Upstream Color - Примесь

Filmi izləməyimin maraqlı məqamları var. Mən hələ film təzə çıxanda izləmək qərarını versəm də, ilk dəqiqələrini izləyib iyrənmiş və izləməkdən imtina etmişdim. Çox qəribədir ki, bu yaxınlarda film haqqında düşündüm və anidən özümü bu filmi izləməyə hazır hiss etdim. Əvvəllər iyrəndiyim epizodları rahat seyr etdim. Əlbəttə mən 1 il bundan öncəki insan deyiləm. Dəyişmişəm və bu fakt özü bunu sübut edir. Beləliklə özlərini həyat adlanan yuxunun içində itirən qadın və kişinin yaxınlaşmasından bəhs edən filmlə qarşı-qarşıyayıq. İlk dəiqəqələrdən başa düşmək olur ki, film hamı üçün deyil və əgər diqqətsizlik etsən filmi başa düşmək olmayacaq.
     Film qəddar fırıldaqçılıqdan realistik-ideal sevgiyə, daha sonra isə mümkünsüz kimi görsənən bir nəfərin arxasınca dedektiv təqibinə çevrilir. Filmi izlədikcə başa düşdüklərimizi verbal dillə çatdırmaq çətindir. Obrazların daxili dünyalarındakı böhranların həllini din və ya metafiziki fəzaya daxil olmaqla həllini göstərən kitablar və filmlər yəqin ki çoxdur, amma bu film insanı biokimyəvi aspektdən təhlil edir ki, razılaşarsız ki, bu olduqca fərqli, maraqlı və çətindir.
Süjet xəttinə qısaca baxsaq; hansısa “alim” xüsusi növ parazitlərdən istifadə etməklə insanın sinir sisteminə təsir etməyi kəşf edir və güclü narkotik maddə hazırlayır. Bir nəfər quldur da bundan istifadə edərək bir qadını hipnoz altına salaraq manqurtlaşdırır, onu maddi və mənəvi istismar edir. Daha sonra qadın maraqlı üsulla bir fermer-alim tərəfindən bu parazitdən - daxilində gəzən qurddan xilas olur və həyatı bir çox digər “xilas olmuşlarla” paralel olaraq davam edir, lakin özünə yer tapa bilmir. Yadlıq, lazımsızlıq və təcrid olunmuşluq onu rahat buraxmır.
Görürük ki, rejissor simvollarla mücərrəd, metafizik anlayışları material dillə bizə başa salmaq istəyir. Bu mənim eşitdiyim ən çətin şeylərdən birisidir. Hansısa qurd-parazitdən yadlığın, mənəvi ağrıların simvolu kimi istifadə etmək gözəl ideyadır. Filmdə müəyyən qədər də tanrının kiçik modeli göstərilmişdir və düzünü deyim ki, fikrimə, fəlsəfəmə çox yaxındır.  
Münasibətlər. Filmi özünəməxsus edən də məhz bu məsələdi. Qarşılıq gözləmədən, nə isə ilahi səviyyədə qadın-kişi münasibətləri haqqında başqa filmlər və kitablar ola bilər, amma bu filmdə ilk dəfə idi ki mən məhz belə bir şey gördüm. Zaman və məkana tabe olmayan universal əlaqə.

Beləliklə “Upstream Color” fərqli, sözün həqiqi mənasında fərqli ekran əsəridir. Mənim üçün yeni düşüncə üfüqü açan hər bir kitaba, hər bir filmə, hər bir insana öz dərin və səmimi minnətdarlığımı bildirirəm. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi