Zirvələrdə gizlənmiş depressiya və post-sovet romantikası



İlk dəfə iş yoldaşlarımdan biri Robin Uilyamsın gözlərində gizlənmiş hüzn haqda söhbət edəndə, uşaqlıqdan bu yana heyranlıqla izlədiyim və nümunə götürdüyüm insana başqa gözlə baxmağa başladım. Onun dediyinə diqqət etdim və həqiqətən də elə bir şeyin olduğunun fərqinə vardım. Düzü "çox gülən adamlar, gizlində çox da ağlayarlar" tipli ifadələr çox banal və yeniyetmə təfəkkürünün məhsulu təəssüratını bağışlayıb, amma bəzən doğru da ola bilir. Bu yaxınlarda da, eşidəndə ki, bəs Cim Kerri də dərin depressiyadan təzəcə çıxıb və vaxt olub bütün evini rəsm emalatxanasına çevirib rəsm çəkib, yenə də təəccübümü gizlədə bilmədim (Cim Kerrinin "Rəngə ehtiyacım var idi" qısametrajlı filmi var). Bir digər şəxsdən bunların səbəbini soruşanda, maraqlı cavab eşitdim: elə cavanlıqdan sonra, yaranan boşluğu doldurmaq çətindir. Bir vaxtlar hamının sorğu-sualsız səni qəbul etdiyi, çox sevdiyi, birmənalı olaraq hər şeyin ən yaxşısı təklif olunanda, həyat çox fərqli, uğurlu, içdən isidən bir ideya kimi gəlirdi adama. İndi isə tək qalmışlıq və rəqabətdə geriləmək məşhurluğu azaldıb, insanı individual səviyyədə sakit gərginlik və özünütənqid altında saxlamağa başlayır. "Çox gülən adamlar, gizlində çox da ağlarlar". Bəlkə də bu Cim Kerri üçün aktual ola bilər, amma Robin Uilyamsın gözləri həmişə qüssədən xəbər verib. Hətta cavanlığında da...
Nəyəsə nail olmaq üçün özünü yaradanda, ya gərək yaratdığından azad olasan və beləcə də həqiqi mənada öz kimliyinə görə sevilib sevilməmək üçün bəxtini sınayasan, ya da öz həqiqi kimliyini öldürəsən - Cim Kerri. 

