Wednesday, 29 July 2015

Ən yaxşı təklif - The Best Offer - Лучшее предложение - La migliore offerta

Verqiliy Oldman qabaqcıl auksiyon evinin icraçı direktorudur. Vaxtaşırı bütün dünyanın gözü qabağında alıcıları və satıcıları çaşdıraraq, yaxın dostu Billi ilə olduqca maraqlı işlərə - fırıldaqlara imza atır. Öz gizli otağında müxtəlif dövrlərin möhtəşəm sənət əsərlərini saxlayan Oldman, günlərin bir günü sirli bir qadının müraciəti nəticəsində böyük maraq hissinə qapılır. Əntiq əşyalarını satmağa çalışan bu qadının evinə gedib gəlməyə başlayandan sonra növbə ilə qədim oyuncağın hissələrini tapmağa başlayır. Deyilənə görə bu oyuncağı hazırlamaq üçün vaxtilə ilahi qüvvələrin köməyinə müraciət olunub. Kiçik hissələri axtararkən bütün mənzərəni görməyən Oldmanı nəhəng sürprizlər gözləyir.

Monday, 13 July 2015

Vladimir Nabokov - Lolita

Лолита - Владимир Набоков

1955-ci ildə ABŞ-da işıq üzü görək "Lolita" əsəri, okeanın hər iki tərəfində Vladimir Nabokovun ən çox səs-küy yaradan və oxunan əsərlərindən birisi oldu. Süjetin mərkəzində olan eqosentrik seksual manyak (?) - Qumbertin gündəliyini oxuyarkən biz, müxtəlif nəticələrə gələ bilərik. Kimlər üçünsə bu əsər zamana, ölümə, xəstəliyə qalib gələn sevgi hekayəsi, kimlər üçünsə də sadəcə xəstə təfəkkürün məhsuludur. Hansı cəbhənin arxasında yer almağınızdan asılı olmayaraq onu demək lazımdır ki, müxtəlif cəmiyyətlərdə oxunan və dəbdən düşməyən "Lolita" ilə tanış olmaq lazımdır. "Bozun əlli çaları" əsəri kimi bu əsəri də oxumaqda əsas məqsədim cəmiyyətin seçim kriteriyaları haqqında müəyyən nəticələrə gəlmək istəyim olub.   

Sunday, 12 July 2015

Hermann Hesse - Knulp

Кнульп Герман - Гессе

"Knulp" bir xəyalpərəstin və əbədi səyyahın hekayəsidir. Knulp köklərə və asılılıqlara malik olmayan, azad ruhlu, hadisələrin nizamsız olduğu dünyada yaşayan birisidir. Ona heç kim lazım deyil, amma kim ki onu görür şad olur. O, nəyi axtarır? Həyatının mənası nədir? Böyük yazıçı "Knulp" əsəri ilə bir daha bizlərə meşşan həyatdan xilas olub ruhi azadlığıa qovuşmağı göstərir. 

Thursday, 2 July 2015

Hermann Hessee - Siddhartha

Bacara biləcəklərim - Mən yaxşı başa düşürəm ki, kitabı oxumayanlar üçün bu kitab haqqında nə yazsam da onun həqiqi mahiyyəti və bizlərə bəxş etdikləri haqqında dolğun təsəvvür yarada bilməyəcəm. Kitabı oxuyanlara yönəlik isə yazmağa ehtiyac yoxdur. Çünki kitab oxunduqdan sonra özü bütün boşluqları doldurur. Buna baxmayaraq, bloqda məhz bu kitab haqda müəyyən qədər əhatəli yazının olmasını çox istəyirəm. 

Yazıçı və əsəri - Hər bir bədii-əsərin üzərinə böyük yük düşür. Bədii-əsərlər linqvistik və aksioloji dəyərlər vasitəsiylə insana, daha sonra onun mədəniyyətinə və cəmiyyətinə təsir göstərirlər. Bu nümunələr daima yetkinləşməkdə olan insanların ontoloji problemlərinə işıq salaraq onlara dəstək verməlidirlər. Bədii-ədəbiyyat nümunələri əslində şüurumuzun var olduğumuz dünyanı verbalizasiyasında böyük əhəmiyyətə malikdirlər. Bütün bu xüsusiyyələr birləşərək əslində oxunan nümunənin ruhunu əmələ gətirir. "Siddhartha" əsərinin deyilənlər çərçivəsində təhlili onun canlılığını sübut edir.