Amin Sükut - Tuflinlər

Kitabın arxa üzündən: Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir. Əzilərək illərlə yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü–gündən düşmənləri onların sıralarını azaldır... Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb "yerin dibi"ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün "üzə" çıxırlar. Düşmən axtarışı zamanı onlar daha avvəl görmədiyi müəllif tərəfindən heç də təsadüfi seçilməyən –– heyvanlarla qarşılaşırlar. Məhz bu zaman ham əsərin qəhramanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar. Müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial–psixoloji və önəmli mövzulara toxunur. Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb. 

"Tuflinlər" oxucunun yaşından asılı olaraq dəyişən kontekstə malikdir. Əminəm ki, azyaşlı uşaqlar kitabın macəraviliyinə və al-əlvan illüstrasiyalarına qapılıb xəyallar dünyasına qərq olacaq, yetkin insanlar isə hər bir cümlənin arxasındakı real həyat təcrübəsi ilə analogiyalar quracaqlar. Povestin həm mənası, həm də nəticələri oxucu kütləsindən asılı olaraq dəyişə bilər. Əsərin alleqoriya gücü bizə çox şeyi izah etmək iqtidarındadır. Bu səbəbdən də deyim ki, tuflinlər adlı bu çatmaqaş personajların idealizmi, əməlləri və qərarları olduqca maraqlı qiraət təcrübəsi yaşatdı. 

Kitabın tərbiyeəedici xüsusiyyəti, cəsurluğu, qorxmazlığı və əzmkarlığı təbliğ etməsi onun ən əsas müsbəti hesab edilməlidir. Oxuduqca müəllifin birtərəfli deyil, çoxtərəfli yanaşmanı aşılamağa çalışdığını başa düşürdüm. "Qutudan kənar düşünmək" bacarığını obrazlar, hadisələr və ideyalar çərçivəsində çatdırmaq əslində heç də asan missiya deyil, lakin Amin Sükut bunun öhdəsindən lazımınca gəlib. Bilinir ki, əsaslanılmış qayələr müəyyən fəlsəfi yanaşmanın, həyat təcrübəsinin və idealların nəticəsidir. Bütün bu sadalananları uşaq dilinə tərcümə etmək, onların psixologiyasına uyğunlaşdırmaq olduqca mürəkkəb məsələdir. İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə yazılmış və yazılan uşaq bədii ədəbiyyatı nümunələri haqqında məlumat toplayanda və ya onları mütaliə edəndə həmişə özümə sual vermişəm ki, görəsən müəlliflər necə olur ki, öz yetkinliklərini, "böyük"lüklərini bir kənara qoyub uşaqların dili ilə danışmağa başlayırlar. Bu öhdəsindən gəlinəcək çox çətin tapşırıqdır. Digər tərəfdən də çox şadam ki, Amin Sükutun timsalında artıq yerli müstəvidə cəmiyyətimiz uşaqlara xitab edən bədii əsər istehsal etməyə davam edir. Yoxsa bədii ədəbiyyatda sadəcə dedektiv, romantika və ya pessimist psevdofəlsəfi müasir mikrocərəyanlar vasitəsi ilə taməhatəli ictimai tərbiyəni və maariflənməni təmin etmək mümkün deyil. 

Povestin müsbətlərinə dair digər məsələ onun çox maraqlı və özünəməxsus illüstrasiyalarla zəngin olmasıdır. Mən özüm illüstrasiyaları çox sevirəm. Onlar səmimi və orijinal olanda isə bu sevgi birə-beş artır. Həm də nəzərə almaq lazımdır ki, azyaşlı oxucuların təxəyyül qabiliyyətini inkişaf etdirmək, onlara xəyallar aləminə qərq olmağa yardımçı olmaq üçün belə detallar çox vacibdir. Elə öz uşaqlığımızı yadımıza salanda, şəkilli kitabları necə acgözlüklə oxuduğumu xatırlayıram. İndi də şəkilli kitabların yeri ayrıdır. 

"Tuflinlər"in yuxarıda qeyd olunan müsbətləri ilə birlikdə həm də mənfiləri var. Bu resenziyanın obyektivliyini qorumaq məqsədilə onlara da qısaca toxunmaq lazımdır. Bu mənfilər əsasən süjet aspekti ilə əlaqləndirilə bilər. Fikrimi aydınlaşdırmaq məqsədilə yaradıcı yazıçılığın ən əsas prinsipini xatırlatmağı özümə borc bilirəm: süjet quruculuğunda yazıçı hər yeni cümləni yazarkən şüuraltı olaraq özünə sual verməlidir ki, indicə yazdığım bu yeni cümlə öncəkinin davamı və gücləndirilməsidirmi? Yəni, bu prinsip ardıcıllıq və təhriketməni təmin edir. Belə olanda isə əsər qat-qat daha artıq maraqlı və axıcı olur. "Tuflin"lərdə bu prinsip ilk səhifələrdə təmin olunsa da, kitabın ortalarından etibarən mərkəzdənqaçmaq meyilləri yaranmağa başladı. Əsas məqsədə xidmət etməyən, əsasən tənqidi və şərhverici xüsusiyyətə malik cümlələrin qədərindən çox yer alması müəyyən qədər məni darıxdırırdı. Bəlkə də bu məqam azyaşlı uşaqlar üçün bir o qədər də diqqətyayındırıcı xarakter daşımır, amma yetkin yaşlı auditoriya belə şeylərə qarşı həssasdır. Mən də istisna təşkil etmədim. Süjetlə əlaqədar ikinci məsələ isə povestin özünün quraşdırıldığı karkası göstərmək olar. Burada həm də bir qədər dilemma yaranır. Uşaq ədəbiyyatının macərayameyillilik əmsalı yüksək olduğundan adətən yazıçılar sınanmış və klassik formatlara meyl edirlər. Amin Sükut da mərhələli macəranı tətbiq edib. Ortada konkret sabit əsas personajlar, onların qarşısında isə tez-tez dəyişən, bəzən qanunauyğun, bəzənsə də xaotik prinsiplər çərçivəsində peyda olan digər obrazlar və səhnələr var. Bu məqam artıq fərdin bədii zövqündə və vərdişlərindən asılı olaraq dəyişəcək. "Dəfinələr ada"sının formatını daha çox bəyənirəm. Yazıçı elə ilk səhifələrdə bütün obrazları təqdim edir və daha sonra süjetin dinamikasını onların əsasında qurub-quraşdırır. Digər məqam isə "oxucu durbin"i ilə əlaqədardır. Gəlin təsəvvürümüzdə canlandıraq ki, oxucu kitabı oxumağa başlayarkən cibindən bir dənə durbin çıxarır və gözünə tutur. Yazıçı da həmin durbini istiqamətləndirən qüvvə olsun. "Tuflinlər"i mütaliə edərkən mən öz durbinimin 2-3 dəfə diametral dərəcədə fərqli nöqtələrə fokuslandığını görürdüm. Ən əsası isə, bu nöqtələr arasında heç bir məntiqi əlaqə yox idi. Başqa sözlə, yazıçı "bolc" adlı zərərverici obrazların ovuna çıxsa da, sonradan "insan" adlı canlıların xarakteristik-fəlsəfi təhlillərinə meyillənib və beləliklə də iki dixotomiya yaradıb. Hər iki istiqamət hər nə qədər tərbiyəedici və maraqlı olsa da, yetkin insanlar məsələləri və süjeti daha dəqiq şərh etməyə çalışacaqlarına görə, belə məqamlarda bir qədər narahatlıq yaranır. 

Mütaliə əsnasında bəyənmədiyim bir məsələni də qeyd edib povestin mənfiləri ilə əlaqədar hissəni yekunlaşdırmaq istərdim. Amin Sükut vaxtaşırı olaraq "Tuflinlər"də yazı formalarının təkrarına yol verirdi. Məsələn, "X, Y, Z" tipli şərti bədii ardıcıllığı ya bir səhnə daxilində, ya da ayrı-ayrı səhnələrə eyni formada tətbiq edirdi. Bir daha demək istərdim ki, bu bəlkə də uşaq gözü ilə baxanda ciddi nöqsan deyil, amma müqayisə edəsi olsaq, Qrim Qardaşları, Hans Anderson və Hofman kimi nağıl müəlliflərinin dəst-xəttindən belə şeylərə çox rast gəlməmişəm (Özüm bədii müqayisələrə qarşı olsam da, istər-istəməz insan beyni müqayisəyə əsasən fəaliyyət göstərir. Ona görə bu bənd yerinə düşməsə də, üzrlü hesab edəsiniz). 

Hər bir halda, "Tuflinlər" son dövlərdə ölkəmizdə işıq üzü görən çox yaxşı uşaq bədii ədəbiyyatı nümunəsi hesab edilməlidir. Arzu edirəm ki, Azərbaycanın müasir uşaq bədii ədəbiyyatı gələcəkdə daha da parlaq nümunələrə sahib olsun və Amin Sükut bəy dünyaya səs salacaq qlobal səviyyəli işlərə müəlliflik etsin. Ona yaradıcıllığında uğurlar arzu edir və hədiyyəsinə görə dərin minnətdarlığımı bildirirəm. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi