Stanislav Lem - Edem - Лем Станислав - Эдем
Fövqəl-şəffaf saflıq. Digər
planetlər belə parlaq deyillər. Yer kürəsi sadəcə mavidir... Yavaş-yavaş Edem
uzaqlaşırdı. “Necə də safdır” – deyə koordinator fikrini ifadə etdi. Bilirsən...ehtimal
nəzəriyyəsinə görə daha da safları var...
“Edem” kosmik gəmidə kainatın sirrlərini çözmək üçün səyahətə çıxmış
kosmonavtların qəzaya uğramasından bəhs edən birinci əsər olmasa da, addımbaaddım
qəribə situasiyalar, problemlər və sualları ilə bizi tupik qarşısında qoyur. “Edem”
sadəcə elmi-kosmik fantastika deyil, o janrının klassikası hesab edilməlidir.
Edem sadəcə hazır məhsulu təqdim etmir, “Edem” fəlsəfədir, bizi düşünməyə vadar
edən yarım fabrikatdır. Stanislav Lem məni öz ölçüyəgəlməz intellekti və
fantaziyası ilə heyran etdi.
Nədir insanı kosmik səyahətlərə bu qədər çox maraq göstərməyə vadar
edən? Məgər bu maraq o maraq deyilmi ki nə vaxtsa Magellanı, Kolumbu, Marko
Polonu, Şirvanini dünyaca məşhur səyyah etdi? İnsan elə bir canlıdır ki, ətrafını
nə qədər çox öyrənirsə bir o qədər öz-özünü böyüdür, allahlıq iddiasına
çalışır. İnsanın düşməni birdir: qeyri-müəyyənlik. İnsan qeyri-müəyyənliyə
müharibə açıb yarandığı gündən. İnsan öyrənir və əbədiyyən də öyrənəcək. Çünki
nə qədər öyrənəcəksə, kainat da bir o qədər yeniliklər yaradacaq. İnsan nə
böyüyüəcək, nə də kiçiləcək...
Əsərin əsas mövzusu kosmik gəmiləri qəzaya uğrayan astronavtların
Edem planetindəki canlılarla kontakda girmək istəmələrindən ibarətdir. Yer kürəsinin
arşını ilə ölçsək, Edemdəki canlılar olduqca “qəribə”-dirlər. Astronavtlar ilk əvvəl
başa düşə bilmirlər ki, bu canlılar şüurludur, yoxsa təkamülün ibtidai mərhələsində
ilişib qalmış varlıqlardır. Bu sual oxucunu kitabı vərəqbəvərəq kosmik səyahətə
həvəsləndirir. Bu sivilizasiyanın nümayəndələrindən birisi ilə ünsiyyətdən
sonra Yerdən gələn “gəlmə”-lərə çox şey aydın olur. Bu cəmiyyətin insan cəmiyyəti
ilə həm oxşar, həm də fərqli cəhətləri var. Oxşar cəhətlərdən – sivilizasiyanın
inkişafının ilkin mərhələlərində hər hansı bir şəxsiyyətin sonra hansısa
qrupun, son zamanlarda da anonim hakimiyyətin olmasını, təcrübə keçirərək sahib
olduqları bədənlərini dəyişdirmək istəklərini göstərmək olar. Gördüyümüz kimi
yazıçı bizə bizim gələcəkdə baş verəcək və indiki dövrdəki problemlərimizi
fantastik proza dili ilə çatdırır.
Romanın əsas ideyasını, insanın digər sivilizasiyaların həyatına
qarışmaq hüququna sahib olmadığını özündə ehtiva edir. Bu ideya ətrafında
romanın qəhrəmanları bir çox fəlsəfi, psixoloji və yeri gələndə də əxlaqi
mühakimələr yürüdürlər ki, bu mühakimələr kifayət qədər maraqlı və dəyərlidir.
Bu səbəbdən kitabda dialoqlar və fərziyyələr boldur. Bu xüsusiyyət müəyyən mənada
yaxşıdır. Sizi deyə bilmərəm, amma mən dialoqlarla zəngin romanları, kitabları sevirəm.
Çünki belə olduqda darıxmağa macal tapmadan, kitabda süjet axtarmadan, kitabın
süjeti ilə, bir növ çay axını ilə üzərək qarşıma çıxan mənzərələrdən həzz
alıram. Əlbəttə kitabdakı dialoqlar mənasız olmamalıdır. Bu əsərdə olduğu kimi
elmi-fantastikaya əsaslanan fərziyyələr, mülahizələr və uzaqgörən təfəkkürün məhsulları
olmalıdır. Belə olduqda oxucu səhifəni çevirdikcə romanı davam etmək üçün
yeni-yeni motivlər, bir növ bəhanələr qazanır. Fantastika sözününü qarşısında
“elm” sözünün olması məhz onun sistemli və qarşılıqlı əlaqədə olan
konsepsiyalar, mülahizələr və əsaslarla zəngin olmasını bildirir.
Romandakı maceraları xəyal etmək həzzvericidir. Romandakı təsvirlər
“söhbət nədən gedir?” sualını bünövrə suala çevirir. Hətta disleksiyası (irihəcmli
əsərləri oxuya bilməmək) olan insanlar da bəlkə də marağa gəlib bu
patologiyadan xilas ola bilərlər. Hər şey mümkündür. Yaxın bir dost belə
demişdi: “İnsan təxəyyülünün məhsulları ya keçmişdə olub, ya da gələcəkdə gerçəkləşəcək”.
Başqa cür ola bilməz. Bu böyük sirr, böyük və universal qanundur. Bundan
istifadə etmək lazımdır.
Beləliklə “Edem” həm orada qəzaya düşən astronavtlar, həm də mənim
üçün unudulmaz bir planet oldu.
P.S. Bilmirəm niyə, amma romandan Sovet ətri gəldi))
P.S.S. Romanın simvolikası üzərində çox dayanmaq olar, bunun üçün
kifayət qədər çox vaxt lazımdır.
Comments
Post a Comment