Uzun müddət Edqar Allan Ponun məşhur hekayələri və irihəcmli əsərləri ilə tanış olmaq istəyirdim. Eləcə də həmişə elə bilmişəm ki, onun hekayələrini oxumaq üçün gərək oxucu nə isə xüsusi əhval-ruhiyyədə, onun əsərlərinin atmosferinə identik ruh halına malik olmalıdır. İstənilən an, istənilən yerdə və zamanda onun əsərlərini oxumaq olmaz. Bu bir növ yazılmamış qanundur. Qəribədir ki, son vaxtlar həyatımda baş verən dəyişikliklər məni məhz Ponun əsərləri üçün zəruri olan əhval-ruhiyyəni təmin etməkdə uğurlu nəticələr əldə etdilər. Ona görə başladım bala-bala onun hekayələrini oxumağa. Hekayələrdən qazandığım təəssüratları və öyrəndiklərimi aşağıda elə oxuduğum ardıcıllıqla sizlərlə də bölüşürəm. Bir şeyi də deyim ki, onun hekayələri haqqında nə isə yazmaq həqiqətən də o qədər də asan bir şey deyil. Təsvir olunanlar elə qəribə, bulanıq və sürreal aləmdə baş verir ki, təsvirlərin özünü başa düşmək belə böyük uğur hesab olunar, qaldı ki mənanı dərk edəsən.