Aktyorlar bizim həyatımızda mühüm rol oynayırlar. Yeknəsək və darıxdırıcı gündəlik həyatımızı unutmaq onlarsız müşkül olardı. Xüsusilə də, uşaqlıqdan bu yana dəfələrlə və dəfələrlə izlədiyin insanlar haqda nə isə eşidəndə ona biganə qalmırsan. Burada "dəfələrlə və dəfələrlə" ifadəsi açar sözdür. Uşaqlığı Azərbaycanda keçən adam 90-cı illərin böhranlı şəraitinə ayaq uydurub hansısa bir filmi televiziyada çox tez-tez görməsi adi bir şey idi. Telekanallar belə bir əbədi döngü yaradıb həm məsuliyyətlərini xəfiflədirdilər, həm də ölkəyə yenicə ayaq açmış "aşağı xərclə maksimal gəlir" ideologiyasını məşq edirdilər. Belə olan halda da biz adi vətəndaşların gözü və qulağı eyni adamlara öyrəşirdi. Eyni adamlar ya yerli "şoumen"-lər, komediya ustaları, ya da dediyim kimi Hollivud aktyorları olurdu. Təbii ki, mən Afaq Bəşirqızının, Telman Adıgözəlovun, Yaşar Nurinin, Arif Quliyevin, Yaşar Namiq Kamalın və sairə kimilərinin yerini və ölkə insanı üçün əhəmiyyətini danmıram. Sadəcə, bilirsiniz, onlar yerlidirlər. Yaxından gəlmişdilər, elə yaxına da getdilər və ya gec-tez gedəcəklər. Bəxtin olardı, küçədə, meydanda, konsertdə və ya hansısa ictimai tədbirdə onları görərdin, olmazdı da, televiziyada pis oturmamışdılar ki? Amma Azərbaycan insanı üçün həmişə uzaqdan gələn adam şirin olur. Qonaqpərvər xalqıq. Bax ona görə də mənə Robin Uilyamsın və ya Cim Kerrinin yeri tamam ayrı görsənir. Təbii ki, burada mənim dünya görüşüm, dil biliklərim, vərdişlərim və daimi maraq dairəm kimi amillər də mühüm rol oynayır, amma yenə də dediyim kimi, uzaq adamın şirinliyi çox olar.  Üstəgəl, bu aktyorlar böyük qlobal incəsənətin gözünə dimdik baxmağa müvəffəq olmuş insanlardırlar. 
Bir də gördüm ki, Nyu-Yorkda çox qaramat bir qış fəslidir. Bu məni depressiyaya saldı. Düşündüm ki, rəngə ehtiyacım var. Cim Kerri
Haşiyə açıb deyim ki, aktyorlar və məşhurların depressiyası ilə əlaqədar iki böyük kateqoriya müəyyənləşdirmək olar: həqiqi və süni. Həqiqini başa düşmək çətin deyil, amma bəs niyə süni? Kim yalandan və ya boş səbəbə depressiyada olduğunu iddia edə bilər? Bilirsiniz, məsələ milyonların sevimlilərindən gedəndə, həmin bu sevimlilər zaman-zaman ən müxtəlif mövzulardan istifadə edərək diqqət və qayğı mərkəzinə yenidən dönürlər. Depressiya kimi çox ciddi və riskli məsələ də onlardan birinə çevrilir. Ona görə də mən yazını məhz Robin Uilyams və Cim Kerri ilə başladım. Onların əhvalatları gerçək, qaplaşdıqları nəticələr də realdır. Yoxsa ki axtarış sistemlərində müvafiq açar sözləri yazanda, Kristen Stüartın 15-20 yaş arasındakı "narahatlıq"ları, Keti Perrinin pis əhval-ruhiyyəyə musiqi bəstələməsi, Şahzadə Harinin anasını itirməsi nəticəsindəki hüzn və ya Elli Qouldinqin balışa qərq oluşu tipli kontentlərlə qarşılaşmaq mümkündür [3]. Bir şeyi nəzərə almaq lazımdır ki, bütün bunları depressiya kimi qəbul etmək bəzən kifayət qədər yanıldıcı ola bilər. Hər pis əhval-ruhiyyəyə depressiya demək düzgün deyil. Belə informasiyalar qeyd etdiyim kimi müəyyən mənafeyə xidmət edən, məşhurluq balansını tarazlayan və eqoya hesablanan tədbirlər ölçüsüdür. Yox, mən demirəm və demək də istəmirəm ki, bütün məşhurlar yalan danışır. Məsələn, gəlin görək Qlen Qruzde nə deyib: məni üstələyəcək inersiyanın fərqinə vardım. Çox yaxşı təsvirdir. Deyim ki, bunu həqiqətən də hiss etməmiş adam belə təsviri etməkdə çətinlik çəkərdi. Əzbərlənmiş məlumatlar adamı yarı yolda qoyur, amma real təcrübə həmişə arxa-dayaqdır. 70 yaşı olan Hollivud əfsanəsi "kiçik kömək" vasitəsi ilə, başqa sözlə, dərman preparatlarından istifadə edir. Ən əsası isə, aktrisa 2010-cu ildə "Bring Change 2 Mind" adlı təşkilatın əsasını qoyub. Belə liklə də özü bilavasitə əqli xəstəliklərdən əziyyət çəkən insanlara biganə qalmayıb. Daha çox depressiya və bipolyar pozğunluqdan əziyyət çəkən insanların maarifləndirilməsinə istiqamətlənmiş iş, sosial məsuliyyət baxımından diqqəti çox cəlb edir və məşhur bir aktrisanın depressiya ilə həm öz daxilində, həm də cəmiyyətdəki mübarizəsini əla bir nümunəyə çevirir [4]. 

