The Grey

The Grey - Təyyarə qəzasından sonra sağ qalan heyət, amansız canavarlarla ölüm-dirim mübarizəsi aparmalı olur. Ümidlərini itirməyərək naməlum istiqamətə hərəkət etsələr də, qəddar canavarların ovlanma ərazisində sağ qalmaq heç də asan iş deyil. Olduqca güclü düşmənin əhatəsində qorxuya məğlub olmamaq iradə üçün əsl imtahandır. Bu iradə imtahanında təbiətin hansı övladı - insanlar, yoxsa canavarlar qalib gələcək?

Bu yaxınlarda olduqca yüksək dərəcədə hörmət etdiyim Laym Nelsonun baş rolda olduğu "The Grey" filmini izlədim. Filmin çatışmayan cəhətlərinə baxmayaraq özümdə həyəcan, qorxu və marağın bir-birini necə əvəz etidiyinin fərqinə vardım. Əgər film məndə belə emosional növbələşməi təmin edə bilirsə, mənim tələbkar imtahanımdan çıxmış sayılır. Xüsusilə baş rol aktyoru olan Laym Nelsonun obrazı möhtəşəm dərəcədə canlandırması filmi özünəməxsus edib. 

Keçmişi ilə barışa bilməyən Ottouey gələcəyi haqda heç bir aydın təsəvvürə malik deyil. Həyatında baş verən faciələrin ağırlığına tab gətirə bilmədiyinə görə hətta intihar fikrinə belə qapılır. Keçmişinin ağırlığının səbəbi sevdiyi qadının vaxtsız onu tərk etməsidir. Hər şey normal məntiqi ardıcıllıqla düzülsə də, təyyarə qəzasından sonra baş verən hadisələr olduqca həyəcanvericidir. Ottoueyin də qeyd etdiyi kimi, sağ qalan heyət canavarların ovlanma radiusuna tuş gəldiklərindən işləri həqiqətən də əsl müşkülə çevrilir. Vəhşi təbiətin qoynunda zəif iradəli və şəxsiyyətli insanlar bir-bir bu mübarizədən kənarlaşdırılır. Ən sona qalan Ottouey isə, canavar sürüsünün başçıs - alfa erkəklə döyüşməli olur. Döyüşün nəticələri naməlum qalır. Bu öz növbəsində alfa erkəklərin döyüşü kimi də qiymətləndirilə bilər. 

Film müddətində baş obrazın keçmiş həyatı ilə əlaqədar məhdud məlumatlar alırıq. Sevdiyi qadınla əlaqədar hər hansısa daha dərin bilgilər yoxdur. Ottouey heç bir halda öz emosional fonunu açmır. Qəzadan sonra belə sağ qalan heyətlə qaynayıb qarışmır. Yaşamaq uğrunda mübarizədə özünümüdafiə instikti prinsipinə əsaslanır. Rejissor səhvsiz işləyib. Açıq-aşkar görünür ki, əgər filmdə müəyyən məqamlar fərqli olsa idi, analoji döyüş filmlərindən fərqlənməyən ekran əsəri ilə qarşı-qarşıya olacaqdıq və izləyici unikallıq görməkdən məhrum olacaqdı. 

Canavar sürüsünün başçısı - alfa erkəyin kompüter qrafikası ilə yaradılması məni bir az məyus etsə də, başqa real variantın mümkün olmadığını da başa düşdüm. Laym Nelson obrazın emosional fonunu və psixoloji çalarlarını ideal çatdırmağa müvəffəq olub. Aktyorun çox filmini izləməsəm də, "Şindlerin siyahısı" filmindən sonra mükəmməl aktyorluq bacarıqlarını qəbul etmişdim. 

Filmi baş obrazın özünüdərk hekayəsi kimi qəbul edə bilərik. Çox maraqlıdır ki, bəzən ilahi qüvvə bizə dərs verməkdə israrlı olur. Ottoueyin qadınının vaxtsız gedişindən sonra yaranan həyat qorxusu, obyektiv reallıq olan vəhşi və buzlu təbiətdə canavarların timsalında material formada üzə çıxır ki, Ottouey onları dəf edib zədələnmiş ruhunu sağalda bilsin. Filmin sonunda qəhrəmanımız atası ilə əlaqədar xatirələrinin və yoldaşlarının ölümü sayəsində öz həyat yolunu dərk edir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi