Qiraətçi öz sadəliyi və realistikliyi ilə digər bütün sevgi hekayələrindən fərqlidir. Bizim seçimlərimiz, səhvlərimiz və səthi olaraq başa düşdüyümüz məsələlər haqqında olan bir film. Filmi izləsəz onu rahatlıqla bir neçə hissəyə bölə biləcəksiz. Filmin əsas hissəsi haqqında söz demək çətindir. Çünki bu hissə bəşəriyyətin inkişafa gedən yolunda ağır və ağrılı mövzularındandır. Nəinki mən, ümumiyyətlə böyük əksəriyyət bu mövzuda kimin haqqlı kimin haqsız olduğunu deməyə obyektivliyi çatmaz. Filmin əsas hissəsində sadəcə qlobal mövzunu deyil, eyni zamanda əsərin baş qəhrəmanı Hanna Şmitzin çox güclü şəxsiyyət olduğunu kəşf edirik. Güclü və sirli. Qəddar, qəribə, bədbəxt və tənha. Biz başa düşürük ki, bildiyini demək necə də vacib, necə də tale dəyişdirən, həlledici bir şeydir. Gördüyümüz kimi film bizi düşünməyə vadar edir (filmin ilk dəqiqələrini çıxmaq şərtilə. Bəlkə də çıxmamaq şərtilə).