Uşaq olanda günün yarısını qonaq otağında camaat üçün aktyorluq edirdim, digər yarısını da öz otağımda şeir yazaraq, rəsm çəkərək keçirirdim. Mən elə birisi deyildim ki, cəza kimi "get otağına" deyəsən, çünki mənə görə otağım cənnət idi. Mənim izolyasiyam mənə xoş idi. Cim Kerri
Ümumiyyətlə depressiya nədir? Hər şeyi belə ümumi sual ilə başlamaq və ya ona giriş etmək heç də rahat metodologiya deyil. Əslində isə, mənə görə, depressiyanın rezonansı adi vətəndaşlarda da, məşhurlarda da eynidir. Sadəcə olaraq adi insanlar öz səslərini çox yaxın dostlarına və qohumlarına eşitdirib dəstək ala bilirlərsə, məşhurların bu imkanları, sanki daha azdır. Bizim gözləntimiz, yəni xoşbət olmaq ideyası azmı çağırışlara məruz qalıb? Azmı keçmişdə etdiklərimizlə indiki anın münasibətləri arasında böyük uçurum əmələ gəlib? Cəmiyyətin adi insanlara etdiyi təzyiqlər inanılmaz dərəcədə artıb. Keşkə nə qədər iztirab çəkəcəyimizin müddətini öncədən dəqiqliklə bilə bilsək. Belə olan halda davranışlarımızı həmin zaman aralığına görə tənzimləyə bilər, dözüm qazana bilər və ən əsası da intihar və ya özünəzərər kimi şokedici əməllərdən qoruna bilərdik. Amma belə deyil. Həmin o müəzzəm qeyri-müəyyənlik bizi öz altında əzir, ümid adlı mental əzələmizin liflərini sındırır. Bu bilginin fonunda öz sevimli aktyorlarım haqqında düşünəndə, onların depressiya tərəfindən necə də dəhşətli terrora məruz qaldıqlarını görəndə, kifayət qədər qüssələnirəm.
İnsanlar orijinal olmaq üçün çətinliklərlə də üzləşirlər. Bilirsən, onların motivasiyaları da var. Onların motivasiyaları da var. Cim Kerri
Əsasən populyar mədəniyyəti əhatə edən qısa metrajlı video-kontentləri ilə məşhur "The Richest" Youtube kanalının [1] hazırladığı bir videoda, dərin depressiya və ya bipolyar pozğunluqdan əziyyət çəkən bir neçə məşhurun adı çəkilir. Onların arasında diqqətimi çəkən bir başqa yaxşı tanışımız, Harison Ford olur. Tropik cəngəlliklərdə min-bir tələ və vəhşi aborigenlərlə qan-tər içində mübarizə aparıb qədim sivilizasiyaların mirasını dünyaya car çəkən "İndiana Cons"-un depressiyaya düşməyi təəssüfvericidir. Ya da həmişə çıxış yolunu bilən Han Solonun depressiya ilə mübarizədə nə etməyi bilməməsi, istər-istəməz təsəvvürümdəki idealı dağıtdı. Lakin sonradan həm də öyrəndim ki, Fordun depressiyası yuxarıdakı nümunələrdən fərqli olaraq erkən gənclik illərinə təsadüf edib. Demə o, orta məktəb təhsili alarkən digər şagirdlərlə yola getmirmiş. Özündən böyüklər onu ələ salar, lağlağı edərmişlər. Elə də olub ki, 3 gün yataqdan çıxmırmış, amma bir müddət sonra özünə gəlib, təhər-tövrünü düzəldib əzgin-əzgin sinif otağına gedirmiş. Buna baxmayaraq aktyorluğu bir çıxış yolu kimi tapa bilir və ən aşağı səviyyələrdən başlayıb zirvələrə çatır. Beləcə də depressiya ilə qarşılaşmadan üzüağ çıxır. Həm özünü bizə qazandırır, həm də bizi özünə. [2]

Ürək sevgidə olanda gözləmədən uçub gedirsən, amma həmin sevgini itirəndən sonra atmosferə yenidən qayıtmalı olursan. Bu da kifayət qədər ağır ola bilər. Cim Kerri
Başqa bir diqqət cəlb edən ad isə Cek Nikolsondur. Əminəm ki, ən azı, ən azı 1975-ci ildə çəkilmiş "Ququ quşu yuvasının üzərindən uçarkən" filmi ilə onu tanımısınız. Yaxud da "Parıltı" filmindəki qapını baltalamaq səhnəsi gözünüzün önündən getmir. 20-ci əsrin ən yaxşı aktyoru adına layiq olan Cek Nikolson təkcə öz möhtəşəm aktyorluq performansına görə yox, həm də olduqca gizli və müəmmalı depressiya təcrübəsinə görə də xatırlanmalı olan adlardandır. Belə ki, o, 40 ilə yaxın bir müddət ərzində doğma ata və anasını tanımadan yaşayıb. Bu həqitəti öyrənəndə isə olduqca sarsıntı keçirib, çünki bütün ömrü boyu "böyük bacı" olaraq tanıdığı Cun Nikolson əslində anası, valideyn hesab etdikləri insanlar isə, nənə və babaları idi. Özü də, bu həqiqəti aktyor Nyu-York Taymsdan, bütün ABŞ biləndən sonra bilir. Cek Nikolsonun belə bir situsiyadan sonra ağır depressiya keçirdiyi bildirilir, lakin əldə ciddi dəlillər və faktlar yoxdur, ona görə də məsələnin dərinliyinə getmək qeyri-mümkündür. Buna baxmayaraq, onun sonrakı karyera pillələri və cəmiyyətdəki rolu kifayət qədər normal axar ilə davam edir. Ümumilikdə isə, Cek Nikolsonun nümunəsi depressiya ilə üzləşən və ona qalib gələn birisi kimi maraqlı mənzərə ortaya qoyur. [5]

Bax belə aktyorları biz 90-cı illərdən, post-sovet dövründən tanıyırıq. Onlara öyrəşmişik, doğmalaşmışıq. Necəsə aramızda Blutuza bənzər əlaqə yaranıb. Onların depressiyada olduğunu öyrənəndə, yaxud da intihar etdiyini eşidəndə həmin o 90-cı illərin post-sovet romantikası bizi kədərlənməyə vadar edir. Sanki adamın içində də bir kiçik boşluq yaranır. Bu insanlar öz cavanlıqlarında böyük-böyük izlər qoyub getmiş insanlar olduğuna görə, onları itirmək bu və ya başqa formada, bizə baha başa gəlir. Çünki həmin şəxslər vaxtilə bizə uzunmüddətli ideoloji əsarətin qaçılmaz nəticəsi olan mədəni buxovlardan azad etmiş insanlar idilər. Adını çəkmədiyim hələ neçə-neçə aktyorlar öz cəsarətli rolları ilə bizə SSRİ dövrünün gizlətdiyi sərbəst, düşündürücü və maraqlı səhnələrə dayanan filmlərin mümkünlüyünü sübut etdilər. İndi də romantikanı rəqabət və istehlak cəmiyyəti əvəzləyib. İstehlak cəmiyyətinin yaratdığı reallıq ilə, uşaqlığımızın post-sovet romantikası bir yerə sığışmır, maqnitin əks qütbləri kimi bir-birini itələyir, ən azından müəyyən kəsimlər üçün. Səfeh super qəhrəman rollarını ifa edən aktyorlara qarşı isə mən olduqca tərəddüdlü mövqedəyəm. Onlar bir dəfəlik istifadə yararlı olduqlarından bixəbərdirlər. Onların sıraya düzüldükləri vitrin 90-cı illər kimi romantikayaradıcı xüsusiyyətdən məhrumdur. Nə demək olar, bəlkə də bir qədər ifrat sentimentallıq sərgiləyirəm. Aktyordu da, filmə çəkilib pul qazanıb tipli bəsit yanaşma ilə məsələyə yanaşa bilərdim. Amma insanın maraq dairəsi, onun konseptual məkanında hər şeyin öz yeri var və şüurumuzla biz onlara layiq olduqları münasibəti bəsləməliyik. Hər şey göründüyü qədər sadə deyil. Biz sadə deyilik. Bizi təkmilləşdirən isə təcrübələrdir. Həmin təcrübələri bizə ötürməyi çiyinlənmişlər arasına aktyorları daxil etməmək isə haqsızlıqdır. Çünki onlar incəsənətlə fərd arasında körpü rolu oynayırlar. 


İstinadlar
[1] - https://www.youtube.com/watch?v=tGHEIp7wBbw
[2] - https://www.mirror.co.uk/3am/celebrity-news/harrison-ford-profile-star-wars-3682911
[3] - www.harpersbazaar.com
[4] - mashable.com
[5] - www.aif.ru

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi