Haruki Murakami - Leksinqton Kabusları (1-ci hissə) - Харуки Мураками-Призраки Лексингтона
Sevimli yazıçımın Leksinqton kabusları adlı hekayələr toplusundan ilk olaraq aşağıdakı 4 hekayəni oxudum:
Toni Takiya (Тони Такия) - Toni Takiya ad və soyadı ilə adlandırılmış hekayə haqqında məlumatım
var idi. Oxuyanlar fərqli bir bədii ədəbiyyat nümunəsi olduğunu deyirdilər, təəssüratlar
zəngin idi. Əsər eyni zamanda ekranlaşdırılmışdır. Hekayənin adını tam uğurlu
hesab etməsəm də, məğzi Murakamiyə xas olaraq özünəməxsusdur. Hekayə gənc cütlük haqqındadır. Toni və onun
həyat yoldaşı. Toninin həyat yoldaşı super-ifrat şoppinq həvəskarıdır. Bunun nəticəsi
olaraq evində yüzlərlə insana bəs edəcək geyim vardır. Lakin gənc xanım dünyanı
erkən tərk edir.
İnsan dünyada nələrin əhatəsində olur? Dünyadan gedəndən sonra özündən
sonra hansı izləri qoyur? Bu izlərə görə insanı dəyərləndirmək olarmı? Ehtiras
nədir? İz yaratmada ehtirasın rolu böyükdür. Bu rolu bu hekayədə görmək olar.
Əgər hekayəni bir neçə cümlə ilə ifadə etməli olsaq belə olar: həyatmızı
dolduran əşyalar və onların bizim üçün əhəmiyyəti, bizim sadəlövhcəsinə
etdiyimiz daxili boşluğu əşyalarla və əks cinslə doldurqmaq istəyi kənardan necə
görsənməsi. Bilmirəm doğru başa düşürəm yoxsa yox, amma hekayə əşya-insan
münasibətinə gözəl işıq salır.
Toni həyat yoldaşını onun paltarları vasitəsi ilə diriltmək istəsə də,
alınmır. İnsanı insan edən onun istiliyidir, əşyaları deyil.
Yaşıl bədheybət (Зеленый зверь)- Yəqin ki bədheybət və gözəlçənin cizgi filmini və ya nağılını
oxumusunuz. Bu hekayə də onun aranjemanına bənzəyir, lakin burada gözəlçənin
yerinə qəlbsiz, eqoist bir qadın var. Yerin altından çıxan yaşıl bədheybət öz
niyyəti haqqında qadına xəbər verdikdə qadın ona inanılmaz zərərlər verir.
Maraqlı da burasıdır ki, verilən əzablar fiziki deyil tamamilə mənəvidir (əgər
bunu belə adlandırmaq mümkündürsə). Bədheybət qadının təsəvvürlərini, düşündüklərini
rahatlıqla görə bilir və ondan təsirlənir. Yazıçı olduqca maraqlı ifadə tərzi
seçmişdir. Ortaya yenə də suallar çıxır: Niyə və nə səbəbə? Niyə insanlar daxili gözəlliyə inanmır və qəbul
etmirlər. Belə başa düşürəm ki, insanlar özlərini kor etmək üçün əllərindən gələni
edirlər.
Maraqlı bir nüansa diqqət yetirək: bədheybətin qarşısındakı insan ona
qarşı aqressiv olduqca, bədheybət rəngini dəyişirdi. Məgər insan da belə
deyilmi? İnsanın da rəngi onun hissləridir və bu dəyişkən bir şeydir.
Beləliklə, dünyaca məşhur yapon proza ustadı tərəfindən bizə təqdim
edilən bu məişət fantasikası məndə dərin təəssüratlar yaratdı. Həcmcə çox qısa
olmağına baxmayaraq (burada ovuciçi böyüklükdə hekayələr müəllifi Yasunari
Kavabatanı xatırlamaq pis olmazdı) oxucunu uzun müddət düşündürə biləcək, bəzi
şeyləri xatırlada və təkrar nəzərdən keçirməyə vadar edəcək dəyərli hekayə. Son
olaraq, gecənin bir yarısında, düşüncələrinizi oxumağı bacaran yerin altından
çıxan yaşıl bədheybət evinizə soxulsa, bu çıxılmaz vəziyyətə nə edərdiniz?
Kor söyüd və yatmış qız (Слепая ива и спящая девушка) – Hekayədə tam olaraq nəyin çatdırılmaq istənildiyini anlamaq çətindir.
Çətinlik çəksəm də, hekayənin baş qəhrəmanı olan, sağ qulağında periyodik
karlıq problemi yaşayan 15 yaşlı oğlan uşağı sentimental oxucuları gözü yaşlı
qoya bilər. Hekayə mif və reallıq, yuxu və reallıq arasında körpüdən bəhs edir.
Hekayəni maraqlı hesab etmirəm. Oxuyarkən fərqli, qeyri-adi və ya yeni nə isə
hiss etmədim. P.S. Hekayənin adı obraz tərəfindən uydurulmuş hekayədir (və ya
mif).
Buz İnsan (Ледяной человек) – Nə qəribə hekayədir. Hekayə (sürreal hekayə) sevgi və sevginin qadir
olduqları haqqındadır. Belə baxanda burada qeyri-adi bir şey yoxdur, amma hekayəni
qeyri-adi edən buz insandır. Buz insan ucaboy, saçlarında əriməmiş qar olan,
almacıq sümükləri sıldırım qayalara bənzər, düşüncələri kütlədən tam fərqlənən,
aurasında qışın soyuğu əbədiyyən mövcud olan, digər xüsusiyyətlər baxımından isə
normal insanlardan fərqlənməyən məxluqdur. Buz insanın bədəni ilə yanaşı
sevgisi də fərqlidir. Buz – nə keçmişdir, nə də gələcək. İndi, burada və
hal-hazırda buzun və sevginin tərifidir.
Yazıçı bu hekayəsi ilə lazımsız, absurd və dəyəri olmayan kütləvi-ictimai
dəyərləri qəbul etməyən, ondan kənarda qalan və ya hətta ona qarşı çıxan
insanların kənarda qalaraq necə yaşadıqlarını, birlikdə yaşadıqları insanları
necə dəyişdirdiklərini metaforik üslubla çatdırmaq istəyib.
Buz insan və ona ərə gedən qadının hissləri. Hekayədən maraqlı seçmələr
etmək olar: 1) Əbədi keçmişin absurd ağırlığı bizim əlimizi ayağımızı bərk-bərk
bağlamışdı, odur ki, çətin ki onun altından çıxa bilək. 2) Hal-hazırda məndə ürək
adlandırdıqları şeydən əsər-əlamət qalmayıb. Hətta, onun istiliyini belə
xatırlaya bilməsəm də, ağlamaq bacarığını yadırğamamışam. Mən dünyanın ən tənha
və soyuq yerində yalnız qalmışam. Mən ağlayanda buz adam məni öpüşlərə qərq
edir. Bu zaman mənim göz yaşlarım buz kristallarına çevrilir. Buz adam buz
kristallarını götürüb dilinin üstünə qoyur və deyir: Bilirsən, mən səni çox
sevirəm və bunu dəqiq bilirəm. 3) Yuxular keçmişin köməyi ilə yaranır, gələcəyin
yox. Yuxular səni yox, sən yuxuları narahat edirsən. Başa düşürsən?
Bu dörd hekayəni qurtum-qurtum beynimə həkk etməyə çalışdım. Yenidən
və yenidən oxunmağa dəyən bu hekayələr Murakami sənətinin incəliklərini
anlamaqda mənə böyük yardımçı oldu. Bu hekayələr onun yaradıcıllığının erkən
illərinə təsadüf edir. Son illərdə daha çox roman yazmağa fokuslanan yazıçının
roman yaradıcıllığı ilə hekayə yaradıcıllığı tam fərqlidir. Yazıçı hekayələrində
əsasən məişət fantastikası, antiutopiya, magik realizm, sürrealizm janrlarına
üstünlük verərək oxucunu yormayaraq onu təəccübləndirir.
Ardı var...
Comments
Post a Comment