Tuesday, 28 June 2016

Jan-Pol Sartr - Bağlı qapılar arxasında

Jean-Paul Sartre - No Exit
Жан-Поль Сартр - За закрытыми дверями

Eqzistensializmin ən sanballı nümayəndələrindən olan Jan-Pol Sartrın 1944-cü ildə yazdığı "Bağlı qapılar arxasında" tamaşası ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərdən bəhs edir. İnes, Estell və Qarsen. Onlardan heç biri günahsız deyil. Günahlarını təhlil edərək hər biri digəri üçün şüurda obyekt rolunu oynayır və xüsusi tip cəhənnəm əzabı çəkməyə başlayırlar. 40-cı illərdə ABŞ-da məhşurlaşan əsər qısa müddət ərzində müasir teatr tarixinin fenomeni olaraq da adlandırılmağa başlandı.  

Friday, 24 June 2016

İsa Muğanna - Kollu Koxa

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla qarşılaşacaq, məşhur “Kollu Koxa” povestini oxuya biləcəksiniz. Bununla yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən “Qayım qaya” kimi rəmzləşdirmə modeli, “Elan: İsa Hüseynov özünü axtardı, tapmadı” zarafatının yer aldığı “Yazıq” essesi kimi bir çox maraqlı nümunələr də dərc olunub.

Sunday, 19 June 2016

Manhetten gecəsi - Manhattan night - Манхэттенская ночь


Cazibədar Kerolayn tərəfindən məhşur kino rejissor ərinin qətli ilə əlaqədar araşdırmalara dəvət olunan Porter Vren, özünü təhlükəli, kriminal və müəmmalı hadisələrin mərkəzində tapır. Daha ətraflı aşağıdakı podkastda. 

Saturday, 18 June 2016

Apokalipsis - Apocalypto - Апокалипсис

Güclü sivilizasiyanı kənardan məhv etmək mümkün deyil, o vaxtadək ki, o öz-özünü daxildən məhv etməyə başlasın. - Uill Dyuran. 

"Apokalipsis" ispan müstə-mləkəçilərinin gəlişinə qədərki dövrün Maya sivilizasiyası və qonşu qəbilələrlə olan amansız münasibətlərini əks etdirən möhtəşəm filmdir. Filmdə az inkişaf etmiş qəbilələrə qarşı olan düşmənçilik və aşağılanma, insanları qurbangətirmə ritualları və sirli mistik rituallardan bəhs olunur. 

Wednesday, 15 June 2016

Erik-Emmanuel Şmitt - Bağdadlı Uliss

Éric-Emmanuel Schmitt - Ulysse From Bagdad
Эрик-Эмманюэль Шмитт - Улисс из Багдада

"Bağdadlı Uliss" fransız yazıçısı Erik-Emmanuel Şmittin 2008-ci ildə çap olunan romanıdır. Süjetin mərkəzində müharibə nəticəsində dağılan Bağdaddan qeyri-qanuni yollarla qaçmağa çalışan gənc bir ərəbdir. O, hər vəchlə arzularının şəhəri olan Londona getmək istəyir. Bu gənc ərəbin adı Saaddır. Onun dediyinə görə adının mənası ərəbcə xoşbəxtlik, ingiliscə isə kədər mənasını verir. O, totalitarizm, zorakılıq və özbaşınalıqla aşıb daşan ölkədə yaşaya bilmir. Onun atası, dostları və sevgilisi ABŞ-İraq toqquşmasında həlak olur. Roman hələ sönməyən İraq müharibəsinin alovunu, demokratiyanın ikili standartlarını, miqrantlara və qaçqınlara olan münasibətləri yaxşı işıqlandırır və oxucunu əsas obrazın gözü ilə bütün bu dəhşətləri yaşamağa vadar edir. 

Monday, 13 June 2016

Oliver Saks - Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar

Oliver Sacks - The Man Who Mistook His Wife for a Hat and Other Clinical Tales

İyirminci əsrin ən tanınmış nevroloqlarından biri olan Oliver Saks tərəfindən yazılan "Arvadını papaqla səhv salan kişi və digər kliniki nağıllar" bizə nevroloji xəstəliklərdən əziyyət çəkən insanların dünyasına səyahətə dəvət edir. Müəllif bizə intellektual və əqli xəstəlikləri yaranan insanların problemlərini həm bədii, həm də elmi cəhətdən izah edir: insanların sifətlərini və ümumi əşyaları dərk etməyən, yaddaşını və keçmişinin böyük hissəsini itirən, ətrafları sahibinə yadlaşan və digərlərinin. Oliver Saksın möhtəşəm bədii təhkiyəsi sayəsində, kitabı oxuyub bitirdikdən sonra biz müxtəlif nevroloji problemlərlə mübarizə aparan insanların nələr hiss etdikləri haqda tam və dolğun təsəvvür sahibinə çevrilirik. Kitabın məzəli adı kimi, mündəricatı da olduqca zəngindir. Müxtəlif kiçik və orta həcmli hekayələr bizə nevroloji patologiyalardan əziyyət çəkən insanlarla tanış edir. Kitabı oxuyub bitirdikdən sonra həm təcrübəli və savadlı bir həkimin, həm də bütün bu problemlərdən əziyyət çəkənlərin hansı çətinliklərlə üzləşdiklərini görürük. 

Sunday, 12 June 2016

Albalının tamı - Ta'm e guilass

Filmin təqdimatı elə süjeti kimi sadədir: Orta yaşı İranlı bir yoldaş - Cənab Bədii, onu intihar etdikdən sonra albalı ağacının dibinə dəfn edəcək bir nəfər axtarır. Sürdüyü avtomobilin şüşələrindən insanları sifətlərini oxuyaraq onlara pul müqabilində çətin olmayan "iş" təklif edir. Qarşılaşdığı kürd əsgər, əfqan seminarist və bəzi digərləri ona bu məsələdə köməklik etməkdən imtina edirlər. Sonra azərbaycan türkü olan bir nəfər ona bu yolda kömək etməyə razılıq verir. Abbas Kiarostaminin "Albalının dadı" filmi, sadə, lakin ifrat dərəcədə realistik filmdir. 

Saturday, 11 June 2016

Pencək - The Jacket - Пиджак

İran körfəzi müharibəsi veteranı olan Cek Starks, başından aldığı güllə yarasından sonra müalicə olunaraq vətəni - ABŞ-ın Vermont ştatına geri dönür. Geri dönəndən sonra aldığı yara özünü tez-tez ötəri amneziya formasında biruzə verir. Onu polis əməkdaşının qətlində günahkar bildikdən sonra psixoloji ekspertizaya göndərirlər. Xəstəxanada həkim Bekker, Cekin bədəninə təcrübə xarakterli qadağan olunmuş narkotik maddə tərkibli dərman preparatları yeridir. Ona xüsusi pencək geyindirərək zirzəmidə gizlədirlər. Narkotik maddələrin təsiri altında düşüncələri gələcəyə proeksiyalanan Cek, Ceki adlı bir qızla taleyindən qaçmağa çalışır. 

Tuesday, 7 June 2016

İsa Muğanna - Şəppəli

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsa Muğannanın iki maraqlı əsəri - "Şəppəli" və "Quru budaq" hekayələri təqdim edilib. "Şəppəli"də sovet dövrünün tipik xarakterlərindən biri hesabdar Şəppəlinin və rüşvət üstündə qovulan doxtur Məmmənin başına gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən başlayan konflikt isə "Quruyan budaq"ın əsas mövzusudur. Hər iki hekayə sovet dövrünün qəribə romantikasını ifşa edən xüsusiyyətə malik olub, zamanda səyahət təəssüratı bağışlayır. 

Sunday, 5 June 2016

Ester və Cerri Hiks - Dünyanı dəyişən arzunun enerjisi. Cazibə qanunu



Ester və Cerri Hiksin müəllifləri olduqları bu kitab arzuların və istəklərin gerçəkləşməsi üçün zəruri olan arzulamağın təbiətindən bəhs edərək, cazibə qanunun bir çox incəliklərini əhatə edir. Səsli bloq paylaşımı dinləmək üçün aşağıdakı əlavəni istifadə edin. 

Saturday, 4 June 2016

Qustav Meyrink - Qolem


Gustav Meyrink - The Golem
Густав Майринк - Голем

İlk dəfə 1913-1914-cü illərdə nəşr olunan "Qolem" avstriyalı yazıçı-ekspressionist Qustav Meyrinkin ilk əsəridir. İyirminci əsrin əvvəllərində Praqa qettosunda yarı gerçək yarı yuxu dünyasında baş verən mistik hadisələri nəql edən bu möhtəşəm əsər, müəllifə dünya şöhrəti qazandıraraq, ötən əsrin ən çox satılan kitabları arasında özünə fəxri yer qazanıb. Əsərin "Qolem" adlandırılması, yəhudi bir ravvinin kabbala sehri vasitəsi ilə palçıqdan hazırladığı canlı məxluqa həsr olunub. Qolem əsas obraz kimi bizlə qarşı-qarşıya gəlməsə də, ani olaraq biz onu görür və əsl mahiyyəti haqda təxminlər irəli sürürük. Onu da qeyd etmək maraqlı olardı ki, qolem sözü yarımçıq, xam material mənasını verən "qelem"  (ivr. גלם) sözündən əmələ gəldiri iddia olunur.