar nə isə öyrənmək üçün heç də əlverişli mənbə deyil. Düzü, mənim iqtisadiyyatın fəlsəfəsi və tarixi ilə əlaqədar mütaliə təcrübəm azdır. Ona görə də yaxşını pisdən ayırmaqla əlaqədar çətinlik çəkə bilərəm, amma bu kitab uzunçuluq və izahatsızlıq epidemiyasından əziyyət çəkir. Kitabın bəzi hissələri çox kobudcasına digər hissələrlə əlaqələndirilib. Kontekst qıtlığı mövzunu başa düşməyə imkan vermir. Özü də belə mövzuda kontekstin yarımçıqlığı paradoksaldır, çünki fəlsəfi və tarixi mövzular həmişə rəngarəng sahələr olub. Bir daha əmin oluruq ki, müəllifdən çox şey asılıdır. İşə ürəyini vermədən başlamaq olar, amma bitirdikdən sonra ortada heç nə olmayacaq. Kitabı Yüklə (epub)


Eoin Young and Lisa Quinn - Writing Effective Public Policy Papers: A Guide for Policy Advisers in CEE

İqtisadi siyasət və dövlət siyasəti ilə əlaqədar işə başlamaq istəyən yoldaşlar üçün
bu kitab əsas mənbədir. Çox anlaşıqlı və addım-addım izahatlarla praktiki dəyəri çox
yüksək kitabdır. Çalışmaq lazımdır ki, kitabı oxuduqca, həm də onu real problemlərlə
əlaqələndirəsən. Belə kitabları roman kimi oxumağın heç bir faydası yoxdur, bunu
unutmamaq lazımdır. Kitabı yüklə (PDF)
Nicola Acocella - Economic Policy in the Age of Globalisation


Olduqca nüfuzlu italyan iqtisadçısı Nikola Akoçellanın bu kitabı dərslikdir. İqtisadi siyasət nəzəriyyəsini və onun necə işlədiyini belə yaxşı izah edən ikinci kitab tanımıram. Əfsuslar olsun ki, ölkəmizdə belə kitabların tərcüməsi ya yoxdur, ya da zəifdir. Bəzi yerli müəlliflərin işləri ilə tanışam. Kitabların adı iqtisadi siyasət olsa da, mündəricatı və kontenti tamamilə başqa mövzuların məcmusudur, ya da sadəcə esselərdir. Bu iqtisad elminin ölkəmizdəki tədrisinin fəlakətli durumunu göstərir. "Qloballaşma dövründə iqtisadi siyasət" kitabı elə fundamental kitabdır ki, o hər bir iqtisadçının stolüstü vəsaiti olmalıdır. Doğrudur, yazılanların çoxusu qısadır, yığcamdır, lakin digər mərhələlər üçün əla başlanğıcdır. Başqa sözlə, əsaslı tədqiqatlar və ya ciddi elmi mütaliə üçün çox ideal mənbədir .Kitabı yüklə (PDF)

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi